Tarix : 2017 May 30
Kod 51816

Əli Həsənovun demokratiya standartı

Heç kimin xoşuna gəlməyən, hökuməti niyə məmnun edir?
Azərbaycan hakimiyyəti həmişəki “prinsip”lərə sadiqdir. Heç bir ifşa, heç bir fakt, heç bir həqiqət hökumətin yalanlarını susdura bilmir. Artıq yalan danışmaq idarəçilik formasıdır, komanda himnidir. Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Xəzər” televiziyasına müsahibəsində bir daha xatırladıb ki, yalanla əməkdaşlıq hökumət üçün prioritetdir. “Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib. Beynəlxalq aləmdə kimin buna necə qiymət verməsindən asılı olmayaraq, biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik”.
Əli Həsənov etiraf edir ki, Azərbaycandakı idarəçilik dünyanın heç bir normal ölkəsində qəbul edilmir. Ona görə də avtoritar idarəçiliyə “bizim öz yolumuz” adını veriblər. Bu adam hələ başa düşməyib ki, demokratiyanın bir üzü olur. Qanunun aliliyi, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları demokratiyanın əsas şərtidir. Əli Həsənov isə sübut etməyə çalışır ki, günahsız insanları şərləyərək həbs etmək, korrupsiyanı dövlət siyasətinə çevirmək, müstəqil mətbuatı sıradan çıxrmaq, iqtisadiyyatı inhisarçılığıa qurban vermək yeni demokratiya modelidir. Hətta israr edir ki, hökumət belə bir siyasəti yürütməkdə haqlıdır. Dövləti xarici borc asılılığına salmaq, büdcəni son 10 ilin ən aşağı mərtəbəsinə endirmək, MTN-i təhlükə yuvasına çevirmək, ordunu xəyanətkarların caynağına keçirmək haqlı siyasət imiş.
Əli Həsənov daha sonra qeyd edib ki, Azərbaycan azad internet məkanına daxil olan dövlətdir: “Avropanın ən inkişaf etmiş dövlətlərindəki informasiya, siyasi və vətəndaş cəmiyyəti mühitini Azərbaycandakı mühitlə müqayisə edin, onda bütün məsələlər aydın görünəcək. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi kiminsə icazəsini almadan, müvafiq qanunvericiliyə uyğun təsis olunub, fəaliyyət göstərirlər”-deyə Əli Həsənov bildirib.
Əlbəttə, dünya ölkələri ilə müqatisədə Azərbaycandakı vəziyyət aydın görünür. Aydın görünür ki, heç bir normal ölkədə jurnalistlər qondarma ittihamlarla həbs olunmur, tənqidçi media bloklanmır, sosial şəbəkədəki fəaliyyətinə görə insanların azadlığı əlindən alınmır. Məsələn, dünyanın heç bir ölkəsində müxalifət funksioneri “facebook” statuslarına görə 10 il azadlqıdan məhrum edilməyib. Ancaq, Azərbaycanda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ya qarşı rəsmi ittiham məhz “facebook” statusları olub. Dünyanın heç bir normal ölkəsində hökumət profil oğurlamağa, müxalifəti ləkləmək üçün trol komandaları yaratmağa ehtiyac duymur. Bugün Azərbaycanda müstəqil qəzet yoxdur. Sononcu müstəqil qəzet “Azadlıq” idi, onu da ən iyrənc yollarla qapadılar. Əli Həsənov bu həqiqəti bildiyinə görə heç bir qəzetin adını çəkə bilməyib. Çünki, bütün qəzetlər hakimiyyətin mədhiylə məşğul olur.
Prezidentin köməkçisi daha sonra ərz edib ki, Azərbaycanda 50-dən çox partiya var, 3000-dən artıq QHT fəaliyyət göstərir və bütün partiyalar hakimiyyət uğrunda sivil mübarizə aparır.
Azərbaycanda QHT-lərin fəaliyyətinə yaradılan əngəllər barədə, QHT rəhbərlərinin müxtəif ittihamlarla həbs edilməsi haqqında saysız-hesabsız bəyanatlar, hesabatlar var və nüfuzlu nəşrlər bu haqda geniş məqalələr dərc ediblər. Partiyalara gəlincə, Azərbaycanda strukturu olan və müstəqil siyasət yürüdə bilən partiyaların sayı barmaqla sayıla biləcək qədər də deyil. Sədrdən və möhürdən ibarət saxta partiyalar yaradıb, dünyanı aldatmaq cəhdi çoxdan ifşa olunub. Bütün dünya ölkənin ana müxalifəti rolunu oynayan partiyaya qarşı düşmənçiliyi görür. Bugün Azərbaycanın n böyük partiyası olan AXCP-nin qərargahı yoxdur, partiya sədrinə posport verilmir, partiyanın 10dan artıq funksioneri həbs olunub. İki gün öncə isə AXCP sədrinin müsavini Gözəl Bayramlı rüsvayçı ittihamla həbs olunudu. Bütün dünya Azərbaycan hakimiyyətindən repressiyaları dayandırmağı, şəffaf seçki keçirməyi, məhkmələri tamaşaya çevriməməyi tələb edir, Əli Həsənov isə sivil mübarizədən danışır. Görünür, 20 ildən artıq bir müddətdə fasiləsiz yalan danışmaq insanın yaddaşından həqiqətləri və reallıq hissini silir. Ona görə də hökumət sözçüləri yalanları ən ali həqiqət kimi tirajlamaqdan çəkinmirlər.
Təkcə son günlər bu ölkədə baş verənlər, bütün dünya üçün şok effekti yaradıb. Siyasi məhbus həbsxanada müəmmalı şəkildə öldürülür, vətənə xəyanətdə ittiham edilən hərbçilər ard-arda məhv edilir, ölkədə cəngəllik qanunları hökm sürür.
Fakt budur ki, 99 il öncə dünyaya demokratik Cümhuriyyətlə səs salmış Azərbaycan, bu gün ən iyrənc avtortar idarəçiliyin beşiyi kimi tanınır. Amma hökumət sözçüləri iddia edir ki, xalq bizim siyasəti dəstəkləyir. Hansıki, xalqın sevgisindən, dəstəyindən arxayın hökumət, razılaşdırılmış mitinqə gələnləri təhdid etməz, işdən çıxarmaqla hədələməz, mitinqin keçirilmə vaxtını dəyişdirməz. Xalqın etimadını qazanmış hökumət seçkiləri saxtalaşdırmaz, müəllimi seçki qutusuna topa bülletenlər atmağa məcbur etməz.
Göründüyü kimi, Əli Həsənovun demokratiya standartı avtoritarizmin ən rüsvayçı formasını yaşatmaqda ifadə olunur. Hakimiyyət bütün pis yolları öz yolu hesab edir və dəyərlərə aparan yolları qapatmaqla məşğuldur. Bu qədər baş verənlərdən sonra islahat aparmaq, dünyaya inteqrasiya etmək, yanlışlardan dərs çıxarmaq əvəzinə, vətəndaşı daha da sıxmağın, büdcəni dağıtmağın yollarını axtarırlar.
Bu dövləti, bu xalqı təhdid edən, narazı salan nə varsa, hakimiyyəti məmnun edir. Dünyanın qəbul etmədəyi, bəşəriyyətin lənətlədiyi nə varsa, hakimiyyət üçün doğmadır. Çünki, Azərbaycan hakimiyyəti üçün var-dövlətdən, vəzifə kürsüsündən müqəddəs heç nə yoxdur. Məhz maddiyyata sahib olmaq üçün, bütün mənəvi dəyərləri, xalqın taleyini ayaq altına atıblar. Və utanmadan, özlərini haqlı hesab edirlər. Utanmadan, 116 manatın girovuna çevrilmiş xalqın qarşısına çıxıb, “siz bizi sevirsiniz” deyirlər. Bu qədər kütləvi nifrəti görsələr də, bunu sevgi kimi dəyərləndirirlər./azadlıq/

  • Yazılıb
  • da (də) 2017 May 30
  • Göndərən مدير سايت Aran News