Tarix : 2017 May 18
Kod 51716

"Yeni Müsavat" qəzeti iki qardaş ölkənin arasını niyə "vurmağa" çalışır (2-ci hissə)

Qəzet ziddiyyətli danışmaqla özü-özünü rüsvay edib
Nur-az.com-Ötən yazımızda "Yeni Müsavat" qəzetinin qonşu, qardaş ölkə olan İran İslam Respublikası haqqında dərc etdiyi şər-böhtan dolu yazılarının bəzi məqamlarına toxunmuşduq. O yazımızda əslində İranın Elçibəy höküməti tərəfindən dəfələrlə hədələnməsi, Elçibəyin İrana qarşı ərazi iddiası qaldırması, həmçinin Sovet imperiyasının İran ərazilərinə soxulması barədə yazmışdıq. Bundan əlavə qeyd etmişdik ki, İranın Azərbaycan Respublikasını 7-ci sırada tanımasını qabardan qəzet nə üçün İrandan sonra Azərbaycanı dövlət kimi tanıyan İsrail, Amerika, Avropa ölkələri barədə tənqid yazısı dərc etmir, əksinə İsrailin gözünə girmək üçün İran əleyhinə şər-böhtan kompaniyası aparır? Bu yazımızda qəzetin başqa bir sıra yanlış mövqeyinə münasibət bildirmək fikrindəyik.

"Yeni Müsavat" qəzeti Azərbaycan xalqını və dövlətini fitnəkar hesab edir?

Qəzet – qeyd etdiyimiz kimi – İran düşməni olan İsrailin gözünə girmək naminə tələm-tələsik dərc ediyi məqalələri çox heyif ki, yazdıqdan sonra bir dəfə də olsa düşünərək, fikirləşərək oxumayıb. Qəzetə tövsiyə edirik ki, heç olmazsa İranla bağlı yazılar dərc edəndə məqaləni yazan kimi dərc etməsin, ən azından mürəkkəbinin qurumasını gözləsin. Bir gün saxlayıb sabah həmin məqaləni bir daha oxuyub kobud səhvlərini düzəltməyə çalışsın. 
Qəzet Azərbaycan xalqını və dövlətini elə qələmə verib ki, sanki bu xalq və bu dövlət fitnəkardır. Qəzetin bu cümlələrinə fikir verin: " İran son ana kimi ümidli idi ki, dünyanın siyasi xəritəsində Azərbaycan adında dövlət peyda olmayacaq. Ancaq oldu. Belə bir dövlət quruldu və bununla da İranın tərkibindəki Güney Azərbaycan amili, ikiyə bölünmüş Azərbaycan problemi Tehran üçün daha çəkindirici bir status qazanmış oldu." Bu cümlələri oxuyan hər bir azərbaycanlının ağlına ilk gələn o olacaq ki, sanki Azərbaycan xalqı öz dövlətini ona görə qurub ki, İran üçün, güneyli qardaşlarımız üçün başbəlasına çevrilsin. Bu iddiadan da belə çıxır ki, sanki Azərbaycan dövlətini İsrail-sionist rejimi qurub və məqsədi də İran üçün problem yaratmaq olub. Adamdan soruşarlar ki, Azərbaycan Respublikasının qurulması, öz müstəqilliyini ikinci dəfə bərpa etməsindən İrandakı güneyli soydaşlarımıza nə dəxli var? Bir də ki, məgər quzey-güney söhbəti, ikiyə bölünmüş torpaqların məsələsi yeni məsələdir? İran bu günkü Azərbaycandan qat-qat qüdrətli olan o zamankı sovet imperiyasından belə qorxub çəkinmirdi. Halbuki o zamanlar o imperiyanın tərkibində olan xalqlardan biri də Azərbaycan xalqı idi. Nə o zamanlar xalq olaraq, nə də müstəqillik zamanında dövlət olaraq Azərbaycanın İranın ərazilərinə iddiası yoxdur. "Yeni Müsavat" bu fikirləri İsrail səfirliyindəmi oturub düşünür?

Qəzet ziddiyyətli danışmaqla özü-özünü rüsvay edib

Qəzetin növbəti böhtanlarını oxuyanda doğrudan da İsrailin gözünə girmək naminə bu tip məqalələri yazdığı bir daha məlum olur. Əsas məqsəd odur ki, ölkənin aparıcı qəzetlərində İran əleyhinə bir yazı getsin. Yazının içində nəyin yazılması o qədər də mühim deyil. 
Amma təxribat dolu məqalənin bir parçasının digər parçası ilə ziddiyyət təşkil etməsi oxucunun diqqətindən yayınmır. Bu sətirləri diqqətlə oxuyun və düşünün! "İranın mühafizəkar çevrələri və SEPAH təşkilatı ölkənin şimal-qərbində “separatizm” meyllərinin gücləndiyi iddiası ilə azərbaycanlı fəalları izləyir və onları neytrallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışırlar. Azərbaycanlıların yaşadıqları əyalətlərə, xüsusilə Azərbaycanla həmsərhəd bölgələrə diqqət artırılır, ciddi təbliğat vasitəsilə fəalların gözdən salınması istiqamətində işlər təşkil olunur." Deməli, bu sətirləri oxuyan hər bir azərbaycanlı ilk baxışda elə düşünər ki, sanki İranda azərbaycanlı soydaşlarımız dövlət əleyhinə ayaqlanıb, İranda nəsə qarşıdurma salmaq, dövlətlə aralarında insidentin yaşanmasına səbəb olmaq istəyirlər. (Bu iddianın özü qəzetin təxribatı və güneyliləri fitnəkar kimi qələmə verməkdir) Dövlət isə bundna xəbər tutub onları zərərsizləşdirmək, neytrallaşdırmaq və ayaqlanmamaq üçün daim nəzarətdə saxlamağa çalışır. Amma təxribat dolu məqalənin qeyd etdiyimiz cümlələrindən sonrakı növbəti cümlələrində məqalə müəllifi olan qəzet özünü yaxşıca ifşa edib. İndi isə bu cümlələrə diqqət edin: "Hətta “Traktor” futbol klubunun fanatları azərbaycanlı fəallara qarşı istiqamətləndirilir. Bundan əlavə, hesab edilir ki, azərbaycanlı fəalları gözdən salmaq üçün xüsusi KİV və saytlar yaradılmalıdır." Deməli, qəzet bundan əvvəlki cümlələrdə iddia edir ki, "İran azərbaycanlı fəalları izləyir və onları neytrallaşdırmaq üçün bütün müm vasitələrdən istifadə etməyə çalışır" və "azərbaycanlıların yaşadıqları əyalətlərə, xüsusiylə Azərbaycanla həmsərhəd bölgələrə diqqət artırılır", bu da o deməkdir ki, İran dövləti ölkədə - "Yeni Müsavat"ın diliylə desək – güneylilərin ayaqlanmasından qorxur, ya da ehtiyat edir. Amma digər tərəfdən qəzet onu da iddia edir ki, ""Traktor"futbol klubunun fanatları azərbaycanlı fəallara qarşı istiqamətləndirilir". Əlbəttə, "istiqamətləndirilir" kəlməsi məlum yox, məchul kəlmədir. Yəni, faili bilinmir. İran kimi güclü və qapalı hesab edilən dövlətin planlarını "de-şifre edən" "Yeni Müsavat" nə əcəb ""Traktor" futbol klubunun fanatlarını azərbaycanlı fəallara qarşı istiqamətləndirən qüvvələri ifşa edə bilməyib. Əgər o edə bilməyibsə, biz ona bunların "kimliyini" iki-üç cümlədə izah edək. Bu qüvvələr ya qeyri-rəsmi və dövlətə aidiyyatı olmayan, əksinə, dövlətlə xalqın bir hissəsini qarşı-qarşıya qoymaq istəyən fitnəkar qüvvələrdir, ya da elə dövlət qüvvələridir. (Üçüncü versiya var, qəzet buyurub desin) Əgər birincidirsə (qeyri-hökümət qüvvələri və təxribata əl atanlar) bu o deməkdir ki, İran dövlətinin azərbaycanlılarla heç bir problemi yoxdur, ölkədə sabitlikdir, bu sabitliyi pozmaq istəyən qüvvələr var. Belə olan halda "Yeni Müsavat" özünə əziyyət verib həmin qüvvələri ifşa edib tənqid hədəfinə çevirməli, beləliklə də güneyli soydaşlarımıza yardım etməlidir. İkinci halda isə yəni əgər bu qüvvələr hökümət qüvvələridirsə, bu yerdə "Yeni Müsavat"ın dərc etdiyi məqaləsinin ziddiyyətli olduğunu iddia etdiyimiz sübuta yetir. Necə? Belə ki, bir tərəfdən azərbaycanlı fəalları – qəzetin təbirincə - "separatizm" meyllərinin gücləndiyi iddiası ilə izləyən, neytrallaşdırmaq üçün bütün mümkün vasitələrdən (!) istifadə etməyə çalışan dövlət digər tərəfdən necə olur ki, "Traktor" futbol klubunun fanatlarını azərbaycanlı fəallara qarşı istiqamətləndirir? Yəni başqa sözlə birinci halda İran dövləti öz zərərinə olan bir şeyi nə üçün həyata keçirməyə çalışsın. Belə də deyə bilərik ki, bir dövlət nə üçün ehtiyatlandığı, daim nəzarətdə saxladığı insanları başqa bir yerdə qıcıqlandırıb öz əleyhinə qaldırsın? "Yeni Müsavat" özünü rüsvay edən bu cümlələrlə kimi məsxərə edir, yaxud inandırmağa çalışır. 

Ermənistanla İran əlaqələrinə gəlincə isə...

Doğrudur, Ermənistanla istənilən dövlətin inkişaf istiqamətində əlaqələr qurması istənilən azərbaycanlını narahat etməyə bilməz! Amma, diqqət etsək görərik ki, həqiqətdə Azərbaycan tərəfi İrana qarşı insafsız addım atır. Məsələn, elə "Yeni Müsavat" qəzetinin İranın ünvanına söylədiyi sözlərin eynisini –artırmadan və əskiltmədən- İran tərəfi də Azərbaycana deyə bilər. Ən pisi də odur ki, İranın dostluq və əməkdaşlıq etdiyi dövlət –Ermənistan Azərbaycan tərəfindən dövlət kimi tanınır. Amma Azərbaycan tərəfi isə İran və bir sıra dövlətlər tərəfindən dövlət kimi tanınmayan və məxsusən İrana, müsəlmana, şiəyə qatı düşmənçiliyi ilə seçilən işğalçı, qaniçən, Fələstində Xocalı, 20 Yanvar kimi dəhşətli hadisələri törədən İsrail – sionist rejimi ilə dostluq əlaqələri qurur. "Yeni Müsavat" isə bir dəfə bu barədə yazmayıb. Əksinə İran əleyhinə yazmaqla hər dəfə İsrailin alqışını qazanmağa çalışıb. Əlbəttə, Azərbaycan tərəfi bunu siyasətin tələbi, dövlətin daxili məsələsi hesab edir və heç kimin Azərbaycanın daxili işlərinə qarışmasını istəmir. Bu məntiqlə dövlət olaraq, rəsmi sürətdə İranın da Ermənistanla əlaqələrinə qarışmır. Çünki bunun siyasətin tələbi olduğunu hesab edir. 
İranın Ermənistanla əlaqələrinə gəldikdə isə bu barədə dediklərimizə sözardı olaraq Mərmərə Universiteti Yaxın Şərq Araşdırmalar Mərkəzinin doktoru Kənan Çamurcunun sözlərini "Yeni Müsavat"ın diqqətinə çatdırsaq kifayət edər: "İranın vəziyyəti Türkiyə və ərəb ölkələrindən çox fərqlidir. İran 1979-cu il islam inqilabından bu yana müharibə və sərt embarqoların təhlükəsi altındadır. Bu ölkənin xarici siyasətinin əsasını Fələstin mübarizəsi təşkil edir. Sizi inandırım ki, Tehran Fələstin məsələsini bir kənara qoyarsa, Qərb dünyası onu superdövlətə çevirəcək və nüvə proqramının icrasına birbaşa dəstək verəcək. Bildiyim qədər bütün digər problemlər İranın xarici siyasətində sonrakı yerləri tutur. Amma deyə bilərsiniz ki, İran məzhəbcə bir olan Azərbaycanı deyil, digər məzhəbin davamçılarını - fələstinliləri dəstəkləyir. İran Qafqaz siyasətini Qərb blokuna qarşı regional bloklar qurmaq yolu ilə müəyyənləşdirir. Azərbaycan Qərblə, hətta İsraillə yaxın münasibətdə olduğu üçün İran Qafqazda Rusiya - Çin cütlüyü ilə birlikdə hərəkət edir. Ermənistanla yaxın əlaqələr saxlamasının səbəbi də elə budur. Məncə Azərbaycan Qərbdən və İsraildən üz çevirsə, İran Ermənistana qarşı sərt tədbirlər görə bilər. Hətta İran Ermənistan üzərində elə təzyiq vasitəsinə malikdir ki, İrəvanı Xocalı qətliamı üçün Azərbaycandan üzr istəməyə və təzminat ödəməyə də vadar edə bilər. Bununla da Qarabağ probleminə birdəfəlik son qoyular. Söylədiklərimizdən belə görünür ki, Qərb və bölgə blokları Qafqazda toqquşurlar. Yenə deyirəm, Azərbaycan Qərblə eyn blokda çıxış etdiyi üçün İran münaqişənin həllinə səy göstərmir."
Bununla da aydın olur ki, İranın Ermənistanla olan əlaqəsi heç də "Yeni Müsavat"ın arşını ilə ölçülməməlidir. 

  • Yazılıb
  • da (də) 2017 May 18
  • Göndərən مدير سايت Aran News