Meydan tv-Azərbaycanda təhsil səviyyəsinin yüksək olmaması müxtəlif göstəricilərdə özünü büruzə verir. İldən-ilə abituriyentlərin orta məktəbdəki təhsillə yetinməyərək, daha çox repetitor xidmətindən istifadə etməsi, ailələrin uşaqlarını özəl məktəblərə qoyma cəhdi, təhsildən yayınıb, küçədə işləyən məktəblilər, müəllimlərin imtahanlarda nümayiş etdirdikləri göstəricilər və s... Bu sadalananlar arasındakı ən dəhşətli fakt isə təhsildən, ümumiyyətlə, yayınan məktəblilərdir.Təhsil üzrə ekspert Kamran Əsədovla Azərbaycanda orta məktəblərdən yayınma halları, bu hallara səbəb olan şərtlər, uşaqların təhsildən yayınma göstəricilərinə görə lider olan regionlar və digər problemlərdən danışdıq...
- Kamran bəy, öncə ondan başlayaq ki, Azərbaycanda uşaqların təhsildən yayınma mənzərəsi necədir?
- Rəsmi məlumatlar əsasında deyim ki, Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb. Müəyyən uşaqlar Azərbaycanda 1-ci sinfə gedir, daha sonra təhsilini başqa ölkədə davam etdirir. Bir qisim uşaq sağlamlığını itirdiyi üçün təhsildən yayınır. Statistika göstərir ki, 1,3 – 2 faiz uşaq məktəbə getmir. Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, 9-cu sinfi 900 şagird bitirib.
- Bu hallar adətən hansı regionlarda, hansı tip ailələrdə müşahidə olunur?
- Bir dövlətin güclü olması üçün onun vətəndaşlarının təhsilli olması əsasdır. Təhsilin bünovrəsi məktəb illərindən başlayır. Ancaq statistik məlumatlar göstərir ki, son 14 ildə təhsil alan şagirdlərin sayında kəskin azalma var. Dövlət Statistika Komitəsinin bülleteninə görə, 2000-2014-cü illərdə əsas azalma ümumi orta məktəblərdə baş verib. Əgər 2000-ci ildə tədris müəssisələrində təhsil alanların sayı 2 milyon 34 min nəfər idisə, 2014-cü ildə bu rəqəm 1,712 milyon təşkil edib. Yəni, təhlillər göstərir ki, son 14 ildə ümumtəhsil məktəblərinə gedən şagirdlərin sayı 400,5 min nəfər azalıb.
Əldə olunan dəqiq statistik məlumatlara əsasən, 2015-2016-cı təhsil ili dönəmində təhsildən yayınma hallarının say nisbətinə görə Sabirabad birinci yerdə gəlir. Belə ki, rayon üzrə 300-ə yaxın şagirdin təhsildən yayınma halı baş verib. Onlardan 200-ü qız, 100-dən çoxu oğlandır. Ağcabədi rayonunda təhsildən yayınan 250-dən çox şagirdin 150-si qız, Şəkidə təhsildən yayınan 200-ə yaxın şagirdin 100-ə yaxını qız, Cəlilabad və Şamaxıda 150-dən çox şagirdin 50-dən çoxu qız, Salyanda təhsildən yayınan 150-ə yaxın şagirddən 100-ə yaxını qız, Kəlbəcər qeydiyyatlı olan, təhsildən yayınan 150-ə yaxın şagirddən 50-si qız, Masallıda təhsildən yayınan 150-ə yaxın şagirddən 100-ə yaxını qız, İmişli və Tovuz rayonlarının hər birində təhsildən yayınan 100-dən çox şagirdin 50-ə yaxını qız, Xaçmaz rayonunda təhsildən yayınan 100-dən çox şagirdin 50-si qız, Qusarda 100-ə yaxın təhsildən yayınan şagirdin 50-dən çoxu yenə qız şagirdir. Ümumilikdə Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla 3655 şagirdin təhsildən yayınması halı qeydə alınıb.
- Yayınma halları barədə hər hansı monitorinq, statistika aparılırmı?
- Əslində Azərbaycanda təhsidən kənar olan uşaqların sayı barədə dəqiq rəqəm məlum deyil. Biz bunu daha çox təhsil alanların sayında nisbətə əsasən müəyyən edə bilirik.
Biz təhsildə iki müvəffəqiyyət əldə edə bilərik. Onlardan ikisi də vacibdir. Birincisi, uşaqlar, ümumiyyətlə, təhsil alır, ya yox...
İkincisi isə uşaqların aldığı təhsil nə dərəcədə müasir dövrün tələblərinə cavab verir? Yəni təhsil keyfiyyətlidir, ya yox...
Təxmin etmək olar ki, Azərbaycanda 2 minə yaxın uşaq küçədə işləyir. Yəni bu uşaqlar "küçə uşaqları” qrupuna daxildir.
Bilirsiniz ki, ölkədə 70 minə yaxın əlilliyi olan uşaq var. İnklüziv təhsilə isə çox az sayda onlarla, yüzlərlə uşaq cəlb olunub.
vdə təhsilə isə o qədər də çox uşaq cəlb olunmayıb. Səhv etmirəmsə, 3-4 il bundan əvvəl aparılan araşdırmada müəyyən edilmişdi ki, təxminən 15 minə yaxın əlilliyi olan uşaq təhsilə cəlb olunmayıb.
İnanıram ki, indi də həmin məsələ öz həllini tapmayıb. Çünki Təhsil Nazirliyi inklüziv təhsilə hələ indi-indi başlayır. Artıq bir neçə regionda inklüziv təhsilə başlanılıb. Ümid edirik ki, bu sistem davamını görəcək və daha geniş tətbiq olunacaq.
Regionlarda ali məktəblərə qəbul göstəricilərinə nəzər saldıqda xoş olmayan məzərəni görürük.
2014, 2015 və 2016-cı illərdə ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adıçəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.
2016-cü ildə Yardımlı rayonunda 556 nəfər abituriyent imtahanda iştirak edib, onların 483-ü oğlan, 73-ü qızdır, Lerikdə 527 nəfərin 425-i oğlan, 102-si qızdır, Masallı rayonu 1184 nəfərin, 831- i oğlan, 353-ü qızdır, Cəlilabad rayonu 1353 nəfər sənəd verib, onların 967-si oğlan, 386-sı qızdır. Lənkəran rayonunda isə ötən il qızların qəbul nəticələri oğlanlardan çox olub. 1729 nəfər sənəd verib, onların 833-ü oğlan, 896-sı qızdır.
Ali məktəblərə sənəd qəbulundan fərqli olaraq IX sinifdə buraxılış imtahanı verən oğlan və qızların sayı təxminən bərabərdir.
2016-cü ildə buraxılış imtahanında iştirak edən oğlanların sayı 53%, qızların sayı isə 46% olub. Amma elə rayonlar var ki, orada IX sinifdə oxuyan oğlanların sayı 60%-dən çoxdur, hətta IX sinifdə oxuyan qızlar yoxdur. Həmin rayonlar Şamaxı və Qobustan rayonlarıdır. XI sinifdə buraxılış imtahanında iştirak edənlərin 56%-i oğlanlar, 44%-i qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80 faizdən çoxu oğlanlardır və qızların sayı çox azdır. 2015-cü ildə ölkə üzrə 9-cu siniflərdə buraxılış imtahanında bəzi rayonlar üzrə oğlanların sayı 60 faizdən çoxdur.
Cənub bölgəsi abituriyentlərinin ali məktəblərə qəbul sayını təhlil etdikdə burda qızların sayındakı azlıq kəskin şəkildə ortaya çıxır.
Lerikdə 2015-2016-cü tədris ilində 151 nəfər məzun, o cümlədən builki məzunlardan 114 nəfəri ali məktəblərə qəbul olunub, onların 38-ni qızlar təşkil edir. 234 məzun, o cümlədən builki məzunlardan 192 nəfəri orta ixtisas məktəblərinə qəbul olunub ki, onların 83 nəfəri qızlardır.
Yardımlıda 2015-2016-cü tədris ilində IX siniflərdə oxuyan 905 nəfər şagirddən 903 nəfəri ümumi orta təhsil haqqında şəhadətnamə, XI siniflərdə oxuyan 694 nəfərdən 692 nəfəri orta təhsil haqqında attestat alıb. 286 nəfəri ali məktəblərə qəbul üçün imtahan verib, onlardan 119 nəfəri ali məktəblərə daxil olub. Bundan əlavə, əvvəlki illərdə məktəbi bitirmiş daha 43 nəfər məzun bu ildən ali məktəblərə qəbul olub. Bununla da qəbul olanların sayı ümumilikdə 162 nəfər olub ki, bunların 16-sı qızlardır.
- Dövlətin bu hallarla bağlı hər hansı tədbirləri varmı? Məsələn, orta təhsildən yayınan uşaqların ailələri ilə söhbət edilirmi, belə ailələrə bir inzibati cəza tədbiq olunurmu, ümumiyyətlə, dövlət təhsildən yayınma halları ilə necəsə mübarizə aparırımı?
- Son illər ərzində Azərbaycan təhsilində müəyyən nailiyyətlər əldə edilməkdədir. Bu nailiyyətlər dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub. Artıq bir fakta çevrilib ki, ölkənin təhsil sahəsində əldə edilən uğurlar, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin “Təhsil və mədəniyyət” bölməsinin 4.12-ci bəndində göstərilir ki, icra hakimiyyətləri müvafiq ərazidə uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların toplanması və təhlili işini təşkil etməli, təhsildən kənarda qalanların təhsilə cəlb edilməsi üçün tədbirləri həyata keçirməlidir: “Müvafiq ərazidə məktəbəqədər təhsil və məktəbdənkənar tərbiyə-təhsil müəssisələrinin, uşaq evlərinin, uşaq, gənclər və elmi-maarifçilik təşkilatlarının işinə kömək göstərməlidirlər. İcra hakimiyyətləri əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirməli, təhsilin inkişaf səviyyəsi barədə əhalinin məlumatlandırılması işini təşkil etməli, dövlət təhsil müəssisələri şəbəkəsinin inkişafına dair təklifləri aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etməlidir”.
2015-ci ildə Milli Məclisdə təhsildən yayınma halları müzakirə edilərək İnzibati Xətalar Məcəlləsinə müvafiq maddə də əlavə olunub. Əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir. Ancaq dəyişiklik qəbul olunduqdan bir il sonra ləğv olundu.
Əslində qanunvericiliklə nəzərdə tutulan qaydalar və dərsdən yayınan şagirdlərə dair rəsmi statistikalar göstərir ki, sözügedən məsələnin həlli istiqamətində aidiyyatı qurumlar ya, ümumiyyətlə, heç bir iş görmür, ya da gözdən pərdə asmaq üçün bir iki xırda işləri həyata keçirirlər, vəssalam.
Yəni rəsmi məlumatlar əsasında deyə bilərik ki, Azərbaycanda müəyyən yaşdan sonra uşaqların təhsildən yayınma halları da mövcuddur. Onlar müəyyən yaşa qədər təhsil alıb sonradan təəssüf ki, təhsildən kənara qalır. Bu da əsasən qızlardır.
Azərbaycanın bir neçə regionunda bu fenomen hələ də qalmaqdadır. Təhsildən yayınan bu qızlar "erkən nikah”ın qurbanına çevrilir. Bəzi bölgələrdə valideynlər öz qızlarını 9-cu sinifdən çıxarırlar. Bu da öz təsirini göstərir. "Erkən nikah”da əslində nikah bağlanmır. Bu erkən evlənməyə məcbur edilmiş qızların sayı barədə rəqəm demək çətindir. Digər qrup keyfiyyətli təhsil almayan uşaqlardır. Misal olaraq cəzaçəkmə yerlərində, internat müəssisələrində oxuyan uşaqların təhsil keyfiyyəti, texniki imkanları qat-qat aşağıdır. Əlilliyi olan uşaqlar üçün məktəblər, o cümlədən yardımçı təhsil müəssisələrində, evdə təhsilə cəlb olunmuşların da təhsili heç də keyfiyyətli hesab olunmur. Bu istiqamətdə Təhsil Nazirliyi digər qurumlarla və qeyri-hökumət təşkilatları ilə vəziyyəti dəyişməyə çalışır. Lakin bunun üçün xeyli vaxt tələb olunur. Çünki bu məsələ qısa bir zaman çərçivəsində həll olunası deyil.
- Qızların təhsildən yayınma halları üstünlük təşkil edirmi?
- Artıq təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qadırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun.
Burda ən ciddi məsələ qız uşalarının orta və ali təhsildən yayınmasıdır. Söhbət region məktəblərində qızların təhsildən yayınmasından gedir ki, artıq bu problem kütləvi hal almaqdadır. Məlumat üçün deyim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Bəzi rayon və kəndlərdə qızlar yalnız "yazı işi" olandan-olana məktəbə gedir.
Təəccüblü orasıdır ki, bu prosesə müəllimlərlə yanaşı valideynlər də biganə yanaşırlar. Ola bilər ki, hansısa valideyn müxtəlif səbəblərdən qız uşağının ali savad almasında maraqlı görünməsin. Ancaq bütün hallarda müəllimlər şagirdlərin davamiyyətinə görə məsuliyyət daşımalıdır.
- Səbəblər daha çox nədir - din, mentalitet, imkansızlıq?..
- Bilirsiz, təhsildən yayınmanın 90-cı illərdə səbəblərindən biri kimi dərslik alınmasına maddi imkanın olmaması idi. 2004-cü ildən etibarən İlham Əliyevin sərəncamı ilə orta məktəbdə oxuyan bütün şagirdlərə dərsliklər pulsuz olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilməyə başlandı. Bu, ciddi bir səbəbin aradan qalxması demək idi.
Araşdırmalarıma görə, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox halda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.
Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər.
Hesab edirəm ki, qızların təhsildən yayınması millətin intellektinə zərbə vuran amillərdən hesab olunmalıdır. Çünki adətən belə ailələrin övladları təhsilə maraqlı olmur, analar uşaqlarına təhsildə yardım edə bilmir. Nəticədə təkcə müəllimlərin ümidinə qalan oğlan uşaqları da təhsildən geri qalır. Belə vəziyyətin davam etməsi həm də ailə-məişət münaqişələrinin yaranmasına səbəb olur. Elementar orta təhsil savadı olmayan, dünyanın gedişindən baş çıxarmayan qız uşaqlarının erkən yaşda ərə getmələri sonradan ailə problemləri ilə müşahidə olunur.
- Sovet dövrü ilə müqayisədə ölkədə orta təhsildən yayınma halları çoxalıbmı? Hər hansı bir müqayisə aparılırmı? Əgər yayınma halları artıbsa, bunun hansı əsasları ola bilər?
- XX əsr boyu regionda və ölkədə baş verən siyasi, iqtisadi proseslər təhsilə də ciddi təsir edib. Keçən əsrin 80-cı illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, məktəb yaşlı yeniyetmələrin alverə cəlb edilməsi, təhsil ocaqlarında tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə narahatlıq yaratmırdı.
Lakin sovetlər dönəmində məktəb yaşlıların kütləvi təhsilə cəlb olunması 60-cı ildən başladı. Ona qədər sovetlərin təhsili 7 və 8 illik idi. Məktəb yaşlı şəxslər daha çox kolxoz və sovxozlara cəlb olumuşdu. Çünki II Dünya Müharibəsi nəticəsində ölkə ciddi şəkildə əmək qüvvəsin itrmişdi.
Lakin müqayisə etdikdə indi məktəbə cəlbolunma sovetlər dönəmi ilə müqayisədə çox yüksək həddədir. Hal-hazırda bu rəqəm 99 faizdən çoxdursa SSRİ dönəində bu 50-60 faiz həcmində idi. İndi ölkə əhalisinin 100 faizi oxuyub – yazma qabiliyyyətinə malikdir.
İlk növbədə kimlər təhsildən məhrum olunub? Buna baxaq. Bu problem ilk olaraq, fiziki məhdudiyyətli şəxslərdə qarşılaşır. Azərbaycanda əlilliyi olan uşaqların sayı 62 000 nəfər təşkil edir. Onlardan 9 355-i evdə təhsilə, 2 725-i yardımçı internat məktəblərinə, 2 558-i yardımçı məktəblərə, 412-si qarışıq tipli internat məktəblərinin xüsusi siniflərinə, 298-i inklüziv təhsilə cəlb olunan uşaqlar, 46 652-si isə təhsildən kənar qalan əlilliyi olan uşaqlardır. Deməli, bu məsələ daha çox obyektiv səbəblərdən irəli gəlir. Əgər 90-cı illər olsaydı, müharibə şəraitinə görə kütləvi şəkildə təhsildən yayınma halları ola bilərdi. Çünki dünya təcrübəsində bu hal var. Məsələn, UNİCEF-İN statistik göstəricilərinə görə, Liberiya, Cənubi Sudan, Əfqanıstan, Nigeriya və digər ölkələrdə 18 milyondan çox uşaq təhsil almaq haqqından məhrum olub. Uşaqların məktəbə getməmələrinin əsas səbəbi, baş verən müharibələr və təbii fəlakətlərdir. Dünyada günü-gündən tendensiya artmaqdadır.