Tarix : 2017 Jun 10
Kod 51899

YAP hökumətinin “istedad”ı - Belə komanda hər xalqa nəsib olmur

Deyirlər, istedadlı adamı sıradan çıxarmaq, potensialını gizlətmək mümkün olmur. Yəni, şəxs malik olduğu istedadı mütləq hardasa nümayiş etdirir, özünə yer tapır.
Hətta balaca qabiliyyəti olan uşaq haqqında deyirlər ki, bu uşağın gələcəyi parlaq olacaq. Birinin əl qabiliyyəti, birinin dil qabiliyyəti, birinin yaxşı səsi, birinin mükəmməl yaddaşı, birinin də biznes bacarığı olur. Belə üstünlükləri hökumətlərə də aid etmək olar. Məsələn, hansısa ölkədə elmin, hansısa ölkədə idmanın, hansısa ölkədə texnologiyanın inkişafı qabarıq görünür. Bu mənada bizim hökumətin də özünəməxsus “istedad”ı və “üstünlük”ləri var.
Artıq uzun illərdi ki, Azərbaycanın adı gələndə təsəvvürlərdə korrupsiya, repressiya, saxtakarlıq, monopoliya canlanır. Məsələn, bir müxalifətçinin həbsi xəbəri yayılanda, hamı düşünür ki, ya cibindən narkotika çıxacaq, ya evindən silah tapılacaq. Yaxud, hansısa fəal inzibati həbs ediləndə, hamı bilir ki, “polisə müqavimət”, “ictimai yerdə söyüş söymə” kimi ittihamlar işə düşəcək.
Və ya “həkim xəstənin səhvən sağ ayağını kəsdi”, “müəllimlərdə saxta diplom aşkarlandı”, “ müharibə veteranı intihar etdi”, “yüksək çinli məmurun yüz milyonluq malikanəsi tapıldı” tipli xəbərlər yayılanda, hadisələrin Azərbaycanda cərəyan etdiyi dərhal aydın olur. Hətta vəziyyət o qədər adiləşib ki, hökumət hər hansı məsələylə bağlı qərar qəbul edəndə, hansısa rayona yol çəkilməsiylə bağlı pul ayrılanda, hansısa dövlət qurumuna yeni bina tikiləndə, hamı başa düşür ki, milyonlarla vəsait mənimsəniləcək. Ümumiyyətlə, Azərbaycanda kimsə vəzifəyə təyin olunanda “nəsil-nəcabəti milyoner olacaq”, “biraz da bu dağıdacaq” qənaəti yaranır.
Demək istəyirik ki, Azərbaycan hökuməti də belə “fenomenal” məsələlərdə istedad sahibidir. Yüz milyardlarla vəsaiti əritmək, 100-dən artıq günahsız insanı şərləyərək həbsə atmaq, dünyanın hər yerində malikanələr almaq, təhsili, səhiyyəni, məhkəmə sistemini oyuncağa çevirmək də bir istedaddı. Düşmənin bundan sonra 100 il müddətində Azərbaycana vura biləcəyi zərbəni, “uzaqgörən” siyasətçilər qısa müddətdə təmin etdilər. Yüksək potensialı olan ölkəni kasıb qonşulardan zəif vəziyyətə salmaq, bütün pis siyahəlarda ön sırada olmaq da “istedad”ın nəticəsidir. Bəli, zəngin bir ölkəni qısa vaxt ərzində zəlil vəziyyətə salmaq hər komandanın işi deyil. Dövləti obyekt kimi işlədib, vətəndaşa qul kimi baxmağı bacarmaq da “fərasət” tələb edir.
Belə hökumət hər xalqa nəsib olmur. Dövlətini, xalqını zərrə qədər sevən hökumət bu boyda cəhənnəm yaratmaq eşiqinə düşməzdi. Məmurun milyarderə çevrilib, vətəndaşın 116 manat maaşa möhtac edilməsi həqiqətən də analoqsuzluğun göstəricisidir.
Bir dövləti diz çökdürmək, bir xalqı intihar həddinə çatdırmaq istedadı yalnız bizim hökumətə məxsudur. Pis ssenarilərin yazılması, şeytani planların qurulması, vicdanlı adamların sıradan çıxarılıması məsələsində YAP hökuməti vunderkinddir. Hələ hakimiyyətin ilk çağlarından məlum idi ki, bu “uşaq” böyüyüb istedad sahibi olacaq. Dağıtmaq, talamaq, saxtalaşdırmaq bunların fitrətində var.
Arzu edirik ki, bu “istedad”ları tezliklə başlarında çatlasın. Yoxsa, bu “istedad”ın yaratdığı “inkişaf” bizi gözə gətirər./azadlıq/




  • Yazılıb
  • da (də) 2017 Jun 10
  • Göndərən مدير سايت Aran News