Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qarabağ müharibəsi zamanı müharibə köçkünlərinə humanitar yardımlarına görə İran İslam Respublikasına minnətdarlıq edib.
AranNews – Redaksiyamızın “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə istinadla verdiyi məlumata görə Əli Həsənov İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin müavini Həsən Səffarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əsl dostluğun, qardaşlığın çətin və ağır günlərdə özünü açıq büruzə verdiyini vurğulayaraq, Azərbaycanın Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkdiyi dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi və Qızıl Aypara (Hilal Əhmər) Cəmiyyətinin ölkəmizə etdikləri humanitar yardımlara görə təşəkkürünü bildirərək qeyd edib ki, həmin ağır illərdə ilk olaraq İranın Qızıl Aypara Cəmiyyəti Azərbaycana humanitar yardım əlini uzadaraq Biləsuvar, Saatlı və Sabirabad rayonlarında 7 çadır düşərgəsi qurdu və 50 min nəfərədək məcburi köçkün müvəqqəti olaraq bu düşərgələrdə məskunlaşdı. Həmin çətin vaxtlarda Azərbaycanın iqtisadi imkanları çox aşağı səviyyədə idi.
O, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini qeyd edib.
Ölkəmizin Qızıl Aypara Cəmiyyətinin prezidentinin müavini Həsən Səffari görüşdə deyib: “İran İslam Respublikası Azərbaycan Respublikası ilə bütün sahələrdə, o cümlədən humanitar dairədə əməkdaşlıqları genişləndirməyə hazırdır”.
H. Səffari İranın Bakıdakı Qızıl Aypara Cəmiyyətinin klinikasının fəaliyyətini dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və Tehranın təbii hadisələrdə yardım, əlil və xəstələrə kömək və digər sahələrdə təcrübə mübadiləsində Bakı ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Dünyanın 14-ə yaxın ölkəsində İranın Qızıl Aypara Cəmiyyətinin klinikalarının olduğunu qeyd edən Səffari gələcəkdə Azərbaycanda fəaliyyət sahələrinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
İxtisaslı xidmətlərin genişlənməsi, sağlam turizim, yeni anlaşma memorandumunun imzalanması, səhiyyə sahəsində əməkdaşlığın artırılması bu görüşün müzakirə mövzularından olmuşdur.
İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidentinin müavini Həsən Səffarinin rəhbərlik etdiyi nümayəndə heyəti İran və Azərbaycan ölkələri arasında humanitar sahələrdə ikitərəfli əməkdaşlığı araşdırmaq üçün ötən cümə günü Bakıya üç günlük səfər etmişdir.