Tarix : 2017 May 16
Kod 51697

İslam Oyunları: üzü və astarı

Mayın 12-də İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb. Bu oyunlarla yanaşı Bakı başqa bir prosesin – dindarlara qarşı repressiyaların da şahidi olub
meydan tv- Mayın 12-də İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb. Bu oyunlarla yanaşı Bakı başqa bir prosesin – dindarlara qarşı repressiyaların da şahidi olub

 Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenasının yaxınlığında yerləşən Atletlər kəndində Mərakeş, Kamerun, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinin bayraqları dalğalanır. Mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlar bitmək üzrədir. İdman tədbirinə dörd qitədən 57 ölkə qatılacaq. Bu barədə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xəbərləri dərc edən “baku2017.com” saytı yazıb.

İslam Həmrəyliyi Oyunları tarixi baxımdan çox gənc idman tədbiridir və dörd ildən bir keçirilir. İlk İslam Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. İkinci oyunun 2009-cu ildə İranda keçirilməsi nəzərdə tutulsa da, bu, mümkün olmayıb. İranın oyunlarla bağlı hazırladığı loqonun üzərinə “Fars körfəzi” yazması eyni su hövzəsini “Ərəb körfəzi” adlandıran ərəb dövlətlərinin narazılığına səbəb olub. Beləcə, tədbirin İranda keçirilməsi ləğv olunub.

2013-cü ildə isə İndoneziyadan sonra İslam Oyunlarının keçirilməsi İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasının qərarı ilə Azərbaycana həvalə olunub.

Azərbaycan son bir neçə ildə bir-birinin ardınca beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Prezident İlham Əliyev 2015-ci il sentybrın 8-də imzaladığı sərəncamda qeyd edib ki, Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycanın tolerantlıq prinsiplərinə bağlılığını artıracaq, ölkənin idman şöhrətini və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib.

Azərbaycan hökumət İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır. Belə ki, İslam Oyunları ilə bağlı yaradılan təşkilat komitəsinə prezidentin həyat yoldaşı - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir.

Oyunlar və həbslər
Paytaxt Bakı İslam Həmrəyliyi Oyunları ilə paralel daha bir prosesə – inanclı kəsimə qarşı repressiyalara da şahidlik edir. Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-cı ilin noyabrında Nardaranda keçirilən əməliyyat zamanı və sonrakı müddətdə həbs olunan şəxslərin məhkəmə prosesi keçirilir. Nardaran hadisələri zamanı Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə başda olmaqla 70-dək şəxs saxlanılıb.

 Prokurorluq saxlanılan şəxsləri dövlət çevrilişi edərək islam dövləti qurmaq cəhdində ittiham edib. Yanvarın 25-də məhkəməsi gedən 17 nəfərə hökm oxunub. T. Bağırzadəyə 20 il, digərlərinə isə 19-ildən 10-ilədək həbs cəzası verilib. “Nardaran işi-2”, “Nardaran işi-3”adlanan proseslərdə daha 24 nəfərin məhkəməsi davam edir. Onlar əsasən terrorçuluq, qanunsuz silah saxlama və hakimiyyət nümayəndəsinin tələblərinə məhəl qoymamaqda təqsirləndirilirlər.

Qanunsuz silah saxlama maddəsi ilə ittiham olunan dindarlardan biri də Seyfəddin Şirvanovdur. O, Nardaran hadisələrindən iki həftə sonra dekarın 9-da həbs olunub. Qardaşı Camaləddin Şirvanovun dediyinə görə, Seyfəddin Şirvanov İraqın Nəcəf şəhərində dini təhsil alıb, ailəlidir və dörd övladı var.

C.Şirvanov qardaşının saxladığı və ondan sonrakı hadisələrdən danışarkən çətinlik çəkir. Deyir ki, qardaşına “bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ) işgəncə verilib, amma yaşlı valideynləri məhkəmə prosesində iştirak etdiyinə görə, Seyfəddinbu haqda heç nə danışmayıb:

“Ona “bandotdel”də deyiblər ki, yaşadığı evdə silah tapılıb. Sənəddə Seyfəddini guya evə apardıqları, onun öz əli ilə sılahı təhvil verdiyi yazılıb.

Seyfəddin imtina edəndə deyiblər ki, həyat yoldaşı artıq eyni sənədi imzalayıb, əgər o deyilən sənədi imzalamasa, həyat yoldaşına qarşı cinayət işi açılacaq. Seyfəddin məcbur olub sənədi imzalayıb. Sonradan bilib ki, həyat yoldaşı belə bir sənədə imza atmayıb. Onu aldadıblar. Gəlib evi axtarıblar, evdə anamla mən olmuşam, heç nə tapmayıb, çıxıb gediblər”.

C.Şirvanov bildirib ki, təzyiqlər tək qardaşının həbsi ilə bitməyib, onun qohumlarını da işdən çıxarıblar:

“Xalam oğlu, bacımın həyat yoldaşı işdən qovulub. Həmin vaxtdan bəri işin dayandırılması bəhanəsilə mən də işsizəm”.

Nardaranda həbs olunanlar əsasən islamın şiə məzhəbinə mənsubdurlar. Azərbaycan əhalisinin 65 faizini şiələr, 35 faizi sünnilər təşkil edir. 4 faizi isə rus və gürcü ortodoks kilsələri, erməni apostol kilsəsi, yeddinci günün adventistləri, malakanlar, digər xristianlar, yəhudilər, bahailər və heç bir dini qəbul etməyənlər təşkil edir.

Vəkil Fariz Namazlı bildirir ki, onlar məhkəmə prosesində dindarlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübuta yetiriblər: “Məhkəmə zamanı məlum oldu ki, hadisələr Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda olduğu kimi deyil. Bu şəxslər günahsızdırlar. Onlar dindar olduqlarına görə həbs ediliblər. Hacı Taleh 2016- cı ildə həbsdən çıxdıqdan sonra hakimiyyəti sərt tənqid etdiyinə görə həbs edildi. Bu şəxslərin niyyəti ölkədə islam dövləti qurmaq olmayıb. Hacı Taleh azadlıqda olduğu dövrdə, eləcə də məhkəmə zamanı verdiyi bəyanatlarında belə bir fikirdə olmadığını bildirib. Qeyd edib ki, demokratik dövlətin tərəfdarıdır”.

Taleh Bağrzadənin zəngin siyasi tərcümeyi-halı var. Vahid Siyasi Məhbus üzrə İşçi Qrupunun hazırladığı siyasi məhbuslarla bağlı sənəddə ilahiyyatçı T.Bağırzadə haqqında deyilir ki,o, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. İranda dini təhsil alandan sonra Azərbaycana qayıdıb. 2011-ci ildə keçirilən hicab aksiyasında iştirak etdiyinə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxdıqdan 4 ay sonra hicab qadağası ilə bağlı tənqidlərini davam etdirib və hakimiyyəti tənqid etdiyi üçün narkotik maddə saxlama ittihamı ilə 2013-cü ildə yenidən həbs olunub. Hələ həbsdə olarkən Müsəlman Birliyi Hərəkatı yaradılıb və o, təşkilatın sədri elan olunub.

Azərbaycan hökuməti zaman-zaman ölkənin cənub sərhəddində teokratik İran dövlətinə işarə edərək, islamçılara qarşı təzyiqlərə bəraət qazandırıb, hüquq-mühafizə orqanları isə dindarlarla sekulyar müxalifət arasında əlaqələr qurmağa çalışıb.

ABŞ Dövlət Departamentinin 2016-cı ildə Azərbaycanda insan haqlarının durumuna dair yaydığı hesabatında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində Taleh Bağırzadəyə sekulyar müxalifət liderləri Əli Kərimli və Cəmil Həsənliyə qarşı ifadə verməsi üçün günlərlə işgəncə verildiyi bildirilir.

“Ölkədə vətəndaş cəmiyyətinin, dünyəvi müxalifətin sıradan çıxarılmasından sonra etirazın təmsilçisi kimi siyasi islam təbii olaraq meydana çıxır. Ona görə də hökumət aktiv siyasi din təmsilçilərini həbsxanalara doldurandan sonra indi də bütövlükdə dini azadlıqların məhdudlaşdırılmasını gücləndirir ki, dini müxalifətin güclənməsinə imkan verməsin”, - deyə tarixçi alim Altay Göyüşov bildirib.

Nardaran hadisələri ilə bağlı həbs olunanlar arasında müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Fuad Qəhrəmanlı da var. Dövlət əleyhinə çağırış etməkdə, dini nifrət və düşmənçiliyin salınmasında ittiham olunan Qəhrəmanlı 10 il müddətinə azadlıqdan məhrum edilib.   

İlham Əliyev: “Sərt olmasaq, hər yan partlayacaq”
Rusiyalı telejurnalist Vladimir Solovyovun “Niyə bu qədər adamı həbs etmisiniz,” sualına İlham Əliyev “Bizim ölkəmiz elədir ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq, hər yan partlayacaq”,- deyə cavab verib.

Hacı Taleh Bağırzadə isə hələ həbs olunmamışdan Meydan TV-yə müsahibəsində Azərbaycanda islam dövlətinin qurulması ittihamlarına cavab verib. O, belə bir perspektivin olmadığını deyib.

"Bu gün Azərbaycanda fundamental islam dövlətinin qurulması qeyri-mümkündür. Bunun perspektivi görnmür. İslam dövləti çox mürəkkəb bir qurluşa malikdir və onun məhkəmə sistemi üçün onlarla müctəhid lazımdır. İslam qanunvericiliyi üçün böyük islami şəxsiyyətlər lazımdır. Amma o şəxsiyyətlər Azərbaycanda yoxdur. Perspektivi olmayan bir şeydən danışmaq sadəlöhvlükdür", - Taleh Bağırzadə deyib.

Həbslərlə bağlı rəqəmlər isə ölkədə dini azadlıqların durumunun pisləşdiyini göstərir. ABŞ Dövlət Departamentinin hesabatında bildirilir ki, siyasi məhbus hesab olunan inanclı fəalların sayı 2014-cü ildə 52, 2015-ci ildə 46 olub. 2017-ci il aprelin 10-da Vahid Siyasi Məhbus üzrə İşçi Qrupu Azərbaycanda olan 147 siyasi məhbusun 97-nin inanclı insan olduğunu açıqlayıb.

Bağlanan məscidlər
Ölkədə şiə məzhəbinə təzyiqlər birbaşa həbslər, sünnü məzhəbinə təzyiqlər əsasən özünü məscidlərin bağlanmasında göstərib.

2008-ci ildə əsəsən sələfilərin toplaşdığı Əbi-Bəkr məscidində törədilən terror hadisəsindən sonra məscid bağlanıb. Məscidin açılması üçün hələ də rəsmi icazə verilməyib.

Eyni ildə təmir adıyla Şəhidlər Xiyabanında yerləşən Şəhidlər məscidi də bağlanıldı. Rəsmilər məsciddə təmir işlərinin aparıldığını bildirirlər. Məsciddə kütləvi ibadətə icazə verilmir.

2016-cı ilin iyulunda İçərişəhərdə yerləşən və Ləzgi məscidi kimi tanınan Aşur məscidi də boşaldılıb.

Həmin ilin avqustunda isə Qobustan məscidi bağlanıb. Məscidlərin bağlanması ilə bağlı səbəblər müxtəlifdir: təmir, terror təhlükəsi və s.

2017-ci il aprelin 5-də Bakıda möminlərin ən sıx toplaşdığı İlahiyyat məscidində cümə namazı yasaqlanıb.

Dini Qurumlarla İş ürzə Dövlət Komitəsi bildirir ki, Azərbaycanda 2166 məscid var, onun 136-sı Bakı şəhərindədir. 2014-cü ildə bu məscidlərdən birinin təntənəli açılış mərasimi olub. Bu, eks- prezident Heydər Əliyevin adın daşıyan Heydər məscididir. Hökumət rəsmiləri bu məscidi Cənubi Qafqazın ən böyük məscidi adlandırır. 

Sərtləşdirilən qanunlar
2009-cu ildə “Dini Etiqad Azadlığı haqqında” Qanuna edilən düzəlişlərdən sonra Azərbaycanda dini icmaların qeydiyyatında bürokratiya yaranıb. Həmin ildən etibarən icmaların yenidən qeydiyyata alınmağa başlanılıb. Dini təmayüllü icmanın qeydiyyatı üçün əvvəlcə 10, qanuna dəyişiklik olunandan sonra 50 nəfərin bir araya gəlməsi təsbit olunub.

Bundan başqa, qeydiyyatdan keçmək istəyən islam təmayüllü dini qurumlar Qafqaz Müsəlmanları İdarəsindən təqdimat əldə etməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında qeyd olunur ki, 2009-cu ildən etibarən 749 dini qurum qeydiyyatdan keçib. Onların 721 İslam, 28-i qeyri-İslam təmayüllüdür. 2009-cu ilə qədər isə 534 dini qurum qeydiyyatdan keçib.

Hicaba qoyulan yasaqlar
Azərbaycanda hicaba yasaqla bağlı narazılıqlar əsasən 2010-cu ildən başladı. Təhsil naziri orta məktəblərdə qızların hicabla dərsə gəlməsini qadağan etdi. 2012-ci ildə Təhsil Nazirliyi qarşısında keçirilən hicaba azadlıq askiyasında 35 nəfər dindar azadlıqdan məhrum edildi.

“Wikileaks” saytının yaydığı ABŞ diplomatik sənədlərdə qeyd olunur ki, Azərbaycanda qadınların neçə faizinin hicab bağlaması haqqında etibarlı araşdırma mövcud deyil. Amma Bakıda qadınların çox kiçik, həm də artmaqda olan bir hissəsi - 1-3 faizi hicab bağlayır. 


  • Yazılıb
  • da (də) 2017 May 16
  • Göndərən مدير سايت Aran News