Tarix : 2017 May 17
Kod 51707

''Hökumət idarə etdiyi jurnalistlərə ev verir''

Drev Sullivan: ''Jurnalistə mənzil hədiyyəsi hakimiyyətin idarəçiliyində ciddi problemlərin olduğunu göstərir''
Meydan Tv - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında təkcə Bakı üzrə ev növbəsində 1800-ə yaxın imtiyazlı ailə olduğu qeyd edilib. Onlar Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, gözdən əlillərdir. 
Mayın 16-da dövlətdən ev alan daha bir zümrə ilə bağlı mətbuat konfransı keçirilir. Ancaq onlar imtiyazlı ailələr deyil, jurnalistlərdir.   
“Darıxmayın, hamınıza ev düşəcək”
2010-cu il iyulun 22-də prezident İlham Əliyev jurnalistlərin mənzil probleminin həlli üçün sərəncam imzaladı. 156 mənzilli binanın tikintisinə dövlət büdcəsindən 5 milyon manat ayrıldı. Binanın inşaası isə ümumilikdə 22 milyon manata başa gəldi. 2013-cü il iyulun 22-də 155 nəfər mətbuat işçisinə ev paylandı.
Ev ala bilməyənlərə isə “darıxmayın, bir neçə il sonra ikinci bina hazır olacaq, hamınıza ev düşəcək”, - deyildi. 
Ev ala bilmək üçün azı 3 illik təcrübə lazımdır
Mənzillər jurnalistlərə verildikdən sonra prezident yaxınlıqda daha bir binanın təməlini qoydu. Növbəti sərəncamla ev ala bilməyən jurnalistlərə daha bir binanın inşası üçün yenə 5 milyon manat ayrıldı. 
Artıq növbəti bina da, ev ala biləcək jurnalistlərlə bağlı qaydalar da hazırdır. Namizədin azı 3 illik təcrübəsi olmalıdır. Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd verə bilər.
Jurnalist dövlətdən ev ala bilərmi?
Jurnalistin Peşə Etikası Kodeksi deyir ki, jurnalist cəmiyyətdə özünə inamın itməməsi, güvənin azalmaması üçün heç kimdən hədiyyə götürə bilməz. Kodeksin 5-ci  maddəsi “Paklıq” adlanır. Həmin maddədə də açıq şəkildə qeyd edilir ki, jurnalistin müəssisə, təşkilat, siyasi qrup və partiyalardan, ayrı-ayrı şəxslərdən, mükafat, hədiyyə və s. almağa ixtiyarı yoxdur. Material hazırlamamaq üçün də onlarla sazişə girə bilməz.
Dövlətdən ev alan jurnalistlər kimlərdir?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, ev alan jurnalistlər və media qurumları onsuz da hökumət tərəfindən maliyyələşən və idarə olunan KİV-lərdir: 
“Onlar müstəqil media qurumunda çalışan, müstəqil jurnalistlər deyil. Onsuz da dövlətin himayəsi altında olan KİV-lərdə çalışırdılar, indi də ev alırlar. Burada tamamilə başqa situasiya yaranıb. Dövlət onları idarə edir, onlara maaş verir, yedirdib-içirdir, indi də mənzil hədiyyə edir. Bu reallıqdır”. 
Yaranmış vəziyyət Azərbaycan mediasını hara aparır? 
Mehman Əliyev deyir ki, burada jurnalistikanın xidmət, obyektivlik, balans və s. kimi qaydalarının hamısı pozulub: 
Mehman Əliyev.
“Bütün qaydalar jurnalistlər tərəfindən pozulub. Televiziya kanalları, çap mediası və internet mediasının əksəriyyətinin əməkdaşları ev növbəsindədir. Medianın əsas prinsipi həqiqəti çatdırmaqdır. Azərbaycanda bu prinsip pozulub. Dövlətdən ev alan jurnalist və ya dövlətin maliyyələşdirdiyi media qurum auditoriyaya gerçəkləri necə çatdırsın? İnsanlara həqiqəti çatdırmaq yerinə, hökumətin istədiyi yalanı danışır. Bizdə yaranmış vəziyyət budur: media dövlətdən asılıdır, yalan danışır və gözdən düşür”. 
“Əkinçi”nin çapını dayandırıb, saytını bloklayardılar”
Jurnalist Şahvələd Çobanoğlu da dövlətin mətbuat işçilərinə ev verməsinin doğru olmadığını deyir: 
“Azərbaycan hakimiyyəti deyir ki, jurnalistlərə ev verilməsi mətbuata dəstəkdir. Necə olur, qəzet evləri olan köşkləri yığışdırıb, jurnalistlərə ev verirsiniz? Bir sözü də təkrarlamaq yerinə düşər, “Əkinçi”nin getdiyi kəndlərə bu gün qəzet getmir. Elə bugünlərdə tənqidçi  KİV-lərin saytları rəsmən bloklandı. Bu gün mövcud olsaydı, “Əkinçi”nin çapını dayandırıb, saytını bloklayardılar. Zərdabiyə isə vergi yoxlaması təyin edərdilər”. 
“Media ağır durumda, jurnalistlər isə möhtacdır”
Şahvələd Çobanoğlu deyir ki, bu gün xalq hərəkatının ruporu olmuş tarixi “Azadlıq” qəzetini də bağlayıblar. Bu halda mətbuata dəstəkdən, ümumiyyətlə, necə danışmaq olar? Necə olur ki, mənzil paylandıqca, KİV-ə dövlət dəstəyi olduqca, mətbuat çökür: 
“Sual yaranır; Hanı ölkədə normal iqtisadi inkişafın yaratdığı reklam bazarı ki, media ağır durumdadır, jurnalistlər də möhtacdır? Bütün hallarda, bu addım mətbuat azadlığı prinsiplərinə ziddir. İcra hakimiyyəti jurnalistləri ələ almış olur. Axı niyə ayrıca jurnalistlərə ev paylayırlar? Niyə müəllimə, həkimə, digər peşə sahiblərinə deyil, onlara verirlər? O mənzillər  büdcə vəsaiti ilə tikilib, o vəsaitlər isə hamınındır”.
“Siyasi iqtidar KİV-ə maliyyə, jurnalistlərə mənzil ayırır”
Şahvələd Çobanoğlu bildirir ki, bütün dünyada dövlət KİV-ə infrastruktur yaratmaqla, ümumi bazarı inkişaf etdirməklə, bəlli kəsim oxucuların – tələbə və təqaüdçülərin azad seçimlə abunə yazılmasını maliyyələşdirməklə dəstək verir:  
Şahvələd Çobanoğlu.
“Həm də parlamentin qərarı ilə. Bizdə isə siyasi iqtidar KİV-ə maliyyə, jurnalistlərə mənzil ayırır. Bunlar Konstitusiyaya da, mətbuat azadlığına da, azad bazar iqtisadiyyatı prinsiplərinə də ziddir. Azad mətbuatı boğma siyasətini pərdələməkdən başqa bir şey deyil”.
“Jurnalist hədiyyə aldığı qurumun işçisi sayılır”
Mütəşəkkil cinayətləri və korrupsiya hallarını araşdıran layihənin baş redaktoru Drev Sullivan Azadlıq Radiosuna jurnalistin hökumətdən mənzil almasının etik standartları pozduğunu deyib. Bildirib ki, bahalı hədiyyəni qəbul edən jurnalist ən üstün özəlliklərini – obyektivliyini və tənqidçi müstəqilliyini sual altında qoyur:
“Bu cür hədiyyəni götürdüyü andan jurnalist öz statusunu itirir və hədiyyə aldığı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin bir işçisi sayılır. Qərbdə heç bir jurnalist belə bir hədiyyəni qəbul etməz. Hər hansı insana, özəlliklə jurnalistə mənzil hədiyyəsi hakimiyyətin idarəçiliyində ciddi problemlərin olduğunu göstərir. Qərb jurnalisti bu halda onu araşdırardı ki, ev verilərkən hansı məqsəd güdülür?”
“Hədiyyə götürən jurnalist özünü maraqların toqquşduğu “burulğana” atır”
Drev Sullivan əlavə edir ki, rüşvət məhz jurnalistləri ələ almaqdan ötrü təklif edilir. Öz təcrübəsindən də misal gətirərək bir dəfə bir yazını dərc etməməyə görə ona 200 min avro təklif olunduğunu deyir:
Drew Sullivan.
“Amma hələ uzun müddət öncə qərara gəlmişdik ki, biz siyasət və ya biznes maraqlarına görə deyil, sadə insanlar üçün çalışırıq. Bahalı hədiyyə götürən jurnalistlər özlərini maraqların toqquşduğu “burulğana” atdıqlarını anlamalıdırlar. Deməli, artıq jurnalist peşəsindən əl çəkməlidirlər. Elə bu üzdən hər hansı hədiyyəni götürməyəcəyimizi açıqca deyir, səbəblərimizi söyləyirik”.


  • Yazılıb
  • da (də) 2017 May 17
  • Göndərən مدير سايت Aran News