Tarix : 2017 Jun 01
Kod 51839

Gürcü fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz edib

Mayın 31-i Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.
Meydan tv-100-ə yaxın fəal əllərində gürcü və ingilis dillərində “Əfqan Muxtarlıya azadlıq!” yazılmış şüarlarla baş verənləri pisləyiblər.
“Bu olaydan sonra Gürcüstan siyasi mühacirlər üçün etibarlı yer deyil. Məncə, Gürcüstan hökuməti ərazisində oturum izni olan jurnalistin oğurlanmasına aydınlıq gətirməlidir”, - deyə aksiya iştirakçılarından biri bildirib.
Tbilisidə yaşayan və Azərbaycana qaytarılması gündəmdə olan siyasi mühacir Daşqın Ağalar bu işdə hər iki tərəfin, həm Azərbaycanın, həm də Gürcüstanın əli olduğunu düşünür:
“Ötən ilədək Gürcüstan demokratik dəyərləri qoruyurdu, amma son bir ildə elə bil ki, geri çəkilmələr var. Əgər jurnalist ölkədən aparılırsa və hökumət də buna hər hansı reaksiya vermirsə, bu, artıq bu məsələdə ortaqlıqdır, şəriklikdir”.
Aksiyaya qatılan Gürcüstan vətəndaş cəmiyyətinin təmsilçiləri isə bu məsələ ilə bağlı hökumət üzərində nəzarəti artıracaqlarını bildiriblər. Onlar baş verənləri Gürcüstan demokratiyasına zərbə kimi dəyərləndiriblər.
Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.
“Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq”, - deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.
Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.



  • Yazılıb
  • da (də) 2017 Jun 01
  • Göndərən مدير سايت Aran News