Amerika prezidentinin Ərəbistana səfəri çərçivəsində İran əleyhinə koalisiya yaratmaq üçün zəminə yaratmasından bir həftə ötməmiş, artıq koalisiya parçalanmaya doğru gedir.
AranNews – Trampın təmtaraqlı Riyaz səfəri və İrana qarşı şou yaratmasından bir həftə ötməmiş Ərəbistanın başçılıq etdiyi koalisiya parçalanmaq üzrədir. Qətər əmirinin İran prezidenti ilə danışığı, Təmim bin Həmədin İranın regionda rolunu vurğulaması, Küveyt əmirinin Tehranla yaxşı münasibətlərə təkidi, Oman xarici işlər nazirinin İranla xüsusi münasibətlərini vurğulaması Ərəbistan koalisiyasının formalaşmasını sual altına salır.
Üstəlik, ABŞ Konqresinin nümayəndələri arasında Trampın Ərəbistan səfəri və bu ölkəyə ağır silahlar satması, İranla ticarət razılaşmasının davam etdirilməsi barədə baxışlarının haçalanması, Amerika xarici işlər nazirinin iranlı həmkarı ilə danışığı Vaşinqtonun Riyazı hərtərəfli dəstək verəcəyini ciddi suallarla qarşılaşdırır.
Omanın xarici işlər naziri BBC-yə verdiyi müsahibəsində İran-Oman münasibətlərinin sədaqət və dostluğa əsaslandığını, region hadisələrinin bu ölkənin İranla münasibətlərinə təsir etməyəcəyini açıqlayıb. Yusif bin Ələvi ölkəsinin Ərəbistanın koalisiyasına qoşulması barədə deyib: “Bizim bu koalisiyaya qoşulmağımızın başqa ölkələrə heç bir təsiri yoxdur. Bizim İranla münasibətlərimiz çox güclü münasibətlərdir”.
Küveyt əmiri də İranın bu ölkədəki səfiri ilə görüşündə Həsən Ruhaninin yenidən prezident seçilməsini təbrik etməklə yanaşı, iki ölkə arasında münasibətlərin genişləndirilməsini istəyib. Küveyt əmiri Tehran və Riyaz arasında gərginliyin pik həddə çatdığı indiki vaxtda İran və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr arasında vasitəçilik edir.
Qətər əmiri də İran prezidenti ilə telefon danışığında iki ölkə arasında əməkdaşlığı artırmağa, habelə, regonun problemlərini həll etmək üçün ikitərəfli əməkdaşlığa təkid etmişdir.
Vasitəçilik təlaşlarının davamında Pakistan mediası ölkənin baş prokuroru Əştər Asif Əlinin Riyaz-Tehran arasında vasitəçilik missiyası ilə Tehrana səfər edəcəyini xəbər verib.
Donald Trampın Ərəbistana səfər etməsi və bu ölkəyə 110 milyard dollar həcmində silah satmaq haqqında müqavilə imzalamasının ardınca ABŞ Konqresinin Respublikaçılar və Demokrat partiyalarının bir qrup nümayəndəsi bu müqavilə barədə araşdırma aparılmasını istəyib. Nümayəndələr Konqresə məktub təqdim edərək vurğulayıblar ki, Obama dövləti zamanı Ərəbistanın Yəməndə dinc sakinləri qətlə yetirməsini nəzərə alaraq bu ölkəyə ağır silah satışı qadağa edilmişdi. Ona görə də müqaviləyə yenidən baxılması və ləğv edilməsi tələb olunur.
Digər tərəfdən İran-Amerika arasında bir sıra ticarət razılaşmaları, o cümlədən Boeing kimi mühüm müqavilə Trampın biznessayağı yanaşmasını özünə cəlb edə bilər. Nyu-York Tayms qəzeti bu məsələyə toxunaraq yazır: “Amerika prezidenti İrana qarşı düşmənçiliyini heç vaxt gizlətməmişdir. Yaxın Şərqə səfərində də əhli-sünnə ölkələrinin İranı təcrid etmək üçün birləşmələrini istədi. Bununla belə Tramp əməldə Tehranla ticarət əməkdaşlığı etmək istədiyini də göstərmişdir”.