Tarix : 2017 May 27
Kod 51792

Təbrizdə 28 May – Respublika Günü ilə bağlı qəbul təşkil edilib

Azərbaycanın Təbrizdəki baş konsulluğu 28 May – Respublika Günü münasibətilə qəbul təşkil edib.
truthngo.org-Qəbulda İranın Şərqi Azərbaycan vilayətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbüstəri Xiyabani, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki baş konsulu və baş konsulluğunun əməkdaşları, Təbriz Universitetinin rektoru doktor Purməhəmmədi, ictimaiyyət nümayəndələri və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra baş konsul Əliyənnağı Hüseynov çıxış edərək xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci ilin mayın 28-i yaradılan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşub. Azərbaycan xalqı 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikasının təməlini qoyub.
İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin mahiyyətini əyani şəkildə nümayiş etdirir.
O qeyd edib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa edərək tarixi ədalətsizliyə son qoydu. Buna baxmayaraq, Sovet hakimiyyətinin son illərindən miras qalan siyasi xaos xalqımızın dövlətçilik sərvətinin itirilməsi təhlükəsi yaradırdı. 1993-cü ildə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev böyük siyasi uzaqgörənliklə xalqımızı dövlətçilik işığında birləşdirməyə nail oldu.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev həmişə İranla münasibətlərin inkişafına xüsusi diqqət göstərib. Bu gün Prezident İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. Hazırda ölkəmiz İran ilə çoxşaxəli əlaqələrə malikdir. Azərbaycan və İran münasibətləri ortaq tarix, mədəniyyət ilə yanaşı, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinə və ənənəvi dostluğa söykənir. Azərbaycan Respublikası müstəqilliyin ilk illərindən dost və qardaş İranın dəstəyinin şahidi olub. Son dörd ildə Azərbaycan və İran prezidentləri 8 dəfə görüşüb. Ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb.
Baş konsul Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, bir neçə gün əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu Oyunlar, eləcə də 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması xalqımızın və dövlətimizin İslam dünyasına göstərdiyi dəstəyin bariz nümunəsidir.
Qəbulda çıxış edən Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini S.Ş.Xiyabani bildirib ki, ötən 4 il ərzində İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında Şərqi Azərbaycan vilayətinin də rolu var. Qarşılıqlı səfərlər zamanı rəsmi şəxsləri və iş adamları arasında yaxşı əlaqələr qurulub.
Tədbirdə IV İslam Həmrəyliyi Oyunları haqqında film nümayiş olunub.
Qəbul mədəni proqramla davam etdirilib.




    • Yazılıb
    • da (də) 2017 May 27
    • Göndərən مدير سايت Aran News