AİP rəhbərliyi İran İslam Respublikasının Ali dini rəhbəri, Vəliyi- fəqih Seyid Əlu Xamenei Cənablarına, İran xalqına və dünyanın bütün Əhli-Beyt(ə) aşiqlərinə böyük İslam alimi, Ayətullahul-Uzma Sabir Həmədaninin vəfatı ilə bağlı başsağlığı verib
Ayətullah Sabir Həmədani İslam aləmində geniş tanınmış və xidmətləri olmuş böyük bir sülalənin davamçısı idi. O, müqəddəs dinimizin çox hörmətli bilicisi, görkəmli alimi olmaqla müasir dünyamızda İslama qarşı yönəlmiş qeyri-sağlam fikir və düşüncələrin aradan getməsinə, həqiqi İslamın xüsusən bölgə xalqları arasında təşəkkül tapması yolunda fədakar əmək, bilik və bacarıq sərf etmişdir. Açıq fikirli din alimi İran xalqına səadət bəxş edən İslam inqilabının dəyərlərini həmişə yüksək qiymətləndirməklə, həm də bu qələbənin əldə olunmasında az rol oynamamışdır.
Ayətullahul-Uzma Sabir Həmədaninin sovet imperiyasının çöküşündən sonrakı illərdə ölkəmizdə dinimizin təbliği, gənc nəslə İslam elmlərinin aşılanması istiqamətində mühüm əhəmiyyət kəsb edən zəhmət və gərgin əməllərlə böyük hörmət və izzətə layiq olmuşdur.
İslam aləminə və xüsusən də İran xalqına baş verən bu ağır itki- Ayətullahul-Uzma, görkəmli şəxsiyyət Sabir Həmədaninin vəfatı münasibətilə ilk növbədə dünya müsəlmanlarının lideri, Mərceyi-təqlid Seyid Əli Xamenei cənablarına, İran xalqına və bütün Əhli-Beyt(ə) aşiqlərinə və məxsusən alimin ustadlıq məharətindən bəhrələnərək yetişən ruhani nəslinə sonsuz kədər hissimizi bildirir, dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!