Xəbər verdiyimiz kimi Azərbaycan İslam Partiyasının müsəlmanların on ikinci imamı Həzrət Mehdi (ə.c)-in mövlud günü ilə bağlı keçirilməsi nəzərdə tutulan bayram tədbirinin qarşısı alınıb
nur-az.com - Baş verənlərin 2017-ci ili “İslam Həmrəyliyi” ili elan olunan və hazırda da İslam Oyunlarına ev sahibliyi edən bir məmləkətdə yaşanması olduqca müəmmalı və paradoksal bir hal yaradıb. Yəni özlərini islam himayədarı və islamı dəyərlərin daşıyıcısı kimi göstərənlər, nəyə görə məhz bu dinin öndəri və müqəddəsi olan şəxsin mövludunu keçirməyə icazə vermirlər?
Rövşən Əhmədli: “Özlərini islam himayədarı kimi göstərənlər xalqa milli və dini bayramlarını keçirməyə icazə vermirlər”
Baş verənlərlə bağlı “İslaminSesi”nə açıqlama verən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirdi ki, Azərbaycanda belə halların yaşanması olduqca təəccüblüdür. Hökumətin multukulturalizmdən, İslam Həmrəyliyindən və İslam Oyunlarından danışmaqla paralal belə bir addımlar atmasının təəccüb doğurduğunu söyləyən müsahib, “özlərini islam himayədarı kimi göstərənlər xalqa milli və dini bayramlarını keçirməyə icazə vermirlər. Bu cür davranış və münasibət başa düşülən deyil”, - deyə bildirdi:
“Sanki xalqı hakimiyyətdən narazı salmaqda maraqlı olanlar vardır və ona görə də belə addımlar atırlar. Bütün qadağalara baxmayaraq insanlar bu bayramı qeyd edəcəklər. Çünki bu xalqın inancıdır və həmişə xalqımız bu bayramı böyük məhəbbətlə və şövqlə qeyd edib.”
Akif Nağı: “Özümüzü dünyaya göstərməkdənsə daxildəki problemlərimizi həll etməyimiz daha məqsədə uyğun olar”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə açıqlaması zamanı baş verənləri pislədi və belə bir şəraitdə əməllərlə sözlərin üst-üstə düşmədiyini söylədi:
“”İslam Həmrəylik” ilində və İslam Oyunlarının keçirildiyi bir ərəfədə belə bir tədbirin qarşısının alınması xoşagələn hal deyil. Əgər söhbət İslam həmrəyliyindən gedirsə ilk növbədə İslam dünyasının daxilində vəhdətə və birliyə nail olmalıyıq. Ölkədə keçirilən tədbirlər də buna hesablanmalıdır. Xüsusilə məhbus həyatı yaşayan islamçıların azadlıq məsələsi həllini tapmalıdır. Özümüzü dünyaya göstərməkdənsə daxildəki problemlərimizi həll etməyimiz daha məqsədə uyğun olar.”
Eldəniz Quliyev: “Xalqın milli mənəvi dəyərlərini aşınmaya məruz qoyanların, mənəvi imunitet rolunu oynayan bu tip tədbirləri qadağa etməsi təbiidir”
Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə açıqlaması zamanı baş verənləri təbii bir hal kimi dəyərləndirdi. Eldəniz bəyin sözlərinə görə, xalqın milli mənəvi dəyərlərini aşınmaya məruz qoyanların, mənəvi imunitet rolunu oynayan bu tip tədbirləri qadağa etməsi təbiidir:
“Ümumi mənzərə bundan ibarətdir. Bir tərəfdən aşınmaya məruz qalan mənəvi dəyərlər, digər tərəfdən isə bununla mübariz aparmaq istəyən sağlam və milli qüvvələr. Əxlaqa zidd tədbirlərin keçirilməsinə isə istənilən halda şərait yaradırlar. Baş verənlər utancverici hal kimi dəyərləndirilməlidir. Əslində İslam Həmrəylik ilində bu cür halların baş verməsi paradoksdur.”