Tarix : 2017 May 23
Kod 51753

Hakimiyyətin borc cehizi

Dövlət müəssisələri çirkli pulların yuyulmasına xidmət edir
Dünyanın istənilən ölkəsində problemlər var və hökumətlərin vəzifəsi bu problemləri həll etməkdən ibarətdir. Amma dünyanın heç bir normal ölkəsində, bütün sahələrdən problem püskürmür. Azərbaycan hakimiyyəti elə bir vəziyyət yaradıb ki, nümunə üçün göstərəcəyimiz heç bir struktur yoxdur. Hansı dövlət qurmunu silkələsən korrupsiya, saxtakarlıq, vəzifə səlahiyyətlərini aşma halları fontan vurur. Həm də bu biabırçılıqları hansısa müxalifət mətbuatı, müxalifət funksioneri deyil, Hesablama Palatası üzə çıxarır. Hər dəfə Hesabalama Palatasının hesabatları ilə tanış olanda məlum olur ki, bütün sahələr iflic və nəzarətsiz vəziyyətdədir. Hətta məlum olur ki, ən böyük dövlət qurumları vergidən yayınıb, dövlət zəmanəti ilə xaricdən külli miqdarda borc götürüb.
2016-cı ildə dövlət büdcəsinə vergi borcları 1 mlrd. 434 mln. 449,4 min manata çatıb. 1 yanvar 2017-ci il tarixinə büdcəyə ödəniləcək əsas vergi borcunun məbləği 860 mln. 589,8 min manat təşkil edir, 193 mln. 47,2 min manat maliyyə sanksiyalarının, 380 mln. 812,4 min manat cərimələrin payına düşür. Bu barədə 2016-cı il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Hesablama Palatasının məlumatına əsasən, vergi borclarının 97,6%-i və ya 1 mlrd. 400 mln. manat qeyri-neft sektorunun borclarının payına düşür. Bundan əlavə, ötən il neft sektorunun borclarının həcmi 5,7% artıb, qeyri-neft sektorunun borclarının həcmi isə 41,2% azalıb. Dövlət sektoru müəssisələrinin borcu 365 mln. 419,5 min manat və ya bütün borcların 25,5%-ni, özəl müəssisələrin borcu 1 mlrd. 690 mln. 29,9 min manat təşkil edib.
Sadə vətəndaşın dövlət büdcəsinə qəpik-quruş borcu olanda, aidiyyatı qurumlar əzrayıla çevrilir. Vergidən yayındığına görə yüzlərlə sahibkarın ölkədən çıxışına qadağa qoyulur. Hansısa müxalifyönlü QHT-nin fəaliyyəti dəqiqliklə araşdırılır və qondarma rəqəmlər yaradaraq, həmin şəxsləri həbs edirlər. Necə olur ki, vergi məsələsinə bu qədər həssas yanaşan hökumət, dövlət müəssisələrinin külli miqdarda vergi borcuna göz yumur? Gecə-gündüz vətəndaşın dərisini soymaqla məşğul olan bu qurumlar niyə zərərlə işləyir? Bu qədər qazanc qarşılığında bu müəssisələrin xarici borc yükü niyə artır?
Görünən budur ki, bu müəssisələr korrupsiya mənbəyidir və çirkli pulları yumağ üçün saxlanılır. Əks halda, xeyir verməyən müəssisələr çoxdan özəlləşdirilərdi və büdcə təzyiq altında qalmazdı.
Bəli, rəsmi rəqəmlər də sübut edir ki, hakimiyyətin yürütdüyü siyasət bütün sahələrdə borc yükü yaradıb və dəbədəbəli binaların içində nimdaş idarəçilik hökm sürüb. 123 milyard dollar neft puluyla 25 milyard dollar dövlət borcu və vergi ödəmək iqtidarında olmayan müəssisələr yaradıblar. Bütün bunlar həm də vergi siyasətinin, iqtisadi siyasətin sabun köpüyü olduğunu təsdiq edir. Dövlətə korrupsiya adlı bəlanı elə məskunlaşdırıblar ki, şəffaflıq, hesabatlılıq, inkişaf özünə yer tapa bilməyib.
24 yaşlı YAP hakimiyyətinin analoqsuz inkişafı bundan ibarətdir. Yalnız dövlətin gücünü azaldan yarışlar keçirmək, açılış-bağlanış mərasimlərinə milyonlar xərcləmək haqqında düşünüblər. Dövlət müəssisələrinə sahib çıxa bilməyənlər, sahibsiz yarışlara ev sahibliyi etmək həvəsindədilər. Gələcək nəsillərə isə yalnız borc cehizi yığırlar./azadlıq/



  • Yazılıb
  • da (də) 2017 May 23
  • Göndərən مدير سايت Aran News