Son iki ildə Azərbaycandan vətəndaşların axını güclənib. İnsanlar həm iş, həm də daimi yaşayış üçün xaricə üz tuturlar
Meydan Tv-Səbəb isə birdir - iqtisadi böhran, gəlirlərin azalması, sosial vəziyyətin pisləşməsi, siyasi təqib, perspektivsizlik. Köç istiqamətləri də müxtəlifdir. Əsasən, Türkiyə, Almaniya, Çexiya, Rusiya, Kanadanı seçirlər'' - deyir, Real hərəkatının icra katibi Natiq Cəfərli.
7 min 377 azərbaycanlı mühacir Türkiyədən yaşamaq izni alıb
2016-cı ilin yekunlarına görə, azərbaycanlılar daimi yaşayış üçün Türkiyəyə köçən xarici vətəndaşlar arasında ön sıradadır. Türkiyə Miqrasiya Xidmətinin (TMX) açıqlamasına görə, yaşamaq izni alan xaricilərin sayı 423 min nəfərə çatıb.
Ötən il TMX-dən icazə alan əcnəbilərin sayı da 9 faiz artıb. Siyahıya İraqlı mühacirlər liderlik edir; 56 min nəfər. İkinci yerdə suriyalı qaçqınlar gəlir; 49 min nəfər. Üçüncü yerdə isə azərbaycanlılardır; 39 mindən çox.
TMX-nin hesabatında qeyd edilir ki, 7 min 377 azərbaycanlı mühacir və onların ailə üzvləri artıq Türkiyədə yaşamaq üçün uzunmüddətli icazə alıb. Bu ölkədə uzun müddət qalmağı planlaşdıran əcnəbilər arasında azərbaycanlılar birinci yeri tutur.
Dövlət Statistika Komitəsi deyir ki, 2015-ci ildə 1557 nəfər başqa ölkələrdə daimi yaşamaq üçün Azərbaycanı tərk edib. Bunlardan 1394 mühacir MDB ölkələrinə, qalanları isə Qərb dövlətlərinə gedib. Xüsusən, ABŞ, Almaniya, İsrail, Estoniya, Latviya seçilib, amma Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya və hətta Ukraynada yerləşməyə qərar verənlər də var.
İnsanların ölkəni niyə tərk edirlər?
Sosioloq Cavid İmamoğlu deyir ki, əvvəlcə ölkəni tərk edənlərlə bağlı araşdırma aparılmalı, demoqrafiq göstəricilərinə baxılmalıdır. Bu insanların kimliyi, təhsili, gender məsələləri müəyyənləşdirilməlidir:
“Bunlar bilinmədiyindən vəziyyətin sosioloji baxımdan nə dərəcədə ciddi olduğunu söyləyə bilmirəm. Sırf qanunauyğunluqlar çərçivəsindən baxdıqda görürük ki, ölkədə özlərinə normal imkanlar yarada, ailə ehtiyaclarını qarşılaya bilməyənlər xarici ölkələrə üz tuturlar. Sonuncu devalvasiyadan sonra ölkədə hər şeyin pisliyə doğru getməsi ab-havası yarandı. Bunda sosial şəbəkələrin rolu da böyük oldu. Hamı durumun ağır, pis olduğunu yazdı, müzakirə etdi. Məncə, bu cür ab-havanın yaranmasına kənar müdaxilələr də oldu, özlüyündən yaranmadı. İnsanlar da yazılanlara inandılar. Nəticədə hamı bir-birini təkrarlamağa, ölkəni tərk etməyə başladı”.
Ölkədən gedənlər pulsuzluqdan, işsizlikdən xilas olmaq istəyirlər
Natiq Cəfərli deyir ki, UNİCEF-in hesabatı Dövlət Statistika Komitəsinin açıqlamasından müfəssəldir:
''Və daha geniş zaman kəsiyini əhatə edir. Belə ki, 1990-cı ildə daimi yaşayış üçün 7 min 217 nəfər ölkədən xaricə gedib. Həmin vaxt əhalinin axını Dağlıq Qarabağ ətrafında hadisələrlə əlaqədar gərgin siyasi vəziyyətlə izah olunurdu. Buna görə erməni və qarışıq ailələr Bakıdan köçürdü. 2000-ci ildə isə bu göstərici 8 min 118 nəfərə çatdı. Bu dəfə ölkəni tərk edənləri başqa məqsədlər hərəkətə keçirirdi. Onlar yoxsulluqdan, pulsuzluqdan, işsizlikdən xilas olmaq istəyirdilər. Həmin vaxt iqtisadiyyat "can verirdi", çox cüzi əmək haqqı və pensiya verirdilər. Gənclər qazanc üçün kütləvi şəkildə Rusiya və digər ölkələrə gedirdilər''.
Natiq Cəfərli
Natiq Cəfərli.
Mühacirlər arasında 40 yaşından yuxarı insanlar üstünlük təşkil edir
Natiq Cəfərli deyir ki, 2010-cu illərdə də Azərbaycandan mühacirət edənlərin sayı az olmayıb: 9 min 195 nəfər. 2013-cü ildə isə statistika 9 min 413 nəfərə qədər artıb: ''Maraqlıdır, bu dövrdə təkcə şəhərlilər yox, kənd sakinləri də xaricdə daha yaxşı həyat üçün ölkəni tərk etməyə başladılar. Daha bir diqqət çəkən məqam da mühacirlər arasında 40 yaşından yuxarı insanların üstünlük təşkil etməsidir. Bu, o deməkdir ki, daimi yaşayış üçün köçməyin səbəbi övladların, onların gələcək taleyinin qeydinə qalmaq, onlara yaxşı təhsil vermək istəyi və s. idi''.
Natiq Cəfərli deyir ki, Azərbaycandan mühacirət edənlər arasında qanunsuz yolla və ya qaçqın statusu ilə Qərbə gedənlər də var:
''Yeri gəlmişkən, beynəlxalq statistika göstərir ki, 2012-ci ildə 6 min 575 nəfər bu yolla Almaniyadan sığınacaq alıb''.
2016-cı ildə 4750 azərbaycanlı Almaniyadan sığınacaq istəyib
2016-cı ildə Almaniyaya sığınacaq üçün 4750 nəfər azərbaycanlı müraciət edib. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur.
Ann.az-a bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən bildiriblər. Məlumata görə, 2016-cı ildə daxil olan 4750 müraciətdən, yalnız 2722 müraciət barədə qərar verilib:
“Qalan 63,4 faiz müraciət əsassız hesab edilib. Sığınacaq istəyən 459 azərbaycanlı barədə müsbət qərar verilib. 537 azərbaycanlıya qarşı “Dublin Əsasnaməsinə” uyğun olaraq başqa sığınacaq prosedurları tətbiq edilib. 2015-ci ildə isə Almaniyadan 1497 Azərbaycan vətəndaşı sığınacaq istəyib. Həmin müraciətlərdən yalnız 390-ı barədə qərar verilib. 165 nəfərə rədd, 71 müraciətə müsbət cavab verilib. 154 nəfərə isə “Dublin Əsasnaməsinə” uyğun başqa sığınacaq prosedurları tətbiq edilib”.
Bu hal Azərbaycanın iqtisadiyyatına, gələcəyinə ziyan vuracaq
Natiq Cəfərli deyir ki, bir nəfər yaxşı mütəxəssisin yetişdirilməsi üçün dövlət 100 min dollara yaxın vəsait xərcləyir:
“O mütəxəssis iş həyatı boyu ölkəyə birbaşa və dolayı yolla hardasa 1 mln. dollar qazandırır. Əgər hər hansı bir ölkədən mütəxəssis, beyin axını olursa, bu hal həmin ölkənin iqtisadiyyatına, gələcəyinə ciddi ziyan vurur. Köç bu gün Azərbaycandakı ən böyük problemlərdəndir. Mütəxəssislər, iş adamları, təhsilli insanlar ölkəni tərk edirlər. Bu, bizə həm maddi ziyan vurur, həm də zaman itiririk. Çünki bir mütəxəssisin formalaşması 15-20 il alır (məktəbə gedən dövrdən sayılmaqla)”.