Dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilib.
Meydan tv-Milli Məclisin mayın 31-də keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər təsdiqlənib.Bundan sonra prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Hazırkı qanunvericiliyə əsasən, cərimə məbləği 500 manatdan 1000 manatadək idi. Bu əməllərin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 2 min manatdan 3 min manata qədər olması təklif edilir. İndi isə bu məbləğ 1000 manatdan 1500 manatadəkdir.
Cinayət Məcəlləsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.
Cinayət Məcəlləsinin 323.1-ci (prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə cərimə cəzası ilə yanaşı 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə də nəzərdə tutulub.
323.1-1 maddəsində isə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək törədildikdə 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.