islamınsesi.az- “İslaminSesi”nə daxil olan təbrikdə deyilir:“Əziz mömin qardaş və bacıları, əziz müsəlman xalqımızı Allah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. İlahi ziyafət ayı sayılan Ramazan ayı təqvimimizdə mövcud ayların sultanı sayılması təsadüfi deyil. Mübarək Ramazan ayında Allah-Təala bəşəriyyətə mərhəmətini əsirgəmədən Özünün ən böyük hədiyyəsini-müqəddəs Qurani-Kərimi bəxş etmişdir. Qədr gecələrinin də məhz bu aya təsadüf etməsi Allahın insanlara mərhəmətindən irəli gəlir. Belə ki, həmin gecə Rəbbimiz insanlara mənəvi-əxlaqi təmizlənmək üçün fürsət verir və Qədr gecəsinin ibadətini min ayın ibadətindən üstün sayır. Allah- Təala bu ayda oxunan duaları qəbul edir, insanları çətinliklərdən qoruyur.
Təəssüflə qeyd etməlik ki, ölkəmizdə Allah-Təalanın bizlər üçün vacib bildiyi əməllərə münasibətdə, müqəddəs İslam şəxsiyyətlərinin hamımız üçün nümunəvi cəhətləri, bəşəri keyfiyyət və əlamətlərinə yanaşmada qeyri səmimiyyətlilik his olunur. Bunu onunla izah edə bilərik ki, İslam dəyərlərinin daşıyıcıları olan şəxsiyyətlər, ruhani alimlər qədərincə qiymətləndirilmir. Bu gün xalqımızın içindən çıxmış, fəxr etdiyimiz, elmindən hər kəsin bəhrələnə biləcəyi və yetərincə insanın bəhrələndiyi onlarca ruhani alim və ibadət əhli cəmiyyətdən təcrid şəraitində-məhbəslərdə ömür sürür. Hacı Mövsüm Səmədov, Hacı Fəramiz Abbasov, Hacı Sərdar Həsənli, Hacı Abgül, Hacı Taleh, Hacı Zülfüqar, Hacı Fərhad və digərləri cəmiyyətimizə verə biləcəkləri dini-elmi-fəlsəfi tövsiyyələrdən süni şəkildə kənarlaşdırılmış, Mövsüm Səmədova qarşı isə zindanda belə rahatlıq verilməməklə onun yenidən qapalı tipli həbsxanaya köçürülməsinə cəhdlər edilir. Bəzi hallarda isə onun hətta fiziki məhvinə yönəlik ssenarilər işlənir.
Biz qanunsuz həbs olunan ruhanilərimizin, haqsız yerə məhbus həyatı yaşayan bütün vətəndaşlarımızın tezliklə azadlığa qovuşmalarını arzulayır, zülmün aradan getməsini, siyasi məhbuslarımızın ailələrinə qovuşmalarını Allahdan istəyirik.
Hər birimiz Rəbbimizdən saf niyyətlə mübarək Ramazan ayında oruc tutmağı, ibadət edib Quran tilavətini nəsib etməyi diləməliyik.
Əziz müsəlmanlar, sizləri bir daha mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı, gözəl ibadət, evlərinizə ruzi-bərəkət, cəmiyyətimizə birlik, mehribanlıq arzulayıram.
Hörmətlə AİP-in sədr əvəzi Hacı İlham Əliyev