Yazacaqlarım yeni deyil. Çünki hamımız eyni ölkədə yaşayır, təxmini eyni yeyir, eyni dolanırıq. Yəni ölkəmizin ərazisinin kiçikliyə rəğmən hamı bir birindən ümumi olaraq əyani və şifahi xəbərdardır. Hətta fikir verməsək belə yaşadığımız ictimaiyyətdə sosial təzadlarımız da bizə aydındır. Məsələn az maaşla bahalı geyimlərimiz, evdə şor çörək yesək də bahalı smartfonlarımız, kirayə yaşasaq da bahalı maşınlarımız, ismətdən danışsaq da çılpaq bədənlərimiz, imandan danışsaq da vədə xilaflarımız, hicabdan dəm vursaq da zahiri kosmetikalarımız və daha nələr, nələr. Xülasə “kişinin malı göz qabağında olar” misalını rəhbər tutaraq nəyimiz varsa gizlin deyil.
Yazacaqlarım “yeni deyil” demişdim. Amma xatırlatmalar edəcəyəm. Çünki insan unutqan və tez yolun azandır (əlbəttə xatırlatmalar olmasa). Budur ki, ayə və hədislərimiz bu tövsiyələri bizə vacib etmişlər.
Həmin xatırlatma babından xatırladıram ki, hal hazırda bu xalqın on iki ruhanisi müxtəlif və qeyri-adekvat maddələrlə həbs edilib. Elə məhz yenə də həmin xatırlatma babından onların adlarını burada qeyd etməyi zəruri bilirəm. Deyirəm bəlkə Allah eləməmiş kiminsə yadından çıxmış ola; Hacı Mövsüm, Hacı Fəramiz, Hacı Abgül, Hacı Tale, Hacı Zülfüqar, Kərbəlayi Fərhad, Kərbəlayi Qismət, Hacı Elman, Kərbəlayi Ruzi, Kərbəlayi Ramin, Hacı Elgün və nəhayət onlardan sonuncusu, ilk namaz məhbusu Hacı Sərdar Hacıhəsənlidir.
Əlbəttə bütün bunlar bu saydıqlarımızla bitmir. Bu vaxta qədər həbs olan yüzdən çox mömin və ona yaxın həbs müddəti bitmiş ruhanilərin adlarını qeyd etmək olar. Bunlar oxuculara xatırlama olsa da diqqəti on iki dəqiqəlik söhbətinə görə on iki il həbs cəzası almış, həbs müddətinin altı ilini kars və “kriti”də çəkmiş, hazırda yenidən “kriti”yə yola salınmaq astanasında olan, Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsüm Səmədova yönəltmək istəyirəm. Dünən AİP sədrinin vəkili Yalçın İmanovun həbsxana rəisinə istinadən verdiyi məlumata əsasən Mövsüm Səmədov qapalı tipli həbsxanaya yollanmalıdır. Amma məhkəmə qərarına kimi onu yenidən tək kamera şəraitində saxlamalıdırlar. Çünki vəhhabi əqidəsində olanlar onun üçün sui-qəsd hazırlaya bilərlər. Guya ki, Mövsüm Səmədovun həyatı üçün təhlükə var. Səbəb isə Doktor Səmədovun məhbuslar arasında ilahi və əxlaqi dəyərləri yaymasıdır.
Birinci qanunsuzluq bundan ibarətdir ki, həbsxana rəhbərliyi Mövsüm Səmədovu xüsusi mühafizə tipli otağa keçirdiyi gün, paralel olaraq Qapalı Tipli Həbsxanaya göndərmək barədə məhkəməyə müraciət edib. İkincisi isə bu addım məhbusun öz razılığı ilə atılmalı idi. Deməli yenə də torbada aslan var. Yenə də oyun oynanılır. Amma bu dəfə İslam həmrəylik oyunları deyil, İslam təfriqə oyunlarından gedir söhbət. Sizcə ölkədə bu qədər qlobal problemlərin qaynayan bir vaxtında zindanın bir guşəsində öz Xaliqi ilə raz-niyaz edən şəxs niyə bu qədər narahatedicidir? Niyə milyonları talayıb yeyənlər, monopolistlər, korrupsionerlər, rüşvətxorlar, ölkənin təhlükəzlik sistemində çalışarkən xalqına xəyanətdə bulunanlar sizi Mövsüm Səmədov qədər narahat etmir? Allaha heçmi imanınız və inamınız yoxdur? Verilən əmr sizin üçün Allahdan və Onun sözündən daha dəyərlidir?
İlahi kitabda “Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənlərə şiddətli əzab veriləcəyini xəbər ver (Ali Imran 21)” – deyə birə ayə vardır.
İlahinin şiddətli əzabından qorxmursuz? Qəddafilərin, Səddamların və sairlərin sonu barəsində heç düşünməmisiz? Bəlkə onların başlarına gələnləri İlahi təqdirdən savayı olduğunu düşünürsüz? Allah-təala növbəti sürəsində buyurur: Allah öz nurunu tamamlayacaqdır. Hətta kafirlərin və müşrükləruin xoşuna gəlməsə belə” (Səf surəsi.)
Əlbəttə bu suallar vicdanı dustaq puluna susdurulmuş şəxslər üçün təsir qüvvəsini itirmiş sayılır. Amma bunu da qeyd edim ki, Mövsüm Səmədovun təhlükəsizliyi barəsində işlətdiyiniz ifadəni görməzdən gəlmədik. Bunun üçün qanun çərçivəsində bütün hüquqlarımızdan istifadə edəcəyik. Çünki bu vaxta kimi heç bir vəhhabi sektasına aid olan kimsə, türmədə belə bir addım atmaq iqtidarında olmayıb.
ShareFacebook