“Turan” yazır ki, məsələ iyunun 9-da Gürcüstan səfiri Natali Sabanadzenin xarici işlər komitəsinin rəhbəri ilə qapalı görüşündə müzakirə olunub."Səfirlə görüş məxfi idi. Biz Azərbaycanlı jurnalistin məsələsinə baxdıq. Siyasi qruplar bu mövzunu növbəti plenar iclasın gündəliyinə salmaq qərarına gəliblər. Hazırda qətnamənin mətni üzərində iş gedir. Təkcə bizi deyil, bütün siyasi qrupları - sosial-demokratları, liberalları və yaşlıları əslində nə baş verdiyi maraqlandırır", - deyə komitə rəhbəri Devid Makkalister bildirib.
Avropa Parlamentinin deputatı Ana Gomes də Ə.Muxtarlının həbsinə münasibət bildirib. O, Gürcüstanın Təhlükəsizlik Xidmətinə sualları olduğunu deyib:
“Avropa Parlamenti üçün bu, ciddi narahatlıqdır. Biz qətnamə hazırlamağa, debatlar keçirməyə başlamışıq. Məsələ Əfqan Muxtarlı ilə bağlıdır”.
Ana Gomes bildirib ki, nə baş verdiyini şəffaf şəkildə müəyyən etmək hazırki durumda çıxış yoludur:
“Gürcüstan Azərbaycan hakimiyyətindən bu şəxsi qaytarmasını tələb etməlidir ki, onun təhlükəsizliyinə zəmanət verilsin. Təbii ki, bu məsələdə cavabdehlər cəzalandırılmalıdırlar”, - deyə A.Gomes vurğulayıb.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.