Azadlıq.org- O, məhkəmə zalında saxlanıldığı şüşə kabinədə arxasını hakimlərə çevirərək, zaldan aparılmasını tələb edib.“Jurnalist Araşdırmaları Mərkəzi” adlı təşkilatın və “jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təxminən iki ay əvvəl məhkəmə jurnalistin imzaları ilə bağlı rəy verilməsindən ötrü işi ekspertizaya göndərmişdi.
Çünki Fikrət Fərəməzoğlu hədə-qorxu ilə aldığı iddia olunan 3 min manatın həbs olunarkən cibindən tapılmasına dair protokoldakı (əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi və maddi sübutların götürülməsi protokolu) imzaların ona məxsus olmadığını deyir. Bildirir ki, protokolu onun adından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları imzalayıb. Ekspertiza həmin imzaların ona məxsus olub-olmadığını müəyyənləşdirməli idi.
Mayın 26-da keçirilən məhkəmədə hakim ekspertizanın rəyini elan edib. Ekspert rəy verib ki, protokoldakı imza Fikrət Fərəməzoğlunundur. Jurnalist rəyə etiraz edib, saxta olduğunu bildirib.
Vəsatətlər təmin edilməyib
Ardınca jurnalistin vəkili Cavad Cavadov vəsatət qaldıraraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Fikrət Fərəməzoğlunun tutulması əməliyyatına rəhbərlik etmiş Kərim Əlimərdanovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, jurnalisti saxlayan əməliyyatçılar məhkəmədə sualları cavablandıra bilməyiblər: “Nə soruşduq, dedilər ki, əməliyyata rəhbərlik edən Kərim Əlimərdanov bilər. Ona görə də xahiş edirik, Kərim Əlimərdanov gəlsin, həmin məsələlərə aydınlıq gətirsin”.
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkilin daha bir vəsatəti Azərbaycan Hava YollarıQSC –yə sorğu göndərilməsi haqda olub. Fikrət Fərəməzoğlunun işindəki zərərçəkmiş Mehman Həsənov deyir ki, bundan əvvəl də jurnalistə min manat pul verib. Müdafiəçi isə bildirir ki, zərərçəkmişin pul verdiyini iddia etdiyi vaxt FikrətFərəməzoğlu ailəsi ilə birlikdə ümumiyyətlə, Bakıda olmayıb. Cavad Cavadovsorğu vasitəsilə bu məsələyə aydınlıq gətirilməsini istəyirdi.
Amma hakimlər vəkilin bu vəsatətini də təmin etməyib.
Bundan sonra Fikrət Fərəməzoğlu hakimlər kollegiyasını sifarişlə işləməkdə suçlayıb. Söyləyib ki, bu səbəbdən də həqiqətləri üzə çıxaran vəsatətləri təmin etmirlər: “Açıq deyin ki, məsələ belədir, biz də işimizi bilək. Daha bu məhkəməni niyə uzadırsız? Verilən sifarişə uyğun hökmü oxuyun, məsələ bitsin”.
Hakim jurnalistə xəbərdarlıq edib. Ona deyib ki, özünə hörmət et.
Jurnalist isə belə cavab verib:
“Sən də hakimsən, dövlət adından qərar çıxarırsan. Yaşlı adamsan, sən niyə özünə hörmət eləmirsən?”
Bundan sonra Fikrət Fərəməzoğlu arxasını hakimlərə çevirərək, belə məhkəmədə iştirak etmək istəmədiyini bildirib, zaldan aparılmasını istəyib.
Yaranmış qalmaqala görə məhkəmə iyunun 2-nə qədər təxirə salınıb.
Məhkəmə 2 iyun, saat 16.00-a təxirə salındı.
Xatırlatma
Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.
Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “massaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. O, Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin göstərişi ilə həbs olunduğunu iddia edir.
Fikrət Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. O, həmin vaxt «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsmişdi.