Tarix : 2017 May 27
Kod 51786

Allahı sevmək cəzası və ya 3 addımlıq cinayət

Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi Masallı məhkəməsində may ayının 25-də baş tutdu.
nur-az.com:Proses səhər saat 11:00-da başlasa da, ölkənin bütün nöqtələrindən haqsevər insanlar özlərini məhkəmə binasının önünə vaxtından qabaq çatdırmışdı. Bu insanların içində olan Allah sevgisi, ədalət üsyanı üzlərindəki güvənc hissi, eyni zamanda Şeyx Sərdarın bir ruhaninin çata biləcəyi ən uca məqama qovuşduğunun göstəricisi idi.
 Məhkəmə prosesini izlədikcə bu məqamda dayanan insanın ucalığı, aliliyi, mükəmməlliyi bütün müşahidə edənlərin qəlbini bir daha Şeyx Sərdar sevgisi ilə doldurdu.
Vetenuğrunda saytının məhkəmədən hazırladığı bu yazını oxuduqca inanıram ki, əziz oxucularımızın da ürəyi bu vətən övladına, ədalətsizliyə müqəddəslərimiz kimi üsyan edən, Allahına sevimli qul olan Şeyx Sərdar məhəbbəti ilə dolacaq.
Bu Masallı Rayon Məhkəməsində Şeyx Sərdar Hacıhəsənlinin ikinci məhkəmə prosesi idi. Birinci prosesdəkindən fərqli olaraq, bu dəfə Masallı polisləri sərdarsevərlərə qarşı hər hansı basqı və ya kobud rəftar nümayiş etdirmədi. Bunun səbəbi isə amerikalı qonaq idi. Bəli, bu dəfə məhkəməni amerikalı qonaq, diplomatik korpusların nümayəndələri izləyəcəkdi. Odur ki, qaçdı-qovdu yox idi. Birinci məhkəmədə dindarları söyən, özünü "Vandam" kimi aparan fiziki və əqli qüsurlu olduğu aydın seçilən, özünü rəis adlandıran şəxs də yox idi. Deyəsən, Amerika adı eşidib qaçmışdı. Ahh, macərə dolu Amerika...
Su yolu gedən hakimin “yox ki yox” inadı
Açıq keçirilən məhkəmədə cəmi 30 oturacaq olduğundan bu prosesi çox az adam izləyə bildi. Bu zal bəlkə də dünyada açıq məhkəmənin keçirildiyi ən kiçik məhkəmə zalı idi.
Yeri gəlmişkən, qeyd edim ki, Masallı Rayon Məhkəməsinin hazırkı binası müasir tələblərə qətiyyən cavab vermir, üstəlik, qapıdan içəri girən kimi ayaqyolundan gələn dəhşətli sidik qoxusu başgicəlləndirir. Məhkəmənin qapısını açanlar bir anlıq özlərini lap Mozambikdə və ya Afikanın susuzluqdan əziyyət çəkən, səfalətin hökm sürdüyü hər hansı ölkəsində hiss edir. Məhkəmə üçün tikilən yeni bina isə hələ ki, istifadəyə verilməyib.
Hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını ölkənin tanınmış vəkilləri Yalçın İmanov, Cavad Cavadov, Osman Kazımov və Nemət  Kərimli müdafiə edirdi.
Vəkillər hakimin diqqətinə ötən məhkəmə zamanı baxılmamış qalan vəsatətləri çatdırdı və yenidən qaldırdı.
Şeyx Sərdarın vəkillərin yanında əyləşməsi və məhkəmə prosesinin video və audio qeydinə icazə verilməsi ilə bağlı vəkillərin qaldırdığı vəsatət təmin edilmədi. Qeyd edək ki, açıq keçirilən məhkəmədə çəkiliş aparılması və səs yazılarının qeydə alınması tamamilə qanuni olsa da, hakimlər buna icazə vermir. Hakim yenə də məhkəmənin açıq keçirildiyini bəhanə gətirərək vəsatətləri təmin etmədi.
Hakimlərin qaldırdığı hər bir vəsatətin baxılması üçün tez -tez iclasa getdiyini deyən hakim məsləhət-məşvərət otağı ilə məhkəmə zalının yolunu su yoluna döndərsə də, sonadək “yox” deyib durdu. Belə ki, hakim Şeyx Sərdarın vəkillərinin qaldırdığı vəsatətləri təmin etmədi. Bu vəsatətlərin təmin etməsini isə qanunlarımız tələb edirdi, təkcə vəkillər yox.
Masallının Hollivud ulduzu kimi icra başçısı      
Ən qəribəsi isə dövlət ittihamçısının Şeyx Sərdarın həbs edilməsi barədə şikayət edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun məhkəməyə gələrək şahid qismində çıxış etməsinə etirafı oldu. Sən demə, icra başçısı daha vacib işlərlə məşğul imiş və məhkəmədə üzəduranlıq vəzifəsinə təyin etdikləri şahidlər onu bu məsələdə artıqlaması ilə əvəz edə bildikləri üçün Rafil Hüseynovun gəlməməsi məsləhət imiş.
Nə qədər çalışsam da anlaya bilmədim, söhbət hansısa Hollivud ulduzundan gedirdi, yoxsa, Masallının icra başçısı Rafil Hüseynovdan?
Rafil Hüseynovun şikayəti əsasında Şeyx Sərdar həbs edilibsə, o zaman onun şahid qismində şikayətçi olduğu şəxsin məhkəməsində iştirakını qanunlarımız tələb edir. Məhkəmə prosesi boyunca bir məqamı sezdim: bütün qanunlarımızı elə “qanunlardan” danışanlar pozur. Çünki bu “qanunlardan” danışanlar əslində Azərbaycan Konstitusiyasına arxalarını çevirib, öz yazdıqları qanunlarla idarə edənlərdir. Belələri qanun deyəndə də öz vərdişlərindən və onlardan tələb edilənlərdən hazırlanan küliyyatı nəzərdə tutur.  
Bu cəngəllik qanunlarının tələbinə əməl edən məhkəmə hakimi, Şeyx Sərdarın həbs qəti-imkan tədbirinin dəyişdirilərək ev dustaqlığıyla əvəz olunması ilə bağlı qaldırılan vəsatəti də təmin etmədi. Səbəbini isə belə tragikomik əsaslarla izah etdi ki, guya bu vəsatətin təmin olunacağı təqdirdə Şeyx Sərdar şahidlərə təzyiq edər, həmçinin məhkəmədən yayına bilər.
Müdafiə tərəfi isə artıq bütün şahidlərin ifadə verdiyini və onların ifadələrini dəyişdirilməsinin mümkünsüzlüyünü bildirdilər. Vəkillər məhkəmə hakiminin diqqətinə ölkə başçısının yenicə imzaladığı sərəncamı da çatdırdı. Sərancamda az ağır cinayət törətmiş adamları həbs qəti-imkan tədbiri ilə deyil alternativ vasitəlilərlə saxlanılması tələb edilir.
Vəkil Osman Kazımov məhkəmə prosesində Şeyx Sərdarın əliqandallı oturdulmasını qanunsuz adlandırdı və hakimdən qandalın açılmasını tələb etdi. Axır ki, hakimin “hə”sini eşitdik, Şeyx Sərdarın əlindəki qandalı açdılar.
Olmayan qanunun, olmayan tələbinə görə həbs...
Vəkillər Şeyx Sərdarın Hacıhəsənlinin ittiham olunduğu maddənin Konstitusiya ilə ziddiyyət təşkil etdiyini dedi: “Konstitusiyanın 48-ci maddəsinə görə hər bir kəs qanunvericilik çərçivəsində sərbəst toplaşmaq və dini ayinləri fərdi, yaxud birlikdə icra etmək hüququna malikdir. Əgər iddia edilirsə ki, Şeyx Sərdar qanunu pozub və elə maddə də deyildiyi kimi insanların hüquqlarını pozaraq onlara namaz qıldırıb bu daha absurd görünür. Çünki bu dəqiqə bayırda yüzlərlə insan var ki, elə Şeyxin arxasında namaz qılanlardır. Aydındır ki, şeyx kiminsə iradəsinə zidd bu işi görməyib. Həmçinin cümə namazının qılınması vaxtı hər hansı neqativ hal baş verməyib. O zaman bu maddənin özü keyfiyyətsizdir”.
Vəkil bu qanunun Avropa Konvensiyasının 9-cu maddəsinə zidd olduğunu, fərdin hüquqlarını pozduğun bildirdi: “1400 ildir İslam dini var və ayinləri icra edilir. Necə oldu ki, birdən-birə bütün bunlar qanun pozuntusu oldu? Bu qanun Nardaran hadisələrindən dərhal sonra, müzakirəsiz-filansız tələsik şəkildə qəbul edilib. Bu, əslində qanun deyil, siyasi sifarişdir”.
Daha sonra vəkillər  ki, Nardaran olaylarından sonra qəbul edilən bəlli qanunun natammamlığından danışdı və belə qanunların hüquq işçiləri tərəfindən müzakirə edilmədən tələsik qəbul edilməsini anormallıq adlandırdı.
Vəkillər bununla bağlı məhkəmə hakimindən, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi və geniş araşdırılması məsələsini qaldırsalar da dövlət ittihamçısı bütün digər vəsatətlər kimi buna da lüzum olmadığını bildirdi. Tələsik qərar verən dövlət ittihamçısı yenə də fikirini əsaslandıra bilmədi.
Şeyx Sərdar hakimdən vəd aldı
Məhkəmədə Şeyx Sərdarın anası Dilbər xanım, qardaşları və digər yaxınları da iştirak edirdi.
Bütün baş verənləri səbrlə müşahidə edən Şeyx Sərdar Hacıhəsənli də məhkəmədə çıxış etdi. O, məhkəməyə gələnlərə təşəkkür edəndən sonra üzünü hakimə tutub İslam dinində hakimlər haqqında deyilənləri onun diqqətinə çatdırdı: “İnsanın arxasında divar nə qədər böyük olsa, qaranlıqda kölgəsi o qədər böyük olur. İslamda hakimlər barədə deyilir ki, hətta onun ayaqqabıları ayağını sıxarsa və bu onun narahatlığına səbəb olarsa, məhkəməni aparmamalıdır.
Hakimlər başqa insanlardan asılı olmamalı, müstəqil qərarlar verməlidir. İslam hakimlərə xüsusi məqam sahibləri kimi qiymət verir və daim onları ədalətli olmağa səsləyir. Cənab hakim, siz ən adi vəsatətləri təmin etmirsiniz. Görünür bu işdə sizə basqılar var.
Ümid edirəm ki, qanunun aliliyini qoruyacaqsınız. Əgər siz mənə bu barədə təminat verirsinizsə, o zaman bizim məhkəməyə ümidimiz olacaq və ədalətli qərarı gözləyə bilərik. Əgər bunu bacarmayacaqsınızsa, o zaman bu məhkəməyə gəlməyə dəyməz. Çünki bundan əvvəl keçirilən məhkəmələrin hamısında ədalətsizliyin şahidi olduq”.
Allahın hökmü cinayətdirsə…
Daha sonra Şeyx Sərdar itiham edildiyi qanunun anormallığından danışdı. O, dedi ki, Quranda ibadət hesab edilən məsələ Azərbaycan qanunlarına görə cinayət imiş: “Quranın hökmü cinayət işi hesab edilir. Bununla da siz Allah ilə bəndəni üz-üzə qoyursuz.
İndi siz məndən soruşursunuz ki, cinayəti törətmişən ya yox? Əgər desəm ki, hə, o zaman belə çıxır ki, Allaha deyirəm ki, bağışla səhv etmişəm. Sənin buyurduğuna əməl etmişəm və namaz qılmışam.
Ateizm qanunu ilə İslam dini mühakimə olunur. Deyirsiniz ki, cümə namazı qıldığım üçün məni həbs ediblər. Azərbaycanda cümə günləri 50-dən çox məsciddə cümə namazı qılınır və bu namazların ritual forması, məzmunu eynidir.  
Yəni mənim qıldığım cümə namazı ilə digər bir ruhaninin qıldırdığı namaz eynidir. O zaman niyə məhz mənə cinayət işi açılır? Onda gərək bütün cümə namazı qılanlar mühakimə olunsun.
Sovet dövründə bütün bunlar qadağan olunmuşdu. Müstəqillik əldə etdikdən sonra cümə namazı da bərpa olundu. Məni Masallıda cümə namazı qıldırmaq üçün QMİ-nin bölgə üzrə rəsmi nümayəndəsi dəvət edib.
Digər tərəfdən də mənim xaricdə təhsil almağım Sovet dövründə olub. Ondan əvvəl də elə öz ruhanilərimizdən dərs oxumuşam. 9 yaşımdan anam əlimdən tutub məni dini dərs öyrənmək üçün müəllim yanına aparıb”. Daha sonra Şeyx Sərdar Azərbaycanın tanınmış din alimi Ustad Molla Bəylərdən dini təhsil aldığını bildirib.
Odur ki, əməlimdə heç bir qanun pozuntusu olduğunu düşünməmişəm. Həmçinin qanun qəbul edildikdən sonra da bu barədə mənə şifahi və yaxud yazılı hər hansı irad bildirilməyib. Qəbul edilən qanunu da özümə aid etməmişəm.
Bu zaman dövlət ittihamçısı Şeyx Sərdarın çıxışına müdaxilə edərək bildirib ki, qanunu dövlət qəbul edib və hər kəs buna tabe olmalıdır: “Əgər Sərdar Hacıhəsənli namaz qılanda 3 addım geridə dayansaydı o zaman ittiham olunmayacaqdı”.
Dövlət ittihamçısının bu sözlərinə zalda gülüşmə qopdu. Məhkəmədə iştirak edən xarici qonaqlar da dövlət ittihamçısının 3 addımlıq ittihamına qəhqəhə çəkdi.
Dövlət ittihamçısı Şeyx Sərdardan İranda təhsil aldığı universitetlə bağlı sual verdi. Şeyx bildirdi ki, dünyanın məşhur elm ocaqlarından biri olan Əl-Mustafa Universitetində ali təhsil alıb.
Qeyd edək ki, bu nüfuzlu universitetə dünyanın 60-dan çox ölkəsindən hər il minlərlə gənc elmin sirlərinə yiyilənmək üz tutur.
Daha sonra dövlət ittihamçısı dedi ki, cümə namazı haqında anlayışı yoxdur və bu barədə bilmək istəyir. Şeyx Sərdar cümə gününün İslamda xüsusi dəyərə malik olduğunu bildirdi, cəm olmaq anlamını verdiyini dedi: “Quranda 114 surədən biri də “Cümə” surəsidir və onun sonuncu ayəsində insanlara cümə namazı qılmaq Allah tərəfindən əmr olunur”.
Qəfil gələn Azan səsini eşidən Şeyx çıxışını yarımçıq kəsdi və bunu Azana hörmət əlaməti olaraq etdiyini bildirdi.
Məhkəmə fasilə elan etdi.
Huşsuz üzəduranın əbanı unutması boyu
Fasilədən sonra davam edən iclasda şahidlər ifadə verdi.
Birinci şahid Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin cənub zonası üzrə baş məsləhətçisi Kamil Bağırov idi. Kamilin hürkmüş obrazı və cavabını bilmədiyi suallardan qaçmaq üçün yaddaşsız roluna girməsi səhərdən baş verənlərin fonunda bu məhkəməni daha çox məzhəkəyə bənzədirdi.
Şahid K.Bağırov ifadəsində Şeyx Sərdar Hacıhəsənlini 2013-cü ildən  tanıdığını bildirdi: “Xaricdə dini təhsil aldığı üçün ona məsciddə xütbə söyləməsinin qanuna zidd olduğu haqda dəfələrlə xəbərdarlıq etdim. Lakin o, cavab verməyib üzümə baxdı”.
Vəkilərin verdiyi suallardan qaçan üzəduran Şeyx Sərdar Hacıhəsənlinin verdiyi sualdan yerində donub qaldı: “Hörmətli Kamil müəllim, biz hansı fəsildə görüşmüşdük və əynimdə hansı geyim var idi?
K.Bağırov karıxmış şəkildə, qışda görüşdüklərini və Şeyxin əynində pencək olduğunu bildirdi. Bu zaman Şeyx iştirakçıların arasında olan ilahiyyatçılardan birinin qabağa keçməsini xahiş etdi. Əynində əba, başında əmmamə olan ilahiyyatçını hakimə göstərib soruşdu: “Möhtərəm, hakim, siz bu geyimi kiminsə əynində görsəydiniz, unuda bilərdiniz? Bu bizim uniformamızdır və cümə namazında qabaqda dayanan şəxs bu geyimdə olmalıdır mütləq. Əgər bu Kamil müəllim, məni əbada görübsə, niyə unudub”.
Vəkillər isə hakimə Kamil Bağırovun dediklərində ziddiyyət olduğunu və suallara cavab vermədiyini şikayət etdi. Hakim K.Bağırova təpindi: “Gördüyün işin məsuliyyətini dərk edirsənmi? Şeyxi həbs etdirirsən, səbəbini izah edə bilmirsən. Suallardan qaçma, cavablandır”.
Bu zaman vəkil Osman Kazımov şahidə bildirdi ki, suallara cavab vermədiyi halda cinayət məsuliyyətinə cəlb ediləcək.
Şeyx Sərdar üzünü hakimə və vəkillərə tutub, onu şərləyən K.Bağırovun üstünə getməməyə çağırdı: “And olsun səsimi eşidən Allaha, and olsun atamın müqəddəs qəbrinə, bu Kamili birinci dəfədir görürəm. Amma yazıqdır, buraxın getsin, üstünə gedib lap kiçiltməyin. İndi pis zamanədir. Ehtiyacı ucbatından gəlib üzəduranlıq edir, ləyaqətini bir tikə çörəyin üstünə qoyub satır. Mən sizi bağışlayıram, çıxın gedin”.
Digər şahid Masallı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev də çaşqınlıq içində, ziddiyyətli fikirlər səsləndirdi.
O, da əvvəlki şahidin sözlərini olduğu kimi təkrarlamağa başlayaraq dedi ki, Şeyx Sərdara yaxınlaşaraq məsciddə xütbə söyləməsinin qanuna zidd olması barədə dəfələrlə xəbərdarlıq etsələr də Şeyx onlara cavab verməyib.
Şeyx Sərdar Hacıhəsənli hakimə üzünü tutub dedi ki, bu şahidləri bu qədər kişilikdən salmayın, yazıqdılar. Buraxın getsinlər. Necə sifariş olubsa, eləcə də cəzanı verin bitsin bu oyun.
Üçüncü şahid isə Şeyx Sərdarın cümə namazlarında iştirak etdiyini bildirdi.
Vəkil Cavad Cavadov şahidə sual verdi ki, Şeyx Sərdar cümə xütbələrində nədən danışırmış. İranın adını çəkirdimi?
Şahid isə, Şeyx Sərdarın cümə xütbələrində Allahı sevməkdən və İslam dinindən danışdığını dedi və heç bir xütbəsində İranın adını çəkmədiyini bildirdi.
Sonda hakim növbəti prosesin iyun ayının 7-si saat 14:00-a təyin olunduğunu açıqladı.






  • Yazılıb
  • da (də) 2017 May 27
  • Göndərən مدير سايت Aran News