Tarix : 2017 May 28
Kod 51800

İntihar haqqında artan xəbərlər

2017-ci ilin ilk 4 ayı ərzində təkcə elə APA baş verən 161 intihar hadisəsi haqqında məlumat verib.
Meydan Tv-Ölkənin daha çox diqqətinə səbəb olan isə psixoloq Dəyanət Rzayevin intiharı olub. 46 yaşlı psixoloq intiharından bir həftə öncə MeydanTV-yə müsahibəsində ölkədə baş verən intiharlara sosial-iqtisadi şəraitin səbəb olduğunu qeyd etmişdi. Psixoloqun özünü öldürmə səbəbi isə məlum deyil.
İlin əvvəllərindən başlayan intihar dalğasına orduda əsgərin, gənc yazar, bloger və rayon icra hakimiyyətində işləyən şəxsin həyat yoldaşının ölümü də daxildir.
İntiharların səbəbi çox müxtəlifdir, lakin devalvasiyadan sonra iqtisadi sosial durumun, yaşayış minimumunun isə artdığı bir vaxtda ölkə üçün sosial-iqtisadi xarakterli problemlər daha tez-tez mənfi olaylara səbəb olur.
Mütərrim Rəhimov ötən ilin avqust ayının 6-da intihar edib. O, həyatına son qoysa da, buna səbəb olan problemləri hələ də aktual olaraq qalır.
Oğlu Pərviz Rəhimovun sözlərinə görə, atasının maliyyə problemləri varmış: “Onun bir neçə banka – “Bank of Baku”-ya, “Unibank”-a kredit borcu var idi, bundan başqa, faizlə də borc götürmüşdü”. Mərhumun oğlunun sözlərinə görə, faizlə borc götürdüyü adamlar onu tez-tez hədələyiblər: “Faizlə borc götürdüyü adamlar MTN-də, prokurorluqda tanışları olduğunu deyib hədələyirdilər, deyirdilər ki, faizimi tap ver, yoxsa polisə verəcəm səni, yuxarıda adamım var və s. Bir neçə dəfə belə bir şey baş vermişdi. Hələ bir dəfə böyük qırğın-dava da düşmüşdü”.
Pərvizin sözlərinə görə, hazırda bank təmsilçiləri onun anasına zəng edib yerli icra nümayəndəliyinin köməkliyi ilə yaşadıqları evi götürməklə hədələyirlər: “Acınacaqlı vəziyyətdir, nə deyim, hər şey göz qabağındadır. Dövlət demir ki, mənim vətəndaşım özünü asıb. Heç olmasa onu qoruya bilmədim, bir öyrənim, görüm bunların dərdi-səri nə idi? Prokurorluq da elə dedi ki, atam intihar edib, vəssalam. Heç kimin heç nə vecinə deyil. Dövlət, banklar insanları veclərinə almırlar. Hər gün xəbərlərdə, sosial şəbəkələrdə oxuyuruq ki, kimsə intihar edib. Amma bunun səbəbini axtaran yoxdur”.
Aprel ayı isə bloger Mehman Qələndərovun türmədə müəmmalı intiharı ilə bitdi. Aprelin 28-də blogerin bu ilin 7 fevral tarixindən saxlanıldığı kamerada cəsədi tapılıb. Fəalın bacısı onun ölümünü təsdiq edib, Milli Demokratik Partiyasının sədri və mərhumun yaxın dostu Qələndər Muxtarlı isə blogerin nəşini gördüyünü də bildirib. Penitensiar Xidmət isə məlumatı əvvəl təkzib etmişdi.
Daha sonra isə Oqtay Gülalıyev “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabından 4 saat axtarışdan sonra M.Qələndərovun məzarını türmə yaxınlığında tapdığını qeyd etdi. “Mehman Qələndərovun həyatına Kürdəxanı İstintaq Təcridxanasında son qoyuldu, həmin Təcridxananın yanında da gizlicə dəfn edildi”, deyə Gülalıyev qeyd edib.







  • Yazılıb
  • da (də) 2017 May 28
  • Göndərən مدير سايت Aran News