Tarix : 2017 May 23
Kod 51760

İbn Ziyad Kufə əhlini necə susdurdu

Şam qoşununu yada salıb, onun Kufəyə doğru hərəkətindən danışan ibn Ziyad qiyamçıları qorxudurdu.
İbn Ziyad mənfur Yezid rejiminə qarşı çıxan xalqı susdurmaq üçün üç istiqamətdə siyasi gedişlər etdi:
1. Psixoloji hücumlar.
İbn Ziyad hədə-qorxu və şirnikdirmə ilə müşayiət olunan bu siyasətə Kufəyə girdiyi andan başlamışdı. O, Kufənin came məscidindəki ilk çıxışında özünü itaət edənlərə mehriban ata kimi təqdim edib, itaət etməyənlərə qılıncının qəbzəsini göstərdi. (“Vəqətul-təf”, s. 110.)
Şam qoşununu yada salıb, onun Kufəyə doğru hərəkətindən danışan ibn Ziyad qiyamçıları qorxudurdu. İmamın (ə) nümayəndəsi Müslim qəsrdə onu mühasirəyə aldıqdan sonra bu metod daha çox təsir göstərirdi. (həmin mənbə) Kufəlilər imam Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsindən sonra (Şam qoşunu ilə son qarşılaşma) bu qoşun haqqında düşünərkən sıxılır, onunla qarşılaşmaq üçün özlərində güc görmürdülər. Bu təbliğat hətta qapalı qadın cəmiyyətinə də tə’sir etmişdi. Belə ki, qadınlar öz qardaşlarını və ərlərini Müslim ün qoşunundan kənarlaşdırırdılar. Məhz bu təbliğat nəticəsində, günorta ibn Ziyadın olduğu qəsri dörd min nəfərlə mühasirəyə alan Müslim axşama yaxın Kufə küçələrində tənha qalmışdı.
2. İctimai gedişlər.
Hələ də qəbilə münasibətləri möhkəm olduğundan, qəbilə başçıları güclü ictimai nüfuza malik idilər. Onların çoxu imamın (ə) Kufəyə dəvət olunmasında fəal iştirak etmiş, sonra isə Müslim ə qoşulmuşdular. Lakin bu adamlar öz məqamlarını qorumaq üçün çalışdıqlarından, ibn Ziyadın hədə-qorxularından sonra ona qoşulmağı daha münasib bildilər. İbn Ziyad onları öz ətrafına toplamağın yolunu yaxşı bilirdi. O, hədə-qorxu ilə yanaşı, rüşvətdən istifadə etməklə qəbilə başçılarını özünə tərəf çəkdi. Kufədən çıxıb imamın dəstəsinə qoşulmuş Müctəme ibn Əbdullah Aizi Kufədəki vəziyyət barədə imama (ə) bunları bildirdi: “Kufə başçılarına xeyli rüşvət verib, çüvallarını doldurdular. Onların dostluğunu və xeyirxahlığını ələ aldılar. Onlar hamısı sənə qarşıdır.” (“Vəqətül-təf”, s. 174.)
Übeydullah ibn Ziyadın ələ aldığı ikinci nüfuzlu qüvvə “ərif”lər oldu. Qəbilələr Kufədə məskunlaşdığı vaxt “ərif” məqamı dövlət vəzifəsi həddinə gəlmişdi. Onlar Kufə hakimi qarşısında cavabdeh hesab olunurdular. Onların mövqeyi qəbilə başçısı tərəfindən yox, hakim tərəfindən müəyyənləşirdi. Bu adamlar hökumətlə xalq arasında körpü rolunu oynayırdı.
Hər bir ərif xüsusi dəftərdə nəzarəti altında olanların adını qeyd edir və bu adamları hamıdan yaxşı tanıyırdılar.
İbn Ziyad ilk çıxışından sonra ərifləri qəsrə toplayıb dedi: “Siz gəlmələrin və Yezid müxaliflərinin siyahısını hazırlayıb verməlisiniz. Eləcə də şübhəli adamlar haqqında məni məlumatlandırmalısınız. Mənim əmrimə itaət edənlərlə işimiz olmayacaq. Amma deyilən siyahını yazmayanlar dəftərlərindəki adamlara cavabdeh olacaq. Əgər bir ərifin dəftərindəki adam bizə qarşı çıxsa, ərifin özünün malı və qanı bizə halaldır. Hansınızın dəftərində qiyamçı adı tapılsa, onu evindəcə dara çəkəcəyik…” (“Vəqətül-təf”, s. 11.) İbn Ziyadın bu çıxışından sonra əriflər öz adamlarına ciddi nəzarət etməyə başladılar.
3. İqtisadi gedişlər
Həmin dövrdə xalqın əsas dolanışıq mənbəyi hökumətin verdiyi ianələr idi. Bu ianələr əhalinin iranlılara qarşı müharibədə iştirakı müqabilində təyin olunmuşdu. Bu ianələri almaqda davam edən ərəblər heç bir işə maraq göstərmirdilər. Onlar işləməyi özlərinə sığışdırmırdılar. Kufəlilər hökumətdən nağd puldan, əlavə xurma, buğda, arpa, yağ və sair yardımlar alırdılar. Bu ianələr ərəbləri tam şəkildə dövlətdən asılı edirdi. Ümumiyyətlə, bütün müstəbid hökumətlər xalqın bu zəif nöqtəsindən ustalıqla istifadə edirlər.
Müslim, ibn Ziyadın qəsrini mühasirəyə aldığı vaxt o, Müslim ün ətrafındakılara elan etdi ki, dağılışıb gedənlərin ianəsi artırılacaq, qiyam davam etsə, iaənələr kəsiləcək. İbn Ziyad bu gedişi ilə otuz minlik Kufə qoşununu imam Hüseynə qarşı müharibəyə vadar etdi. Hansı ki, qoşundakıların çoxu qəlbən imama bağlı idi.
İmam Hüseyn (ə) bu gedişləri yaxşı dərk edirdi. Həzrət (ə) Aşura günü kufəlilərə üz tutub dedi: “Hamınız mənə qarşı çıxıb, sözlərimi dinləmirsiniz. Çünki sizə verilən ianələr haramdandır, qarınlarınız haramla dolub. Bu səbəbdən də qəlbləriniz möhürlənib. (“Biharul-ənvar”, c.45,s.8.)
nur-az.com

  • Yazılıb
  • da (də) 2017 May 23
  • Göndərən مدير سايت Aran News