Tarix : 2017 May 22
Kod 51744

Sərəncamların bərbad etdiyi iqtisadiyyat

Azərbaycan hakimiyyətinin həqiqətən də öz yolu var. Təəssüflər olsun ki, bu “yol” palçıqlı, çirkablı, tikanlı yoldur. Məhz buna görə də bu yolda uğur qazanmaq, mənzil başına çatmaq mümkün olmur.
Daha dəqiq ifadə etsək, hakimiyyətin yolu yolsuzluqdan ibarətdi. Məsələn, bu yolda qanunlar işləmir, dünya təcrübəsindən istifadə olunmur, real addımlar atılmır.
Bəzən sual meydana çıxır ki, bu qədər sərəncamın, fərmanın, yeni yaradılan qurumların niyə effekti olmur. Sərəncamla, fərmanla inkişaf mümkün olsaydı, Azərbaycan dünyanın bir nömərli ölkəsi olardı. Çünki, bizim prezidentdən çox sərəncam imzalayan, fərman verən yoxdur. Bəzən xəbər tuturuq ki, ölkə başçısı eyni vaxtda 20, 30, 40 sərəncam imzalayıb.
Deməli, siyasi iradə, real istək olmadığı təqdirdə, bütün sərəncam və fərmanlar imitasiyadır və nəticə də bunu sübut edir.
Ölkə başçısı gah pambıqçılıqla , gah tütünçülüklə, gah yerli avtomobil istehsalıyla, gah da fındıqçılıqla bağlı sərəncamlar imzalayır. Son olaraq isə ölkə başçısı 2017-ci il 19 may tarixli “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sanki, bu sahələrin inkişafı bir imzadan, 5-10 cümləlik qulağa xoş gələn sözdən asılıdır.
Reallıq isə bunu göstərir ki, qanunların işləmədiyi ölkədə, bütün sərəncamlar ölüdür. İqtisadiyyatın inkişafı üçün azad bazar olmalıdır, inhisarçılıq aradan qaldırılmalıdır, sahibkarlara şərait yaradılmalıdır. İqtisadi inkişafı sərəncamlar deyil. tələb-təklif münasibətləri müəyyənləşdirir. Məsələn, bu gün dünya bazarında 1 milyon ton pambıq alıcısını tapa bilmirsə, hamıya məcburi pambıq əkdirmək absurd qərardı. Yaxud, sahibkarın sərmayəsinə zəmanət yoxdursa, iri məmurlar xırda sahibkarı asanlıqla tələyə sala bilirsə, xaricdəki iş adamlarını ölkəyə səsləmək gülünc görününr.
Ona görə də ilk növbədə qanunlar işləməlidir, hər hansı sahənin inkişaf etdirilməsinin əsasları ortaya qoyulmalı, bunun üçün ölkənin potensialı nəzərə aınmalı, mənfəət və zərər ölçülməlidir və.s
Sabah ölkə başçısı Yupiterdə göydələn tikməklə bağlı da sərəncam verə bilər. Hansısa süni peykimiz buna görə 5000 kilometr yol da qət edər. Amma nəticə olmayacaq, amma bu sərəncam gülməli görünəcək. İndiki halda şahidi olduğunuz saysız-hesabsız sərəncam və fərmanlar da eyni qaydada həyata keçirilir. Heç bir sərəncama görə məsuliyyət daşınmır, bu sərəncamın necə icra olunacağı, ilk nəticəsini nə vaxt verəcəyi müəyyən edilmir. Təkcə manatla bağlı aparılan işlərin nəticəsi göstərir ki, hökumət heç bir iş görmür. Sadəcə olaraq ayda bir dəfə “manat nəzərətdədi” açıqlaması verilir. Manat isə ümumiyyətlə ipə-sapa yatmaq fikrində deyil. Eyni mənzərəni ölkəmizdə keçirilən idman yarışlarında da görürük. Bu yarışların hamısı birmənalı şəkildə bücəyə zərər vurur. Milyard xərcləyib, milyon qazanmaqla məşğul olurlar. İllərlə ölkənin adını bütün hesabatlarda “qara siyahı”ya salıb, bu rüsvayçılığı bir yarışla ört- basdır etmək istəyirlər. Amma dünyanın yaddaşında həmin mötəbər tədbirlər deyil, 100-dən artıq siyasi məhbus qalır.
Xülasə, demək istəyirik ki, bundan sonra gündə 100 sərəncam da imzalansa, nəticə olmayacaq. Sərəncamlar tənəzzülün ömrünü qısaltmağa deyil, səriştəsizliyin ömrünü uzatmağa xidmət edir. İctimai fikirdə “hökumət işləyir”, “filan sahənin inkişafına pul ayrıldı” təbliğatını möhkəmləndirmək istəyirlər.
İqtisadi qanunları gözardı edib, hüququ ayq altına salıb, səhvlərdən nəticə çıxarmadıqdan sonra, bütün cəhdlər gözdən pərdə asmaqdır.
Ölkə qanunlarla yox, sərəncamlarla idarə olunursa, tənəzzülün barmaq silkələməsi təbii haldır. Qanunlarla yox, sərəncamlarla idarə olunan iqtisadiyyat böhrana məhkumdur./azadlıq/


  • Yazılıb
  • da (də) 2017 May 22
  • Göndərən مدير سايت Aran News