Tarix : 2017 May 27
Kod 51794

AİP Mövsüm Səmədovla bağlı müraciət etdi

AİP Mövsüm Səmədovun həyatının təhlükədə olması ilə bağlı müraciət etdi;
Hacı Mövsüm Səmədovun Hüquqlarının Müdafiə Komitəsi və Azərbaycan İslam Partiyasının rəhbərliyi  Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan M. Səmədova qarşı qərəzli münasibətə aydınlıq gətirmək, AİP sədrinin həyatına yarana biləcək təhlükəni dəqqətə almaq məqsədilə Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili Xanım Elmira Süleymanovaya, Azərbaycan Respublikası Milli Preventiv Qrupunun rəhbəri cənab Vüqar Məhərrəmova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi cənab Ceyhun Həsənova, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə və BMT-nin Bakı Nümayəndəliyinə aşağıdakı məzmunda rəsmi müraciət ünvanlanmışdır.
"Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Saxta ittihamlarla həbs olunmasına baxmayaraq 2011-ci ilin yanvar ayından məhbus həyatı yaşayır. M.Səmədov İnsan haqlarının müdafiəsinə dair  bir sıra beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi qəbul edilsə də ona qarşı qərəzli münasibət həbsxana şəraitində bu gün də davam etdirilir. Hüquqlarını müdafiə etdiyimiz Mövsüm Səmədovun həyatına artıq real təhlükə yaranmışdır. O, cəza çəkdiyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində narahat günlərini yaşayır. 22 may 2017-ci il tarixində M.Səmədov vəkili Yalçın İmanova bildirmişdir ki, müəssisənin rəhbərliyi onun Qobustandakı qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsindən ötrü məhkəməyə müraciət etmişdir. Bunun səbəbini isə hazırda cəza çəkdiyi həbsxanada onun həyatına təhlükə yaranması ilə əlaqələndirmişdir.
Hesab edirik ki, M.Səmədovun təhlükəsizliyinin təmin edilməsinin onun Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə heç bir əlaqəsi yoxdur. Çünki M.Səmədovun  bundan öncə də cəza çəkdiyi həbsxanasının dəyişdirilməsi sırf qərəz xarakteri daşımışdır. İkincisi də, təhlükənin olduğunun dilə gətirilməsi o deməkdir ki, baş verə biləcək xoşagəlməz hadisəyə görə müəssisə rəhbərliyi məsuliyyətdən yan keçmək niyyəti güdür. Əslində məhbusa qarşı baş verə biləcək təhlükə müəssisə əməliyyatçıları tərəfindən müşahidə edilmirsə buna qarşı preventiv tədbir həyata keçirilməlidir, nəinki məhbusun vəziyyətini daha da gərginləşdirmək və onu qapalı tipli həbsxanaya köçürmək. Düşünürük ki, bu addım tam qərəzli xarakter daşıyır. Halbuki M. Səmədovun fiziki sağlamlığı qapalı tipli müəssisədə daha çox zərər çəkə bilər. O, hərəkətsiz qalacağı təqdirdə ayaqlarında varikoz damar genişlənməsi daha da şiddətlənəcəkdir.  
Mövsüm Səmədovun taleyi ilə bağlı problem ailəsini, rəhbəri olduğu siyasi qurumun mənsublarını və bütün üzvlərini, M. Səmədovu tanıyan geniş ictimaiyyəti ciddi narahat etməyə bilməz. Hesab edirik ki, bu amil yaşadığımız azad ictimai həyat şəraitində olduğu kimi, qapalı şəraitlərdə, xüsusən cəzaçəkmə müəssisələrində də diqqət mərkəzində olmalıdır.  
İnanırıq ki, bundan istifadə edərək konkret tədbirlər həyata keçirəcək, hüquqi və mənəvi aspektdə preventiv addımlar atacaqsınız və bütün bu narahatçılıqları aradan qaldırmağa kömək edəcəksiniz." (İslaminsesi) /






    • Yazılıb
    • da (də) 2017 May 27
    • Göndərən مدير سايت Aran News