Tarix : 2017 Jun 08
Kod 51895

Prokuror Fuad Əhmədliyə 7 il həbs cəzası istəyib

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədliyə 7 il həbs cəzası istənilib. İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Anar Əliyev bu təkliflə çıxış edib.
Azadliq.org-Prokurorun çıxışından əvvəl hakim Fikrət Qəribov deyib ki, iş üzrə bir şahid var, Naxçıvanda müalicədədir, onun qısa müddətdə məhkəməyə gəlməsi gözlənilmir. Ona görə də hakim həmin şahid Şahin Quliyevin ifadəsini elan edib.
“AZERFON” RƏHBƏRİ DİNDİRİLMƏYƏCƏK
O, istintaqa ifadəsində deyib ki, ekspeditel işləyib, ona borclu olan bir mağaza sahibi dükanını bağlayıb. Həmin adamın nömrəsi "Nar Mobile"dan olub. 2012-ci ildə dostu vasitəsi ilə tanıdığı Fuadın da həmin mobil şirkətdə operator işlədiyini nəzərə alaraq, onunla bağlı məlumatı ondan soruşub. Fuad isə ona deyib ki, sistemdə ümumiyyətlə, belə bir adam yoxdur. Şahid ifadəsində bildirib ki, Fuad Əhmədli faktiki ona həmin şəxslə bağlı heç bir məlumat verməyib.
Daha sonra hakim Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayevin əvvəlki iclaslarda qaldırdığı vəsatətləri müzakirəyə çıxarıb. Vəsatətlərdən biri "Azerfon" ("Nar Mobile") şirkətinin baş direktorunun məhkəmədə dindirilməsi haqda olmuşdu.
Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.
TAPILDIĞINA GÖRƏ AXTARIŞA XİTAM VERİLİB
Daha bir vəsatət isə Fuad Əhmədlinin işində zərərçəkən kimi tanınan Məhəmməd Quliyev haqda idi. Vəkil məhkəmədə bildirmişdi ki, Fuadı onun yeri haqda məlumatı başqasına ötürməkdə ittiham edən Məhəmməd Quliyevin özü illərlə dələduzluğa görə axtarışda olub. Vəkil həmin məhkəmə iclası gedən vaxtda da onun Bakı Şəhər Baş Polis İdarəsinin saytında axtarılanlar sırasında olduğunu təsdiqləyən fotonu da məhkəməyə təqdim etmişdi.
Hakim bildirib ki, həmin məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə göndərilən sorğuya cavab gəlib. Cavabda yazılıb ki, Məhəmməd Quliyev 2015-ci ildə dələduzluğa görə axtarışda olub. Amma o, tapıldığına görə axtarış qərarına xitam verilib.
Əsabəli Mustafayev Fuadın vəzifəli şəxs kateqoriyasına aid olub-olmadığını müəyyənləşdirmək üçün "Azerfon"a da sorğu göndərilməsini istəyib. Vəkil yada salıb ki, ötən iclaslardan birində "Azerfon"un işçisi məhkəmədə dindiriləndə Fuad Əhmədlinin vəzifəli şəxs olmadığını demişdi.
Amma məhkəmə bu vəsatəti təmin etməyib.
3 İL VƏZİFƏ TUTMANIN DA QADAĞAN OLUNMASINI İSTƏYİB
Müdafiəçinin daha bir vəsatəti isə zərərçəkmiş Aynur Əliyevanın ifadəsinin sübutlar siyahısından çıxarılması, özünün də zərərçəkən statusuna xitam verilməsi haqda olub: "Aynur Əliyeva məhkəmədə iştirak etmədi, dindirilmədi, ona suallarımızı verə bilməmişik".
Hakimlər bu vəsatəti də təmin etməyib.
Ardınca məhkəmə istintaqının tamamlandığı elan olunub və dövlət ittihamçısı çıxış edib. O bildirib ki, Fuad Əhmədlinin təqsiri məhkəmədə sübuta yetirilib. O, vəzifə səlahiyyətlərindən istifadə edərək, abunəçilərin şəxsi məlumatlarını yayıb, bununla onlara zərər vurub.
Prokuror Anar Əliyev Fuad Əhmədlinin 7 il azadlıqdan məhrum edilməsi ilə yanaşı, həm də ona 3 il vəzifə tutma qadağasının tətbiqini istəyib.
Məhkəmə iyunun 16-da vəkilin çıxışı ilə davam edəcək.
XATIRLATMA
Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.














  • Yazılıb
  • da (də) 2017 Jun 08
  • Göndərən مدير سايت Aran News