“Azərbaycan hökuməti açıqlayır ki, Əfqanın cibindən 10 min avro çıxıb. Amma biz hələ həyatımızda 10 min avronu birlikdə görməmişik”.
Meydan Tv-Jurnalist Əfqan Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan başına torba keçirilərək Azərbaycana gətirildiyi deyilir. Həyat yoldaşı Leyla Mustafayeva hesab edir ki, Əfqanın oğurlanması ölkə başçısı İlham Əliyevin göstərişi ilə olub.Jurnalist sonuncu dəfə Barataşvili küçəsində Gürcüstanda yaşayan siyasi mühacir Daşqın Ağalarlı ilə görüşüb. Axşam saat 7 radələrində ondan ayrılıb, evə çörək almağa gedən Əfqan Muxtarlı səhəri Bakıda açıb.
Daşqın Ağalarlı deyir ki, Gürcüstan polisi Əfqan Muxtarlının axtarışını uzadırdı. Onlar Əfqan Muxtarlı barədə xəbəri Bakıdan alıblar.
30 mayda Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlının işinə baxılıb. Ona 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Vəkil Elçin Sadıqov jurnalistin kriminal gürcü polisi tərəfindən saxlanıldığını və döyüldüyünü deyib.
Jurnalistin həbsi Gürcüstan mediasının və dünya mediasının əsas gündəminə çevrilib. Həbsindən sonra Gürcüstan jurnalistləri və fəalları azərbaycanlı jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçiriblər.
Etirazçılardan Tbilisidə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin memorialını qırmızı rənglə boyayanlar da olub.
Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalistin oğurlanması ilə bağlı suallara cavabında ölkəsinin imicinin ciddi təhdid altında olduğunu vurğulayıb.
Gürcüstanın baş naziri Giorgi Kvirikashvili iyunun 3-də jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayevaya vətəndaşlıq təklif edib. Xanım Mustafayeva isə həyat yoldaşının oğurlandığı ölkənin vətəndaşı olmayacağını deyib.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Daha sonra ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Əfqan Muxtarlı Gürcüstanda siyasi məhbuslara azadlıq tələbi ilə bağlı aksiyalarda fəal iştirak edirdi. O həmçinin Əliyevlər hakimiyyətinin Gürcüstandakı biznesini də ortaya çıxarmışdı. Əfqan Muxtarlı jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.