1944-cü ildə Görinqin Hitlerə verdiyi vəd boşa çıxmışdı və Almaniya səmasına artıq Lüftvaffe deyil, müttəfiq ölkələrin təyyarələri ağalıq edirdi. Düşünməyi bacaran “NSDAP” üzvləri başa düşürdülər ki, bu, sonun başlanğıcıdır və müharibəni uduzublar. Bu həngamədən sonra xalqın və ölkənin köhnə yolla getməsi ancaq və ancaq axmaqlıqdır. Ona görə də onlar, Hitlerin arxasından müttəfiqlərlə danışıqlar aparmaq istəyirdilər. Lakin rejim fanatları heç nəyə baxmayaraq, ya ölənədək savaşır, ya da depressiyadan, hikkədən "Heil Hitler!" deyib intihar edirdilər. Bəzi vəzifə sahibləri isə var-dövlətlərini çoxdan yığıb neytral ölkələrə qaçmaq üçün məqam gözləyirdilər. Eyforiya təsirini itirmişdi. Böyük alman xalqını hipnoz etmiş ölkə rəhbərliyi, sonda onu ağır bir faciə ilə üz-üzə qoymuşdu. Bu, insanlıq hissindən uzaq, eqoist adamlardan ibarət həmin ölkə rəhbərliyi idi ki, xalqın başına açılmış oyuna son qoymaq üçün nəinki heç bir şey etmirdi, əksinə, xalqı son nəfəsədək döyüşməyə və ölməyə göndərirdi. Müharibəni bütün vasitələrdən istifadə edərək davam etdirməyi düşünən Hitler, bir yandan da Üçüncü Reyxin Silahlandırma və hərbi sənaye naziri Albert Şpeerin yalanları ilə ruhlanırdı. Şpeer vəzifəsində qalmaq, əlindəki hakimiyəti itirməmək üçün deyirdi ki, Sovet və mütəffiq ölkələrin qoşunlarına müqavimət göstərmək üçün hərbi sənaye potensialı tükənməyib. Düşmənə qarşı dirənmək olar. Bu vaxt isə xalqın ixtiyar ataları və əli güclə silah tutan “Hitler-Jugend”çi balaları küçələrdə boş-boşuna qırılırdı. Antihitler Koalisiya Qüvvələrinin Berlinətrafı şəhər və qəsəbələrə çatması da, Berlində artıq hər bina, hər mənzil uğrunda amansız küçə döyüşlərinin başlaması da, ölkəyə ağalıq edənlərə öz kreslolarından əl çəkmək üçün, bu cəhaləti, bu dəhşəti bitirmək üçün kifayət etmirdi. Onlar sanki ən son vətəndaşı belə qurban verməyi önlərinə məqsəd qoymuşdular. Bunun nəticəsi olaraq itkilər hər gün çoxalır, qan su yerinə axırdı. Halbuki başda Hitler olmaqla, Albert Şpeer və Üçüncü Reyxə rəhbərlik edən digər şəxslər, etdiklərini başa düşüb, ideyalarının və sistemlərinin iflasa uğradığını etiraf etsəydilər, vaxtında insanlığı məhv etmək istəyən ölüm maşınlarının əyləcinə bassaydılar, müharibənin sonuna yaxın bu qədər insan həyatı məhv olmazdı.Bu gün Almaniya tamam başqa siyasətə və iqtisadiyyata sahib olan böyük bir dövlətdir. Onlar buna öz tarixlərindən çıxardıqları dərsləri dəyərləndirərək nail olublar.
Amma bu gün Azərbaycandakı vəziyyəti Almaniyanın o dönəmdəki vəziyyətinə oxşatmaq üçün ortaya ata biləcəyimiz bir neçə səbəb var.
1.Ölkənin məsuliyyətsiz rəhbərliyi, başda prezident olmaqla, nazirlərin, deputatların ölkənin uğurları barədə həddindən artıq şişirdilmiş təbliğatı, xalqa danışılan yalanları və xalqdan gizlədilən həqiqətləri, cəbhədəki qurbanlar;
2. İdarəçi partiyanın fanatları, kresloya görə ağ yalan danışıb, ölkənin problemlərini ört-basdır edənlər, vəzifədə daha da çox qalmaq üçün başqalarını qurban verməkdən çəkinməyənlər;
3. Yanlış addımlar səbəbindən yaranmış siyasi və iqtisadi böhran barədə xəbərdarlıqları iqnor edən, uğursuzluqları etiraf etməyən süni vətənpərvər məmurlar, iqtisadçıların, tarixçilərin, bir çox sahə üzrə ekspertlərin analizlərini vecə almadan ölkəni addım-addım uçuruma aparan YAP-çılar;
4. Döyülən, öldürülən, repressiyalara məruz qalan jurnalistlər, təzyiq və təqib altında qalan media orqanları;
5. MTN, DİN, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və s. kimi dövlət qurumlarının hökumətin yaratdığı yalan və rüşvət mexanizmlərinin funksiyalarını həyata keçirməsində önəmli rol oynaması;
Bu yaxınlarda dövlətin onu tənqid edən, xalqa dəqiq xəbərlər verən, ölkədəki vəziyyətin rənglərini çatdıran 5 sayta heç bir qanuni sübut və səbəb olmadan Azərbaycandan giriş izninə blok qoyması ölkədəki vəziyyətin nə qədər ağır olduğunu təsvir edir. Ən gülməlisi odur ki, Ermənistanda Azadlıq radiosu fm dalğada normal fəaliyyət göstərir. Bizdə isə hökumət fm-i bağladı, radionun ofisini bağladı, sayta internetdən giriş iznini də blokladı. Jurnalistlərə, müstəqil mediaya və ümumiyyətlə, azad ifadəyə çoxdan müharibə elan etmiş Azərbaycan hökumətinə fikirləşib bir ad tapmağa ehtiyac yoxdur. Bunun adı ölkədəki hər şeyə “üstü bəzək, altı təzək” prinsipi ilə yanaşan makiyajı baha qlamur monarxiyadır. Jurnalsitlərin təqib olunması, döyülməsi və öldürülməsi, siyasi dusdaqların sayının artması ilə hər gün daha da çox tanınan Azərbaycanda, prezidentin xarici jurnalistlərə ölkədə demokratiyanın olması barədə danışdığı nağıllar, Leyla Əliyevanın xarici kanallara poz verərək, “Əli və Nino” filmini xalqa növbəti uğur kimi soxuşdurması, AŞPA nümayəndəsinə Azərbaycanın leyhinə fəaliyyət göstərməsi üçün verilən rüşvətin skandalı, ordumuzda baş verən gizli məqamlarla bağlı qəbul edilən tələsik və xalqdan gizli qərarlar, ölkədəki xaosun məngənəsində hər mənada əzilmiş xalq, Azərbaycandan qaçmaq üçün gecə-gündüz yollar axtaranlar və artıq Avropa ölkələrinin qapılarında istər siyasi, istərsə də maddi yardım üçün boynunu bükənlər, bunlarla yanaşı, bəy və xan ədasıyla xalqa həmişəki kimi zülm edən məmurlar, hələ bütün bunlar azmış kimi, bu basabasda ölkəmizdə keçirilən beynəlxalq yarışlara tökülən milyonlar - bunların hamısı bu gün Azərbaycanın necə fövqəladə pis vəziyyətdə olmasından xəbər verir. Xəbər verir, amma ölkə rəhbərliyi bu xəbərdən dərs çıxarırmı? Çıxarmır.
Hakimiyyətdə oturanların Avropada təhsil alan övladları, bahalı ev-eşikləri, villaları, sarayları, ticarət obyektləri, biznesləri. Onlar öz keflərindədilər. Bəs xalq? Xalq isə ona zülm edən hökumət tərəfindən sərvətləri talandıqdan sonra böyük bir faciə ilə üz-üzə dayanıb. Bu monarxik rejimə rəhbərlik, fanatlıq, köləlik edənlər isə yollarının yanlış olduğunu etiraf etmirlər. Etiraf etmirlər ki, uduzublar. Etiraf etmirlər ki, ölkənin belə yolla idarə edilməsi faciəvidir, axmaqlıqdır və başa düşmək istəmirlər ki, əgər onlar siyasətlərinin hər mənada iflasa uğradığını vaxtında etiraf edib, öz yollarından çəkilməsələr, dövləti və milləti bəlaya aparan maşınlarının əyləcinə vaxtında, basmasalar, Azərbaycanın bir dövlət kimi mövcud olması böyük bir sual altında olacaq. Sabah ölkə ən pis fəlakətlə üzləşəndə, qaranlıq bir quyunun lap dibinə düşəndə, bu gün hakimiyyətdə oturanlar təbii ki, öz ideyalarına görə intihar-filan etməyəcəklər. Onlar şələ-külələrini də götürüb xaricdəki mülklərinə qaçacaqlar.
Bizim prezidentin ətrafında Albert Şpeer kimi bilikli və istedadlı adam yoxdur. Ancaq vəzifədə qalmaq uğrunda ona ölkə üçün faciəvi olan bu yolun doğru yol olduğunu, bu yolun ağ günə çıxaracağını deyənlər çoxdur. Onu “ruhlandıranlar” çoxdur. Həddindən artıq çox. Şou davam edir. Bu vaxt isə Bakıda biçarə vətəndaş günün günorta çağı üstünə benzin tökərək özünü borcunu ödəyə bilmədiyi üçün elə bankın önündə yandırır, hansısa əsgəri komandiri döyüb öldürür. Sonra da deyir ki, o intihar edib.
Bu vaxt bir ata, maddi problemlərinə görə özünü Koroğlu metrosunun yanındakı körpüdən atıb intihar edir. Vəziyyət, doğrudan, pisdir. Pisdən də pis. Bu sərsəmliyin bitməsi üçünsə, bu hökumət sanki Azərbaycanın ən son vətəndaşını belə qurban vermək istəyir.
2017-ci ildir və İlham Əliyevin xalqa verdiyi bütün vədlər boşa çıxıb. Azərbaycan səmasına ölkədəki özbaşınalıq və qanunsuzluqlardan əziyyət çəkən vətəndaşların ahı ağalıq edir.
Bir ölkənin ağır vəziyyətinə son qoymaq, onun yaralarını sağaltmaq üçün ölkə rəhbərliyində oturanların ciddi-ciddi düşünməsi gərəkdir.
Bəs bizimkilərin, ümumiyyətlə, düşünmək qabiliyyəti var?