Tarix : 2017 May 16
Kod 51703

Şahid: İfadəmi oxumadan imzalamışam

"Nardaran işi" üzrə şahidlik edənlər istintaqda təzyiqlə üzləşdiklərini deyirlər
Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Həmin şəxslər 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrdən sonra saxlanılıblar.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Ruzi İsmayılov və Ramil Seyfullayevin vəkili Şəhla Hümbətova vəsatətlə çıxış edib. O, müdafiə hüququnun təmin edilməsini istəyib. Bildirib ki, məhkəmə təqsirləndirilən şəxslərin müdafiə hüququna hörmət etmir, vəkillərin təqsirləndirilən şəxslərlə ünsiyyətində çətinliklər var. Ş.Hümbətova vəsatətlə bağlı çıxış edən zaman hakim Z.Ağayev onun sözünü kəsərək, “boş-boş şeylər danışmayın, vəsatətinizi deyin” söyləyib. Vəkil Ş. Hümbətova isə çıxışına davam edərək, təqsirləndirilən şəxslərin vəkillərin yanında oturmasını, müdafiə etdikləri şəxslərlə konfedensial şəkildə məsləhətləşməyə şərait yaradılmasını istəyib. 

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxslərin vəkillərin yanında oturmasına zərurət yoxdur, təqsirləndirilən şəxslərdən nəsə soruşmaq, müzakirə etmək isə onların hüquqlarıdır.

Məhkəmə vəsatətin təqsirləndirilən şəxslərin vəkillərin yanında oturması barədə hissəni təmin etməyib. Hakim bildirib ki, vəkillər istədikləri vaxt müdafiə etdikləri şəxslərlə məsləhətləşə bilərlər. 

İclasda şahid qismində “Azadxəbər.az” saytının baş redaktoru İlkin Məmmədov ifadə verib. O bildirib ki, 2015-ci il dekabrın 1-də yaşadığı evin qarşısından naməluma şəxslər tərəfindən əvvəlcə Sabunçu Rayon Polis İdarəsinə, sonra 13-cü Polis Bölməsinə, daha sonra 5-ci və başqa bir polis bölməsinə aparılıb. Şahidin sözlərinə görə, bölmədə ona guya küçədə yüksək səslə söyüş söydüyünə görə inzibati formada həbs olunduğunu deyiblər. 2015-ci il dekabrın 2-də müstəntiq tərəfindən ifadəsi alındığını deyən İ. Məmmədov bildirib ki, ona Taleh Bağırzadə və “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı suallar verilib:

“Bildirmişəm ki, onları tanıyıram, məclislərdə olmuşam və onlardan müsahibələr almışam. Onların dövlətçilik əleyhinə heç bir çıxışlarını eşitməmişəm”.

Vəkillərin suallarını cavablandıran İ. Məmmədov deyib ki, təqsirləndirilən şəxslərdən Elman Ağayevin Məhərrəm ayı, şəhid Mübariz İbrahimov haqqında çıxışları olub, vəhhabilərə, İŞID-a qarşı sərt mövqeyi ilə tanınıb və dövlət əleyhinə çıxışlar etməsinin şahidi olmayıb. 

İ. Məmmədov Zülfüqar Mikayılovu ruhani kimi tanıdığını, “Müsəlman Birliyi” Hərəkatının ofisində hər hansı silah-sursat görmədiyini deyib.

İclasda şahid qismində Nəzir Hüseynov da ifadə verib. O bildirib ki, istintaq zamanı ifadəsi alınanda ondan Nardaran hadisələri barədə soruşublar:

“Məni apardılar "Banditizm"ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) və soruşdular ki, harada yaşayırsan. Mən də Nardaranda yaşadığımı, Taleh Bağırzadəni tanımadığımı, internet vasitəsi ilə xütbələrini dinlədiyimi, müqəddəs ziyarətgahlarda olduğumu dedim”. 

Dövlət ittihamçısı bildirib ki, şahid N. Hüseynovun istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var. İclasda məlum olub ki, N. Hüseynov məktəbi 2-ci sinfə qədər oxuyub və yazıb -oxumağı bacarmır. O, istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını bildirib. Hakim onun istintaq zamanı verdiyi ifadəsini elan edib. Həmin ifadədə o, anası Xanım, həyat yoldaşı Aygün və iki uşağı ilə birlikdə yaşadığını deyib. Şahid isə anasının və həyat yoldaşının adının həmin ifadədə səhv yazıldığını bildirib. 

İfadədə N. Hüseynovun Taleh Bağırzadəni tanıdığı, ətrafında həmişə çoxlu adamların olduğu, T. Bağırzadənin dövləti çevirmək, yeni dini dövlət qurmaq barədə çıxışları olduğu yazılıb. Həmin ifadəyə münasibət bildirən Nəzir Hüseynov isə ifadənin “Banditizm” əməkdaşları tərəfindən yazıldığını, oxumağı bacarmadığını, qol çəkərkən ifadəni oxumadığını deyib.

Daha sonra iclasda şahid qismində Valeh Abbasov ifadə verib. O, Əbulfəz Bünyətov, Taleh Bağırzadəni tanımadığını, Nardaran hadisələri baş verən gün evə gecə növbəsində gəlib yatdığını deyib. Sualları cavablandıran şahid Zülfüqar Mikayılovla tanış olmadığını, namaz qılmadığını, məscidə getmədiyini bildirib. Dövlət ittihamçısı şahidin istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib və V.Abbasovun da istintaq zamanı verdiyi ifadənin elan edilməsini istəyib. Hakim onun istintaq zamanı verdiyi ifadəni elan edib. Həmin ifadədə Əbülfəz Büyadovun evinə bir qrup şəxsin toplaşdığı, dövlət çevrilişi barədə söhbət etdikləri, silah barəsində müzakirələr olduğu qeyd edilib. 

Valeh Abbasov isə bildirib ki, oxumağı və yazmağı bacarmır, müstəntiqin yazdığı ifadənin altında qol çəkib. Müstəntiq Mirqafar Seyidov olub və ifadə 28 fevral 2016-cı ildə alınıb.

İclasda şahid qismində Samir Babayev də ifadə verib. O, Taleh Bağırzadənin xütbələrini eşitdiyini, onun ancaq dini mövzuda çıxışlar etdiyini , hicaba azadlıqdan danışdığını bildirib. Samir Babayev istintaqda ifadə verən zaman mənəvi təzyiqə məruz qaldığını, ondan ifadəni imzalamağı tələb etdiklərini söyləyib: “Mən də imzaladım, dedim ya narkotik qoyacaqlar, ya da cihad. Mən bilməzdim ki, ruhanilərimizə qarşı məndən belə ifadə alarlar”. 

Dövlət ittihamçısı ondan təzyiq altında ifadə verdiyinə görə hansısa orqanlara müraciət edib-etməməsini soruşub. Şahid isə suala “Xeyr, qanun var?” - deyə cavab verib. Dövlət ittihamçısı isə “Azərbaycanda hər şey var” deyib.

Təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılov isə bildirib ki, qanun olsaydı, onlar indi burda olmazdılar:

“Başımıza gətirilən oyunlar barəsində hər yerə yazmışıq, ancaq hələ də dəmir barmaqlıqlar arxasındayıq”.

Daha sonra iclasda şahid qismində Fəqani Dadaşov ifadə verib. O, T. Bağırzadəni məsciddən tanıdığını, xütbələrinə qulaq asdığını, T. Bağırzadənin Nardaranda qaldığı evdə silah-sursat görmədiyini deyib. 

F. Dadaşov da istintaq zamanı başqa cür ifadə verdiyini, oxumadan imzaladığını deyib: “Fikirləşdim ki, yəqin dediyimi yazarlar da. Kəndçi adamıq, bizim ağlımıza belə şeylər gəlməyib ki, orda başqa şey yazarlar. Həmin gün mən işdə idim, işdən gəldim gördüm ki, kənd camaatını öldürürlər. Mən də bunu demişəm”. 

Dövlət ittihamçısı isə ona “Allah sənə ağıl verib, oxuyub görməliydin ki, ifadədə nə yazılıb” deyib. 

O, T. Bağırzadənin dövlət əleyhinə çıxışlarının şahidi olmadığını bildirib. 

Proses mayın 22-də davam edəcək. 

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçiriblər. Həmin hadisələr zamanı ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla bir qrup şəxs həbs edilib, 4 neçə nəfər isə öldürülüb. Əməliyyat zamanı iki polis əməkdaşı da həlak olub. Həmin hadisədən sonra Taleh Bağırzadənin yaratdığı “Müsəlman Birliyi” təşkilatının üzvləri və digər ruhanilər həbs edilib. Rəsmi məlumatlarda onların dövlət çevrilişinə cəhd etmələri qeyd edilib. Lakin Taleh Bağırzadə hakimiyyəti sərt tənqid edən çıxışları ilə tanınıb. O, ittihamları qəbul etmir və bu cür çıxışlarına görə həbs edildiyini deyir. Məhkəmənin hökmü ilə T. Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. Nardaran hadisələrindən sonra həbs edilən şəxslərin cinayət işi bir neçə qrupa ayrılıb. Onlardan bəzilərinin barəsində hökm elan edilib, bəziləri barəsində isə məhkəmə davam edir.







  • Yazılıb
  • da (də) 2017 May 16
  • Göndərən مدير سايت Aran News