“Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsin özümüz yazıb imzalayarıq”. Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb imzanı elə çəkdilər”.
Meydan tv-Bu sözləri məhkəmədə şahid qismində ifadə verən Nardaran sakini Mövsüm Beytullayev deyib.Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib. Nardaran sakini olan Əli Nurməmmədov şahid kimi dindirilən zaman deyib ki, Taleh Bağırzadəni məclislərdən tanıyıb. O, bir müddət “İslam həqiqətləri” adlı qəzetdə dizayner vəzifəsində çalışdığını deyib. Şahid Taleh Bağırzadənin bir müddət Nardaranda qalmasının səbəbini bilmədiyini söyləyib.
Prokuror isə şahidin istintaqa verdiyi ifadənin elan edilməsini istəyib. Hakim onun istintaq zamanı verdiyi ifadəni elan edib. O, həmin ifadədə Taleh Bağırzadənin hakimiyyətə qarşı çıxmağa, dini dövlət qurmağa dair çağırışlar etdiyini, Taleh Bağırzadənin müraciət kitabçası olduğu deyilən kitabçanı oxuduqdan sonra cırıb tulladığını və oradakı fikirlərlə razı olmadığını bildirib. Ə. Nurməmmədov məhkəmədə həmin ifadəni təsdiq etməyib. Bildirib ki, ifadəni tam oxumadan imzalayıb. Prokuror ondan istintaq dövründə təzyiqə məruz qalıb-qalmamasını soruşub. O, təzyiqlə üzləşmədiyini deyib. Məhkəmə iclasında məlum olub ki, Ə. Nurməmmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verməzdən əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb. Ə. Nurməmmədov iclasda deyib ki, polis əməkdaşları onu evindən çıxarıb məhkəməyə aparıblar və məhkəmə onu bir ay müddətinə inzibati qaydada azadlıqdan məhrum edib. Həmin vaxt ona polis əməkdaşlarına tabe olmadığı üçün ittiham olunduğu deyilib. Ə. Nurməmmədov isə polis görmədiyini, belə halın baş vermədiyini bildirib:
“Mən həbsdən çıxanda sonra çağırıb ifadəmi aldılar. Həmin vaxt elə vəziyyətdə idim ki, adım da yadımdan çıxmışdı. Mən heç vaxt polis, məhkəmə görməmişəm. Bilmirdim ifadəni necə verərlər, oxuyub, sonra imzalamaq lazımdır. Bəzi hissələrin oxuyub imzaladım”.
Şahid qismində ifadə verən Mövsüm Beytullayev istintaq zamanı təzyiqlə üzləşdiyini deyib:
“Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsin özümüz yazıb imzalayarıq. Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb imzanı elə çəkdilər. Taleh Bağırzadəni mən internet vasitəsi ilə tanımışam, şəxsi tanışlığım olmayıb. Əbülfəz Bünyadovun evində bir dəfə olmuşam. Həmin vaxt isə Taleh Bağırzadə orada yox idi. Onun hakimiyyət əleyhinə çıxışlarını eşitməmişəm. Dedim, bizim kənddə silah olmayıb. Bizim silahımız təkbirdir”.
Şahid sualları cavablandıran zaman təhsilinin orta olduğunu deyib. Vəkillər ondan “radikal çıxış” ifadəsinin mənasını soruşublar. O, həmin ifadənin anlamını bilmədiyini deyib. Halbuki onun istintaq ifadəsində Taleh Bağırzadənin radikal çıxışlar etməsi yazılıb.
Proses iyunun 5-də davam edəcək.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə və digərləri həbs edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd, adam öldürmə və digər maddələri ilə ittiham elan edilib. Lakin onlar ittihamları qəbul etmirlər və istintaq zamanı təzyiqə məruz qaldıqlarını bildirirlər. T. Bağırzadə hakimiyyəti tənqid edən çıxışları ilə tanınıb və əvvəllər bir neçə dəfə həbsdə olub. O, həmin çıxışılarına görə həbs edildiyini bildirir.