Vəkil deyib ki, G.Bayramlının əhvalı yaxşıdır, hamıya salam göndərib:
«Gözəl Bayramlı ilə onun müdafiə məsələlərini müzakirə etdim. Eyni zamanda, onun səhhətində problemlər qalır. Dərmanlarını və reseptini ona verməyiblər. Biz yenidən istintaq qarşısında vəsatət qaldıracağıq ki, onun dərmanları və resepti özünə verilsin. Onun müalicəsi təmin edilməlidir...».
XATIRLATMA
Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. əllərində bunu təsdiqləyən sənədlər də var.
Müdafiə tərəfi həmçinin, bildirmişdi ki, G.Bayramlının evində axtarış zamanı evin sənədləri də götürülüb.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.
Azadlıq.org