Tarix : 2017 May 14
Kod 51679

General məxfi sənədləri “Mercedes”ində niyə gizlədib

Hazırda həbsdə olan MTN generalı Elçin Quliyevin cinayət əməlləri barəsində daha bir maraqlı məqam ortaya çıxıb. Həbsdəki general məxfi sənədləri gizlətməkdə də şübhəli bilinir.
Musavat.com-un əldə etdiyi məlumata görə, bu barədə ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev barəsində açılmış cinayət işi materiallarında yazılır.

Xüsusi xərclər smetasına ayrılmış külli miqdarda pul vəsaitlərini mənimsəmədə, sahibkarlara hədə-qorxu gələrək onların külli miqadarda pulunu ələ keçirməkdə təqsirləndirilən general məxfi sənədləri gizlətməkdə də suçlanır.

Belə ki, general həbs edilmədən öncə ona məxsus “Mercedes Benz GL” markalı 90-TT-757 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.
25 dekabr 2015-ci il tarixdə keçirilmiş baxış zamanı 47 səhifədən ibarət tam məxfi sənədlər qovluğu aşkar edilib.

İstintaq materiallarında bu axtarışla bağlı qeyd edilir ki, Elçin Quliyev 25 noyabr 2015-ci il tarixli əmrlə Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin olunmasına baxmayaraq Antiterror Mərkəzinin icraatında olan qeyd edilən materialı müvafiq qaydada təhvil verməyərək özündə saxlayıb.

İstintaqın gəldiyi nəticə belədir ki, bu cinayət işi üzrə bəzi MTN əməkdaşları da dindirilərkən Elçin Quliyevin bu cür sənədləri gizlətməyə cəhd etməsini təsdiqləyiblər və onun bu və ya digər məxfi materiallar üzrə sənədləşmənin şəxsi maraqlarına uyğun şəkildə sərəncam vermə iqtidarında olduğunu bildiriblər.

Bununla yanaşı, istintaq zamanı həmin materialın məxfi qrifli olmasını nəzərə alaraq Elçin Quliyevin qeyd edilən əməlinə hüquqi qiymət verilməsi məqsədi ilə onun şəxsi avtomobilindən götürülmüş məxfi materiallar Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib. İstintaq materiallarında yazılır ki, hazırda bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

İstintaq orqanın gəldiyi nəticəyə görə, göstərilən səbəbdən Elçin Quliyevin qanunsuz olaraq məxfi materialı özündə saxlaması ilə bağlı əməlləri üzrə istintaq davam etdirilməlidir.

Məxfi sənədlərlə bağlı istintaq materiallarında diqqət çəkən başqa bir məqam da var. İstintaq materiallarından məlum olur ki, ləğv edilmiş nazirliyin Antiterror Mərkəzində “Qütb gecəsi” və “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə sənədləri məhv edilib.

Nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox etibarlı şəxslər barəsində “Qütb gecəsi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb.

Məlum olub ki, 2013 ildə prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən ölkəmizə qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi açılıb.

Lakin 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib. 
O da məlum olub ki, “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3.791.235 manat, 253.500 ABŞ dolları məbləğində vəsait xərclənib.

İlkin Muradov
Musavat.com

  • Yazılıb
  • da (də) 2017 May 14
  • Göndərən مدير سايت Aran News