Tarix : 2017 May 24
Kod 51766

İslam oyunlarının qazancı və xərci

100 milyon dollar xərclənib, 2,5 -3 milyon manatlıq bilet satılıb
12 gün davam edən Bakı IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Yarışlara 21 idman növü üzrə 54 dövlətin 6 minə yaxın idmançı qatılmışdı.
Xatırlatma: Dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanında keçirilib. İkinci İslam Həmrəylik Oyunları 2009-cu ilin oktyabrında İranda keçirilməsi planlaşdırılsa da, Tehran və ərəb ölkələri arasında yaranan fikir ayrılığı səbəbindən ləğv edilib və ikinci oyunlar 2013-cu ildə İndoneziyada baş tutub.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanında da, İndoneziyada da, nəhayət, Azərbaycanda da keçirilən oyunların qalibi meydan sahibləri olub.
 3 ölkə maliyyə səbəbindən oyunlara qatıla bilmədi
Oyunlardan əvvəl gənclər və idman naziri Azad Rəhimov Bakı oyunlarına 57 yox, 54 ölkənin qatılacağını demişdi.
IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi bu ölkələrin Bakıya gəlməməsinin səbəblərini açıqlamır. İdman mütəxəssisləri isə düşünür ki, Sudan, Küveyt və Liviya maliyyə problemi səbəbindən gələ bilməyib.
Ancaq Azad Rəhimov maliyyə problemləri olan ölkələrə yardım edəcəklərini söyləmişdi:
 "50 ölkənin təsdiq cavabını almışıq. Qalan 7 ölkə isə gələ bilmir. Bəzilərinin maliyyə problemləri var. Çalışırıq onlara kömək edib, oyunlara cəlb edək".
15 ölkə yarışları medalsız tərk etdi
Bakı IV İslam Həmrəyliyi Oyunlarıında ən çox medalı Türkiyə qazansa da (195), qızıl medalların qazanılmasında onlar Azərbaycandan geri qaldılar. 
Bu barədə yarışların saytında bildirilib ki, Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanıb. İkinci yeri tutan Türkiyə 71 qızıl, 67 gümüş, 57 bürünc medalla oyunların ikinci qalibi olub. Üçüncü yerdə  gələn İran İslam Respublikası 39 qızıl, 26 gümüş, 39 bürünc medalla yarışları başa vurub.
Amma oyunları medalsız tərk edən ölkələr də olub, bu sıraya Albaniya, Bruney Darüssəlam, Burkina-Faso, Çad,Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Somali, Toqo, Yəmən, Fələstin, Niger, Syerra-Leoene və Mavritaniya daxildir.
"Yoldaşlar, doğrudan, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir?"
Maraqlı məqamlardan biri İslamiadaya əhalisinin az qismini müsəlmanlar təşkil edən ölkələrin də qatılması olub.
 Bu barədə jurnalist Emil Salamoğlu öz "Facebook" səhifəsində fikirlərini paylaşıb.
"Yarışlara qatılan Toqoda din azadlığı mövcuddur və xalqın 51 faizdən çoxu təbiət inancına malikdir. Bu ölkənin 29 faizi xristianlıq, 20 faizi islam inanclıdır. Bundan başqa, sahil bölgəsində az da olsa yəhudi icmaları yaşamaqdadır, çox az bir hissəsi isə Vudu inancına görə həyatını yaşamaqdadır. İslam oyunlarına gələn mərkəzi Afrikanın zəngin və nefti olan dövləti Qabonda katoliklər: 46,3 faiz, protestantlar 33,1 faiz, animizm  9,3 faiz, müsəlmanlar 8,8 faiz təşkil edir.  Kamerunda rəsmi dil fransız və ingilis dilləridir. Əhalinin əksəriyyəti xristiandır. Onlardan 40 faizi katolik, 30 faizi protestant məzhəbindəndirlər. Müsəlmanlar əhalinin 18 faizini təşkil edir, 6 faizi heç bir dinə sitayiş etmir, qalan 6 faizi isə yerli sahəvi dindən olan insanlardır. İslam yarışlarına gələn ölkələrdən daha biri – Qayana, Cənubi Amerika qitəsində yerləşir, qərbdə Venesuela, cənubda Braziliya ilə həmsərhəddir. Dövlət dili ingiliscədir. Əhalinin 51,4 faizi xristian, 28,4 faizi induist, 7,3 faizi müsəlman, 4,3 faizi ateist, 0,5 faizi rastafarian, 0,1 faizi bəhai, 2,2 faizi isə digər yerli dinlərin nümayəndələridir. İslam Oyunlarına gələn Surinam dövləti Cənubi Amerikada yerləşir, əhalisi 550 min nəfərdir, onun da cəmi 19 faizi müsəlmandır, 81 faiz qeyri-müsəlman. Yoldaşlar, doğrudan, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir?" deyə Salamoğlu fikrini bu sualla bitrib.
İlham Əliyev: Qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir
Yarışların başa çatmasından sonra İslamiadanın qalibləri və onların məşqçiləri ilə görüşən prezident İlham Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünü göstərir:
"Əldə etdiyimiz qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir".
Ölkə başçısı bildirib ki, oyunların keçirilməsi ilə bağlı artıq Azərbaycan standartları tətbiq olunub:
"Bu gün Azərbaycan inkişaf edən müasir mütərəqqi güclü dövlət kimi tanınır və idmançıların uğurları bunu bir daha təsdiq edir. Müstəqilliyimiz ən böyük sərvətimizdir və IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyimiz qələbə müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri gücümüzü daha da artırır. Bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır".
 “İdman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdədir, Azərbaycan qalibdir", - deyə prezident qeyd edib.
100 milyon dollar xərclənib, 2,5 -3 milyon manatlıq bilet satılıb
 IV İslam Həmrəyliyi Oyunları ərəfəsində prezidentin sərəncamıyla birinci yeri qazanan idmançı 150 min manat, məşqçisinə 75 min manat, ikinci yeri tutan idmançı 80 min, məşqçisinə 40 min, üçüncü yeri qazanana 50 min, məşqçisinə isə 25 min manat pul mükafatı verilməsi nəzərdə tutulmuşdu.  
Oyunlarına nəticələrinə əsasən, Azərbaycan idmançıları 75 qızıl medal qazanıb. Bununla da birinci yer sahiblərinə 16 milyon 875 min manat, 50 gümüş medalla ikinci yer sahiblərinə 6 milyon, 37 bürünc medalla üçüncü yer tutanlara 2 milyon 775 min manat veriləcək.
Bu, idmançılara ayrılan ümumi məbləğin 25 milyon 650 min manat olduğunu göstərir. 
 Dövlət büdcəsindən idman oyunlarının keçirilməsinə 100 milyon dollar ayrılmışdı.
Nə qədər biletin satılmasına gəlincə, gənclər və idman naziri Azad Rəhimov  bu barədə tam hesablama aparıldıqdan sonra dəqiq rəqəmin müəyyənləşəcəyin deyib:
"Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".
Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub:
"Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək".
"Avtoritar dövlətlər üçün idman yarışları əlavə özünü təsdiq vasitəsidir"
Prezident İlham Əliyevin "əldə etdiyimiz qələbələrin müstəqilliyimiz möhkəmləndirilməsinə verilən növbəti töhfə və hədiyyədir" açıqlamasını Meydan TV-yə şərh edən siyasi icmalşı Rauf Mirqədirov bildirib ki, idman və siyasət arasında arzu olunmasa da, əlaqə var:
"Bu əlaqələr bir sıra hallarda dövlətlərarası münasibətlərdə özünü göstərir. Avtoritar, totatlitar dövlətlər üçün idman yarışları əlavə özünü təsdiq vasitəsidir və həmişə siyasi hadisə olub. SSRİ-də buzüstündə hokkey, basketbol, futbol oyunları ciddi nəzarət altında olub, müəyyən komandalar uduzanda buraxılırdı, hətta həbs olunan idmançılar da var idi. O cümlədən, dövlətlərarası siyasi gərginlik dövrlərində də idman vasitə olub, məsələn, 1980-ci ilin Moskva Olimpiya Oyunlarına Amerika başda olmaqla bir sıra Qərb ölkələrinin idmançıları qatılmamışdı. Yaxud dopinqlə bağlı Rusiyaya qarşı cəzaların tətbiqi dünənə qədər müzakirə mövzusu olmuşdu və biz 80-ci illərin başqa məzmunuyla qarşılaşdıq. Düşünmürəm ki, Rusiya-Qərb münasibətləri bir qədər pozitiv olsaydı, məsələ bu dərəcədə böyüyərdi. Ancaq elə dövrlər olub ki, siyasət olimpiya oyunlarına mane olmayıb. Məsələn, 2008-ci ilin avqustunda Rusiya Gürcüstana qarşı müharibə edəndə Çində olimpiya oyunları dayanmadı".
 "Məgər dünyada buddizm, xristianlıq oyunları var? Bu barədə düşünmək belə gülüncdür"
 R.Mirqədirovun qənaətincə, islam oyunları məsələsi bir qədər mübahisəlidir. Çünki dünyada regional yarışların təşkili ənənəsi var:
“Məsələn, müxtəlif idmanlar üzrə Avropa, Amerika çempionatları var. Dini amil üzərində yarışların təşkilində bir qədər diskiriminasiyalıq, özünütəsdiq və komplekslik var. Asiya, Qafqaz oyunları keçirilsəydi, anlamaq olardı. Məgər dünyada buddizm, xristianlıq oyunları var? Bu barədə düşünmək belə gülüncdür. İslam oyunları ideyası dinlərarası qarşıdurmada müsəlman dövlətlərinin özünütəsdiq istəyindən doğan bir addımdır və mən bunu uğurlu saymıram. Bu oyunların ideyası 2000-ci illərin əvvəlində yaranıb ki, həmin dövrdə bu məsələ qabardılmışdı, ABŞ-ın Əfqanıstana, İraqa hücumu, prezident Buşun "səlib yürüşü" ifadəsi və sairə. Bu mənada populyar olmayan oyunların ölkənin siyasi imicinə müsbət təsir edəcəyi şübhəlidir.     
"Sovet dövründə idmançıların adı hansısa idarələrdə gedirdi və yüksək maaş alırdılar"
Yarışlarda qalib olan idmançılara yüksək həcmdə pul mükafatı verilməsinə gəlincə, Rauf Mirqədirov əksər demokratik ölkələrdə bu səviyyədə maliyyə ayrılmadığını söyləyib:
"Bəli, idmançının qalib gəlməsi ölkə üçün böyük şərəfdir, dövləti tanıdır. Ancaq qələbə üçün pul mükafatının bu qədər olması mümkün deyil. Pul mükafatı qaydası daha çox geridə qalmış kommunist ölkələrini əhatə edir, sovet dövründə idmançılara mənzil, maşın, bağ evi verilirdi, onların adı hansısa idarələrdə gedirdi və yüksək maaş alırdılar. İndiki Azərbaycanda idmançıları həvəsləndirmə qaydasının bir hissəsi sovet dövründən qalırsa, qalanı hakimiyyətin özünütəsdiq istəyindən doğur. Əslində, xaricdən gətirilən idmançıları daha çox pul qazanmaq maraqlandırır, onlar üçün Azərbaycan bayrağını yüksəltmək önəmli deyil. Məsələn, IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışında Türkiyə və Azərbaycanı təmsil edənlər koreyalı idi".
"Oyunların iqtisadi səmərəsi onsuz da olmayacaqdı"
ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli dünyanın heç bir ölkəsində hökumətlərin idman yarışlarından pul qazanmadığını deyib:
“İslamiadadan daha ciddi marağa səbəb olan Avropa Oyunlarında bu yanaşma özünü təsdiqlədi. Yaxud Braziliya olimpiya oyunlarından çox böyük itki ilə çıxdı. Ancaq ölkələrin tanıtımı, orta və uzun zaman üçün turistlərin cəlb edilməsi və biznes mühiti yaxşı olduqda turistlərin gəlməsindən dövlətlər qazanır. Ona görə dövlətlər olumpiya və müxtəlif idman yarışları üzrə dünya çempionatlarını ölkələrin tanıtımına və sonrakı dövrdə turistlərin, investorların cəlb olunması üçün keçirmək istəyirlər”.
İqtisadçı təəssüflənir ki, hökumət bu yarışlara pul qazanmaq üçün davranırdı:
“Əgər infrastruktur investisiyalar və turizm üçün bərbaddırsa, hər hansı beynəlxalq idman yarışlarından gəlirli çıxmaq mümkün deyil. İkinci, bu oyunların prestiji aşağı olduğundan dünya mediasında işıqlandırılması da aşağı səviyyədə oldu. Sadəcə Avropa oyunları və İslamiada barədə qərar neftin qiymətinin yüksək olduğu illərdə verilmişdi. İndiki ağır durumda bunlardan imtina etməyi isə prestijlərinə xələl gətirəcək kimi qəbul edirlər. Amma oyunların iqtisadi səmərəsi onsuz da olmayacaqdı”.
"İslamiadaya qoyulan vəsait özünü doğrultmadı"
Natiq Cəfərlinin sözlərinə görə, hökumət idmana ciddi yanaşmaq istəyirsə, uşaq və gəncləriin idman məktəblərini inkişaf etdirməlidir:
“Elə idmançılar yetişdirilməlidir ki, gələcəkdə onlar heç bir pul mükafatı düşünmədən dövlət və bayraq naminə idman yarışlarına qatılsınlar. Yoxsa bu gün komandaların əksər üzvləri Azərbaycan bayrağını tanımayan legionerlərdən ibarətdir. Və bu adamlara çoxlu maliyyə ayrılması yalnız iqtisadi yox, gələcəyin idmanı baxımdan da doğru yanaşma deyil. Sabah Azərbaycanın pulu olmayacaqsa, həmin idmançı başqa ölkənin adından yarışlara qatılacaq. Bu baxımdan İslamiadaya qoyulan vəsait özünü doğrultmadı. Bəlkə hökumət bu yarışlarla islam ölkələrindən turist cəlb etməyi düşünürmüş, amma Gürcüstana baxanda əksi görünür. Son 1 ildə Azərbaycana ərəb ölkələrindən və İrandan gələn turistlərin sayı xeyli artıb, bu, iqtisadiyyat üçün yaxşıdır. Gürcüstanda isə ərəb ölkələrindən və İrandan turist axını Azərbaycandan qat-qat yüksıkdir. Halbuki, qonşu ölkədə heç bir beynəlxalq idman oyunları keçirilməyib. Sadəcə, Tbilisinin apardığı sosial-iqtisadi siyasət, servis xidməti turistləri cəlb edir”.
"İslamiadaya xərclənən vəsaitlə xaricdə təhsil proqramını bərpa etmək olardı"
İqtisadçı hesab edir ki, İslamiadaya xərclənən vəsaitlə çox işlər görmək olardı:
“Ən azından medal qazanan idmançılara ayrılan pul mükafatının hesabına onlarla gənc xaricdə oxumağa göndərilməliydi. Yaxud IV İslam Həmrəyliyi Oyunlarına ayrılan bütün vəsaitlə xaricdə təhsil proqramını bərpa edib yüzlərlə tələbənin təhsil problemini aradan qaldırmaq mümkün idi. Bununla gələcəkdə güclü mütəxəssislərin ölkəyə dönüşü və iqtisadiyyatın canlandırılmasında iş görmək olardı. Yaxud həmin vəsaitlə şəhid ailələrinin problemlərinə əncam çəkmək, orta və kiçik sahibkarların inkişafına dəstək vacib idi”.  
BU BÖLMƏDƏKILƏR ƏTRAFLI
Sosial şəbəkədə status yazmaq həbslə nəticələnə bilər? Bu il Rusiya Ermənistana yeni silahlar verəcək - Günün icmalı - 23.05.2017 İslam oyunlarının qazancı və xərci Rusiya Ermənistana yenə silah verəcək







  • Yazılıb
  • da (də) 2017 May 24
  • Göndərən مدير سايت Aran News