Tarix : 2017 Jun 03
Kod 51852

Jurnalistin apelyasiya şikayəti təmin edilmədi

İyunun 2-də jurnalist Elçin İsmayıllının həbs müddətinin uzadılması ilə bağlı apelyasiya şikayətinə baxılıb.
Meydan tv-Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
“Mayın 26-sı Nəsimi rayon Məhkəməsinin qərarı ilə Elçin İsmayıllının həbs müddəti sentyabrın 12-nə kimi uzadıldı. Bu gün Bakı Apelyasiya Məhkəməsində onun həbs müddətinin uzadılmasından verdiyimiz şikayətə baxıldı. Hakim Camal Ramazanovun sədrliyilə keçirilən prosesdə verdiyimiz şikayət təmin edilmədi”.
Vəkil jurnalistin həbsdə tutulmasının düzgün olmadığını söyləyir. Deyir, həbsdə olduğu müddətdə onun işi ilə bağlı ciddi istintaq hərəkəti aparılmayıb:
“Üstəlik, verdiyimiz şikayətlərin heç biri təmin edilmir. Odur ki, biz Elçin İsmayıllının işi ilə bağlı ölkədaxili müdafiəni yekunlaşdırdıq. Sənədləri Avropa İnsan Haqları Məhkəməsinə hazırlamağa başlayacağam”.
İsmayıllıda yaşayan E.İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçmişdi. Sonradan bu həbs müddəti artırılmışdı.
Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında E.İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək, pul tələb etməkdə günahlandırılır.
Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və E.İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, E.İsmayıllı həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:
“Elçin İsmayıllı işin qurama olduğunu deyir. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər”.




  • Yazılıb
  • da (də) 2017 Jun 03
  • Göndərən مدير سايت Aran News