Tarix : 2017 May 28
Kod 51797

`Mövsüm Səmədovun həyatına görə hakimiyyət məsuliyyət daşıyır`

Azərbaycan İslam Partiyasının Təşkilatçılığı ilə 12 saylı Cəzma Çəkmə Müəssisəsində saxlanılan partiya lideri Mövsüm Səmədovun təzyiqlərə məruz qalması və həyatının təhlükə ilə üzləşməsi ilə bağlı dəyirmi masa keçirilib
Maide.Az İslamiSesi-nə istinadən xəbər verir ki, tədbirdə AİP rəhbərliyi, ölkə ruhaniləri, hüquq müdafiəçiləri, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir müqəddəs Qurani-Kərimin oxunuşu ilə açıq elan edilib. 
 İlkin olaraq çıxış edən AİP funksioneri Akif Heydərli bildirdi ki, AİP lideri Mövsüm Səmədov təzyiqlərə və təhdidlərə məruz qalması belə bir toplantının keçirilməsini zəruri edib. Mövsüm Səmədovun 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə etdiyi tənqidi çıxışına görə qondarma ittihamlarla 12 illik həbs cəzasına məhkum olunduğunu söyləyən Akif Heydərli,  AİP liderinin yüksək intellektə, elmə və mənəvi şəxsiyyətə sahib insan olduğunu bildirdi: “Mövsüm Səmədov həbsə edildiyi gündən bu günə qədər 28 dəfədən çox karserə salınmış və 2 il Qapalı Tipli Həbsxanada saxlanılmışdır. Görünən budur ki, onu günahsız yerə həbs edənlər bununla kifayətlənməyib, daha da qabağa getmək fikirindədirlər. Baş verənlərin hamısı Mövsüm Səmədova qarşı qərəzdən və onun haqq mövqeyindən çəkilməməsi ilə bağlıdır. Onun artıq ölümlə təhdid edilməsi məsələsi bizləri də narahat edir və bununla bağlı aidiyyəti qurumların təcili tədbirlər görməsini tələb edirik.”
Sonra çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev ilk öncə Ramazan ayının gəlişi ilə bağlı bütün müsəlmanları təbrik etdi və qonaqları bir qədər məhdud və çətin şəraiti olan yerdə qəbul etdikləri üçün üzrxahlıq etdi.
Hacı İlham Əliyev bildirdi ki, öz fikirlərini və düşüncələrini ifadə etmək üçün bu günə qədər bir neçə yerdə tədbir etməyə cəhd etsələr də hökumət tərəfindən süni maneələr yaradılaraq qarşısı alınıb: “Artıq öz fikirlərimizi və sözümüzü sivil və dinc yolla bəyan etməyə də imkan verilmir.”
AİP lideri Mövsüm Səmədova qarşı edilən təzyiqlərin olduqca gülünc və dözülməz bir həddə çatdığını söyləyən Hacı İlham Əliyev, “bu hadisələr və olaylar elə bir ildə baş verir ki, məhz həmin ili “İslam Həmrəylik” ili elan ediblər. Artıq Mövsüm Səmədovun canının təhlükədə olması müzakirə mövzusuna çevrilib. İndiyə qədər Mövsüm Səmədovun karserə salınması və ya Qobustana göndərilməsi müxtəlif saxta bəhanələrlə həyata keçirilirdisə, indi artıq bu qaydaları dəyişib AİP liderinin həyatı məsələsini gündəmə gətiriblər”, - deyə bildirdi: 
“Belə bir halın baş verməsi olduqca ciddi və dözülməzdir. AİP olaraq Mövsüm Səmədova qarşı baş verənlərə ciddi şəkildə etiraz edirik və etirazımızdan da heç vaxt geri çəkilməyəcəyik. Əlimizdən gələn bütün sivil və qanuni hüquqlarımızdan istifadə edib Mövsüm Səmədovun hüquqlarını müdafiə edəcəyik."
Hacı İlham Əliyev onu da qeyd etdi ki, ölkədə təkcə Mövsüm Səmədova qarşı yox, ümumilikdə islami cameəyə qarşı böyük bir basqı və təzyiq baş qaldırıb: “Bu günlərdə Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi və saxta sübutlarla mühakimə edilməsi bunun bariz nümunəsidir. Vəziyyət hətta o qədər absurddur ki, dövlət ittihamçısı və hakim də öz təəccüblərini və gülməklərini saxlaya bilmirdilər. İslam Həmrəyliyindən danışıb bu cür hallara yol vermək heç bir halda Azərbaycana baş ucalığı gətirməyəcək. Əgər həqiqi İslam Həmrəyliyi istəyiriksə ilk öncə əziz islam peyğəmbəri(s) və onun Əhli-Beytinin(ə) bizlər üçün öyrətdikləri islami dəyərləri cəmiyyət aşılamalı və bu dini dəyərləri bilən ruhaniləri zindanlara yox, cəmiyyətə təqdim etməliyik. Azərbaycan dövlətinin xeyiri mənafeyi bundadır ki, biz həqiqi islam çətiri altında bir araya gəlməliyik. Hətta dünya həyatımızın rifahı belə də islami dəyərlərlə sədaqətimizdən keçir.” 
Hacı İlham Əliyevin sözlərinə görə, dövlət və hökümət ilk öncə öz xalqına və millətinə xidmət etməli və ona arxalanmalıdır:  “Qalibiyyətimiz və qələbəmiz də xalqla birgə olub, onlara xidmət etməkdən keçir. Əgər xalqa arxalansaq heç bir güc və qüvvə bizə ziyan yetirə bilməz. Əcnəbi gücləri ona görə güclü hesab edirik ki, özümüzə, xalqımıza və şəxsiyyətlərimizə düzgün qiymət verə bilməmişik. Torpaqlarımızış işğaldan azad edilməsi də məhz bu amildən asılıdır. “
Tədbirdə çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bildirdi ki, Mövsüm Səmədovla bağlı baş verənlər onu cismani aradan aparmağa hesablanıb:
 “Bunlar guya Mövsüm Səmədovun qayğısına qalaraq onun həyatı təhlükəsizliyi təmin etdiklərini söyləyirlər. Bunu iddia edənlər Mövsüm Səmədovu sağlamlığına ziyan vurmamaqları kifayətdir ki, Doktor Səmədov əmniyyətdə olsun. Heç bir məhbus Mövsüm Səmədov kimi şəxsiyyətə ziyan vurmağı özünə yaraşdırmaz. “
Sonra çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının Rövşən Əhmədli Azərbaycanda artıq heç kimin amanda olmadığını bildirdi. Dövlətin qanunlarla idarə edildiyini söyləyən Rövşən bəy, qanun olmayan yerdən nədənsə danışmağı yersiz olduğunu qeyd etdi: 
“Artıq kim güclüdür o da haqlıdır prinsipinə əməl edilir sanki. Əgər bir ölkədə qanun yoxdursa, nəyə tələb etmək mümkündür. Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsində də şahidi olduq ki, bir Amerikalı vətəndaşın yüzlərlə azərbaycanlı qədər dəyəri yoxdur. Onda görəsən bu dövlətdə xalq kimlər hesab edilir. Nəyə görə haqq sözü dediyimizə görə cinayətkar olmalıyıq. Amma xalqın malını oğurlayanlar cinyətkar hesab edilmir.”  
Rövşən Əhmədli onu da bildirdi ki, Mövsüm Səmədov başda olmaqla günahsız yerə həbs edilən bütün məhbusların azadlığa buraxılmasını tələb edirlər.”  
Sonra çıxış edən yazıçı publisist, jurnalist Qurban Cəbrayıl qeyd etdi ki, hakimiyyət üçün istər zindanlarda, istərsə də cəmiyyətdə mənəviyyat mərkəzlərinin yaranması olduqca qorxuludur: “Mövsüm Səmədova qarşı baş verənlərin səbəblərindən biri də budur. Ölkədəki Penitensiar Xidmət elə bir vəziyyətdədir ki, əfvə düşən şəxsin yerinə tamamilə başqa bir adamı buraxırlar. Əgər Penitensiar Xidmət məhbuslarla bağlı müsbət bir iş görmək istəyirdisə, Mövsüm Səmədova qarşı tamamilə baş verənlərin əksinə uyğun bir addım atmalı idi. Düşünürəm ki, Mövsüm Səmədovun müdafiəsi üçün sosial şəbəkələrdəki səhifələr və media orqanları səfərbər edilməlidir.”
Tədbirdə iştirak edən Vətəndaş İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı bildirdi ki, ölkənin durumu olduqca acınacaqlıdır və qəzaya uğramış gəmini xatırladır.  Eyni zamanda Cavid Cabbarlı da öz növbəsində Mövsüm Səmədovla bağlı baş verənləri pislədiklərini söylədi.
 Sonra çıxış üçün söz Azərbaycan Ruhanilər Məclisinin üzvü ruhani Cəlal Şəfiyevə verildi. Cəlal Şəfiyev çıxışı zamanı bildirdi ki, Mövsüm Səmədov illər öncə qondarma ittihamlarla həbs edilərək 12 il müddətinə azadlıqdan məhrum olunsa da görünən budur ki, ondan hələ də əl çəkmək fikirində deyillər: “Son günlər həbsxanalardakı müəmmalı ölümlər fonunda Mövsüm Səmədovla bağlı belə bir təhlükənin eşidilməsi olduqca narahatedici bir məqamdır.  Mövsüm Səmədov öz şəxsi həyatında olduğu kimi, məhbus həyatında da ətrafındakı insanların sevgisini və hörmətini qazanmış bir insandır.
Bu baxımdan onun həyatına qarşı məhz məhbuslar tərəfindən hər hansı bir təhlükənin olduğunu düşünmürük. Ona görə də bütün məhbuslar kimi Mövsüm Səmədovun həyatının və sağlamlığının qorunması üçün hakimiyyət məsuliyyət daşıyır.  Çünki hakimiyyət həbsdə və azadlıqda olan vətəndaşların təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Digər vətəndaşlar kimi Mövsüm Səmədovun da həyatı və sağlamlığını qorumalıdır. “ 




  • Yazılıb
  • da (də) 2017 May 28
  • Göndərən مدير سايت Aran News