Sabiq nazirin oğlu ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb; villalar da satışa çıxarılır, Məmmədovların biznes imperiyası sürətlə çökməkdədir....
musavat.com-Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun və ailəsinin biznesinin tezliklə çökəcəyi barədə məlumatlar təsdiqlənir. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə cəzalandırıldıqdan sonra ölkə iqtisadiyyatında ağırlıq təşkil edən biznes strukturlarını təhvil verməyə razılaşıb. Hətta iddia olunur ki, oğlu Anar Məmmədov ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb. Görünür, bu yasaqda məqsəd Məmmədovları tamamilə iqtisadi sferadan kənarlaşdırmaqdır.Çünki keçmiş nazirin ailəsi uzun illər hüdudsuz səlahiyyətləri nəticəsində ölkə iqtisadiyyatının neft daşımaçılığından tutmuş “fast-fud” fəaliyyətinədək, böyük bir spektrində hökmranlıq edə biliblər. 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adı ilə fəaliyyət göstərən Məmmədovların biznes imperiyası “Garant-Holdinğ”ə çevriləndən sonra da təsir imkanlarını daha da artırdı.
“Garant Holdinq”in tərkibinə 17 yerli şirkət daxildir. Bunlar “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, “ Zqan konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC-dir...
Holdinqə daxil olan şirkətlər istehsal, tikinti, logistika, hotel və daşınmaz əmlak, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərirdi. Hələ Z.Məmmədov nazir olanda bu şirkətlərdən fəaliyyətini dayandıranlar var idi (məsələn, “Qarant Sığorta”). Amma bu, Məmmədovlar imperiyası üçün “dənizdən bir damla” hesab olunurdu.
İndi isə ailə biznes imperiyası sürətlə çökməkdədir və belə görünür ki, şirkət tam iflas olduğunu açıqlayanadək bu proses davam edəcək. Məlumata görə, Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb. Xüsusilə Qubada “Garant Holding”in fəaliyyəti tam sıxışdırılıb. İş orasındadır ki, Məmmədovların ölkənin səfalı yerlərində böyük villaları da var ki, indi onları satmaq problemə çevrilib. Məmmədovlar isə Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək, satmaq niyyətindədirlər. Aydındır ki, bir müddət hakimiyyətdən hətta kiçik də olsa vəzifə gözləyən Z.Məmmədov Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü artıq anlayıb.
Bugünlərdə “Garant Holding”in bir hissəsini təşkil edən, ən iri quş əti istehsalçılarından olan “Ucar Aqro”nu itirən Məmmədovlar daha bir “xırda” bizneslərindən əllərini çəkiblər.
“Garant Holding”in nəzarətində olan KFC restoranlarının mülkiyyətçisi rəsmən dəyişib. Virtualaz. org xatırladır ki, məşhur KFC “fast-fud” restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir iş adamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.
Şəbəkə “Garant Holding”ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan, “28 May” metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran “başqa ünvana köçmək” adı ilə bağlanıb.
“Garant Holdinğ” şirkətinin rəsmi web saytı sonuncu dəfə 2014-cü ilin oktyabrında yenilənib. “Garant Holding”in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb. Belə görünür ki, Məmmədovlarla böyük hesablaşma hələ qarşıdadır. Uduzan tərəfin kimliyi isə indidən məlumdur...