Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputat Elman Nəsirovun dedikləri ilə bağlı bəyanat verib.
Meydan Tv- Qurumun rəsmi saytında yayımlanan bəyanatda deyilir ki, azərbaycanlı deputatın dedikləri həqiqətəuyğun deyil:“Bəyan edirik ki, Əfqan Muxtarlının işində Gürcüstan Təhlükəsizlik Xidmətinin heç bir fəaliyyəti olmayıb. Araşdırmalar davam edir”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının Gürcüstandan gətirildiyini etiraf edib və bunu uğurlu əməliyyat kimi təqdim edib?
“Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq nümayiş etdiriblər. Peşə vərdişlərinə uyğun olaraq, bu addımı atıblar”.
Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.