Nur-az.com-Hər dəfə ölkədəki çatışmazlıqları tənqid edəndə, hökumətin inkişaf təbliğatı ifşa olunanda, tənəzzülün ünvanı dəqiq göstəriləndə aqressiya ilə qarşılaşırıq. Hökumət komandası tənqidçilərini “vətən xaini”, “ermənipərəst”, “ünsür” adlandırır. Son olaraq isə ölkə başçısı yeni bir adın “prezentasiya”sını elədi və müxalifəti “zəhər buraxan” adlandırdı. Eyni zamanda həqiqəti yazan, tənqidçi mövqedən çıxış edən saytlar rəsmən qapadıldı. Bugün həbsxana həyatı yaşayan 100-dən artıq siyasi məhbus da həqiqəti dilə gətirdiyinə görə cəzalandırılıb.
Doğrudanmı müxalifət hər şeyi qara rəngdə görür, həqiqətənmi ölkədəki inkişafı gözümüz götürmür? “Müəllimin maaşı artırılsın”, “korrupsiyaya son qoyulsun”, “məhkəmələr müstəqil olsun”, “seçkilər şəffaf keçirilsin”, “azad mətbuata şərait yaradılsın”, “inhisarçılıq ləğv edilsin” və digər bu kimi tələblərdə dövlətə qarşı hər hansı xəyanət varmı? Əksinə, bu tələblər dövlətin güclənməsinə, vətəndaşın riafahına xidmət edir. Deməli, hər şeyi qara rəngdə görmək yox, qaraları ağartmaq istəyi var. Bütün sahələrdə qara zolaq oduğuna görə, vətənini sevən insanlar bu qaralara etiraz edir.
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsinə münasibətimiz də ədalətlidir və yenə də dövlətin maraqları naminə edilir. Əgər Azərbaycanın geniş imkanları olsaydı, ölkə vətəndaşları yüksək qayğıyla əhatə edilsəydi, ölkəmiz hər tərəfdən böhranla əhatələnməsəydi və nəhayət bu yarışların məqsədi həqiqətən də dövlətin gücləndirilməsi olsaydı, biz də ikiəlli dəstək verərdik. Amma bütün sahələrdə tənəzzül yaradıb, ölkəni vətəndaşın üzünə qapayıb, ədalətsizliyi zirvəyə çıxarıb, sonra da bütün bu neqativləri “inkişaf” kimi təqdim etmək vətəndaşı aşağılamaqdır. Ölkənin xarici borcu kəllə-çarxa çıxırsa, 2.5 milyon vətəndaş bank asılığında qalıbsa, insanlar sosial vəziyyətin ağırlığı səbəbindən intihar qərarı verirsə, vətəndaş 116 manat minimum əməkhaqqına möhtac edilibsə, həmin ölkədə hər hansı tədbirlərə milyardlar xərclənməsi yolverilməzdir.
Ölkənin ən mötədil islamçılarını qondarma ittihamlarla həbs edib, sonra ölkədə “İslam Həmrəyliyi Oyunları” keçirmək absurddur.
Avropanın demokratiyasından, təhsilindən, səhiyyəsindən, seçki ənənəsindən imtina edib, əvəzində “Avropa Oyunları” ilə öyünmək utancvericidir.
Vətəndaşın haqqını oğurlayıb, yadlara xoş gəlmək üçün səxavət nümayiş etdirmək antimilliliyin göstəricisidir. Biz bu yarışlara xərclədiyimiz pulu real sahələrə yönəltsəydik, vətəndaşın ağrı-acısını dindirməyə xərcləsəydik, bu gün daha gözəl mənzərənin şahidi olardıq. Azərbaycan “Avropa Oyunları”, “İslam Həmrəyli Oyunları”, “Formula-1” yarışları sayəsində dünyadan hansı “sağol”u aldı? Bu tədbirlərdən sonra hansı dərdimizə çarə tapıldı?
Amma Azərbaycanda azad sahubkarlığa şərait yaradılsaydı, korrupsiyanın kökü kəsilsəydi, inhisarçılıq ləğv olunsaydı, qanunun aliliyi təmin edilsəydi, bugün bütün dünya Azərbaycanı nümunə göstərərdi, dünyanın hər yerindən iş adamları Azərbaycana axışardı. Gözümüzün önündə Gürcüstan nümunəsi var. Bu ölkə heç bir yarışa milyardlar xərcləmədən, yalnız demokratik addımlar sayəsində Avropanın bir parçasına çevrildi. Müalicə olunmaq istəyən də, istirahət həvəsinə düşən də Gürcüstana üz tutur. Hətta Azərbaycan vətəndaşları da Gürcüstana axın edir.
Avropa Oyunlarından sonra yenə də beynəlxalq təşkilatların qara siyahısında öndəyik, yenə də korrupsiya qalmaqallarında adımız hallanır, yenə Azərbaycan hökumətinə xəbərdarlıqlar edilir, yenə də hökuməti ədalətə, demokratiyaya səsləyirlər və.s
Yəni, 7-8 milyard dolların xərclənməsiylə, Avropalıları bihuş edə bilmədik . Büdcəsi 100 milyardlarla ölçülən ölkələri hansısa yarışa ev sahibliyi etməklə təəccübləndirmək mümkün deyil.
Deməli, bu qədər tədbirlərə ev sahibliyi etməkdə məqsəd ölkənin imicini düzəltmək deyil, yalançı görüntü yaratmaq, imitasiyanı gücləndirm’k, şəxsi maraqları təmin etməkdir. Axı dünyanın heç bir ölkəsi Azərbaycan hökuməti qarşısında “sahibsiz yarışlara ev sahibliyi et” tələbi qoymayıb. “Vətəndaşına sahib çıx”, “günahısz adamları zindanda saxlama”, ” azad mətbuatı boğma”, “seçkiləri saxtalaşdırma” tələbi qoyulub.
Bugün dünya da başa düşür ki, öz vətəndaşının ağzını yummağa çalışan hökumət, heç vaxt tolerant ola bilməz. Dindarlara ağlagəlməz işgəncələr verilən ölkədə, islamla həqiqi həmrəylik ola bilməz.
Hətta ən çox öyünülən idman sahəsində də legionerlərdən asılılıq var, əksər növlərdə Azərbaycan bayrağı altında çıxış edənlər əcnəbilərdi. Yəni, yarışlara bu qədər can atan hökumət, dünyaya yetişdirdiyi idmançıları da təqdim edə bilmir.
Əlbəttə, yerli idmançılarımız medal qazananda, Azərbaycanın bayrağı dalğalananda, himnimiz səslənəndə sevinirik, qürur duyuruq. Amma dövlətin və xalqın taleyi bir neçə qızıl medalın qazanılmasından, yarışlara ev sahibliyi etməkdən asılı deyil. Bütün sahələrdə uçurum yaradıb, vətəndaşı səfalətlə təkbətək buraxıb, “əsas odur ki, yarışlara ev sahibliyi edirik” yanaşması yanlışdır, ölkəni tənəzzülə daha sürətlə itələyir. Qoy, bizim idmançılar dünyada keçirilən yarışlarda güclərini sınasınlar, şərt deyil ki, bunun üçün milyardları xərclənsin, məhdud büdcə boşaldılsın. 17000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən qovulubsa, hansısa idmançının qızıl medal qazanmasını uğur kimi təqdim etmək olmaz. Şəhid ailəsinin 11000 manatlıq “qan pulu” verilmirsə, birinci yerin qalibinə 100 min manat mükafat verilməsi səxavət göstərcisi deyil.
Biz bu vətəni, bu dövləti, bu xalqı sevirik. Ölkədəki ağır vəziyyətin hansısa yarışların fonunda gizlədilməsinin əleyhinəyik. Əcnəbilərə olan diqqət və qayğının öz vətəndaşımıza göstərilməməsini xəyanət hesab edirik.
Əgər xalqla həmrəylik yoxdursa, qalan bütün həmrəyliklər quru sözdü, ağ yalandı, növbəti imitasiyadır. Hansısa tədbirin açılış mərasimi maraqlı ola bilər, amma ölkənin vətəndaşın üzünə bağlanması dəhşətlidir. Bir tərəfdə qeyri-adi effektlərlə zəngin açılış mərasimləri, o biri tərəfdə intihar edənlərin yas mərasimi var. 116 manatın girovuna çevrilmiş vətəndaş həyatını bağlamaq üçün kəndir axtarır, zəhər içir, körpüdən tullanır, hökumət isə hansısa əcnəbi müğənninin açılış etməsinə milyonlar ərməğan edir. O açılış mərasimlərinə xərclənən pulla, nə qədər insan həyatının bağlanmasını əngəlləmək olardı.