Tarix : 2017 May 22
Kod 51743

Sumqayıtın ''Şərq bazarı''nda sahibkarların dükanları sökülür

Mayın 21-də Sumqayıtın ''Şərq bazarı'' yaxınlığındakı 66 sahibkara məxsus dükanların söküntüsünə başlanıb.
 Meydan TV-yə məlumatı sahibkarlar verib. Onlar söküntünün səhər tezdəndən başlandığını bildiriblər:
Gah ətrafını hasarlayıb işləməyə mane oldular, gah iki gündən bir sökəcəkləri ilə təhdid etdilər, indi də sökürlər. Artıq 6 dükan dağıdılıb''. 
Sahibkarlar söküntünü İcra Hakimiyyətinin apardığını deyirlər: "Hətta bir nəfərin ürəyi də getdi. Veclərinə də almadılar. Söküntü davam edir". 
Dükan sahibləri əllərində məhkəmə qərarı, çıxarış və s. sənədlərinin olduğunu, buna dəğmən söküntünün dayandırılmadığını bildirirlər:
''Məhkəmə instansiyalarını udsaq da, əlimizdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən qanuni sənədlər olsa da, Sumqayıt İcra Hakimiyyəti mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymur. Heç bir məhkəmə sənədi olmadan dükanları qanunsuz sökür''. 
Sahibkarlar çaqınlıq içində olduqlarını, bu saatdan sonra hara, kimə müraciət edəcəklərini bilmədiklərini deyirlər. 
Sahibkarlarla İcra Hakimiyyəti arasında olan bu problem 2011-ci ildən davam edir. Şikayətçilər dükanlarının qanunsuz dağıdıldığını, söküntünün mülkiyyət hüquqlarının pozuntusu olduğunu deyirlər.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, söküntüyə görə əmlakı plana düşən hər bir şəxs müvəqqəti yerlə təmin ediləcək. Sonra isə onlara yeni tikiləcək ticarət mərkəzindən yer veriləcək:
“Xüsusən də göy-göyərti, meyvə-tərəvəz satanlara “Karvan” Ticarət Mərkəzində və “Xəlifə” şadlıq evinin birinci mərtəbəsində yer verilir. Həmin adamlar 3 ay vergidən azad ediləcək. Orada anti-sanitariya hökm sürürdü. İcra Hakimiyyəti sahibkarların anti-sanitariyadan şikayətlərini nəzərə alaraq, bazarda təmir-tikintiyə start verdi. Meyvə-tərəvəz yerləri “Karvan” Ticarət Mərkəzi və “Xəlifə” şadlıq evinin birinci mərtəbəsinə köçürüldü, yerləri təmizləndi”.
İcra Hakimiyyətindən deyildi ki, bircə köçürülməyən yer Rəşid Babayevin bazarıdır. Özünə tapşırılıb ki, oraları abadlaşdırsın: “Orada yeni ticarət mərkəzi tikiləcək. Sahibkarlara da yazılı zəmanət veriləcək ki, yeni bazar tam hazır olandan sonra orada onlara dükan verilsin. Sənədi olanlar problemlə qarşılaşmayacaqlar”.
  • Yazılıb
  • da (də) 2017 May 22
  • Göndərən مدير سايت Aran News