truthngo.org-Məhkəmədə şahid qismində iştirak edən QMİ-nin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov çıxışı zamanı çaşqınlıq və qeyri-müəyyənlik nümayiş etdirdi. Vəkillərin suallarına verdiyi cavablarla o, ilkin istintaqa verdiyi ifadələri alt-üst etdi.Cənub bölgəsinin qazisi: “Məhkəmədə abırım gedib”
Mirqiyas Təhməzov: Sərdar əlimizdə böyüyüb. 2008-ci ildə cümə namazı qılmaq üçün onu Masallıya mən dəvət etdim. 2015-ci ildə xarici ölkədə dini təhsil alan şəxsin dini mərasim yerinə yetirməsi qanunla qadağan edildi. Onu da deyim ki, Masallıda 216 nəfərdən çox insan xarici ölkələrdə dini təhsil alıb. Mən də, Sərdara, Masallı rayon “Cümə” məscidinin icma sədri Hacı Əhməd vasitəsilə xəbər göndərdim ki, cümə namazında iştirak etməsin. Hacı Əhməddən başqa da bir-neçə nəfərdən Sərdara xəbər göndərdim.
Dövlət ittihamçısı: Siz Sərdar Babayeva şəxsən dediniz ki, birdə cümə namazına gəlməsin?
Mirqiyas Təhməzov: Xəbər göndərdim, şəxsən demədim.
Dövlət ittihamçısı: Bayaq dediniz ki, 2015-ci ildə Sərdar Babayeva sifariş göndərdiniz. O zaman Sərdar Babayev nəsə dedimi?
Mirqiyas Təhməzov: Xeyir. Mən Sərdarı görmürdüm. O, cümə günləri namaza gəlirdi. Mən də həmin günü məscidə getmirdim.
Dövlət İttihamçısı: Nə əcəb, siz cümə günü məscidə gedib, özünüz şəxsən Sərdar Babayevə sözünüzü demirdiniz?
Mirqiyas Təhməzov: El qınağı çox pis şeydir. El qınağından qorxurdum, ona görə Hacı Əhməddən sifariş göndərdim. Sonra başqa adamlardan da sifariş göndərdim.
Dövlət İttihamçıcı: Xəbər göndərib nə dediniz?
Mirqiyas Təhməzov: Dedim ki, məscidə gəlməsin. Məscidə gəlib, xütbə oxumasın.
Dövlət ittihamçısı: Sonra Hacı Əhməddən sizin sifarişinizi Sərdara çatdırdığını soruşdunuz?
Mirqiyas Təhməzov: Soruşdum, Hacı Əhməd dedi ki, hələ deməmişəm.
Dövlət ittihamçısı: Sizin ifadələrdə uyğunsuzluq var.
Mirqiyas Təhməzov: Məndən ilk ifadə alınanda dedim ki, deməmişəm, amma sonra yadıma düşdü ki, demişəm.
Dövlət ittihamçısı: Sərdarın xaricdə təhsil aldığını sizə kim demişdi?
Mirqiyas Təhməzov: Hüquq –mühafizə orqanlarından dedilər.
Vəkil Cavad Cavadov: Mirqiyas Təhməzov, siz neçə dəfə ifadə vermissiniz?
Mirqiyas Təhməzov: İki dəfə
Vəkil Cavad Cavadov: Sərdarı nə zamandan tanıyırsan?
Mirqiyas Təhməzov: 1980-ci ildən.
Vəkil Cavad Cavadov: Sərdar Babayev ilk dini təhsilini kimdən alıb?
Mirqiyas Təhməzov: Molla Bəylərdən.
Vəkil Cavad Cavadov: Molla Bəyləri tanıyırsız?
Mirqiyas Təhməzov: Molla Bəylər xalam oğludur.
Vəkil Cavad Cavadov: İlahiyyatçı kimi necə adam idi?
Mirqiyas Təhməzov: Yaxşı adam idi.
Vəkil Cavad Cavadov: Sərdar Molla Bəylərin yanında neçə il təhsil aldı?
Mirqiyas Təhməzov: 4-5 il.
Vəkil Cavad Cavadov: Molla Bəylər Sərdar haqqında danışırdı? Necə tələbə idi Sərdar?
Mirqiyas Təhməzov: Hər cəhətdən yaxşı tələbə idi.
Vəkil Cavad Cavadov: Sərdarı 2009-cu ildə Masallıya niyə dəvət etdiniz?
Mirqiyas Təhməzov: Çünki Sərdar savadlı idi. Mən məscidin axundu idim. Sərdar savadlı, ləyaqətli, bacarıqlı olduğu üçün çağırdım.
Vəkil Cavad Cavadov: Sərdarı Masallıya nə üçün dəvət etdiniz?
Mirqiyas Təhməzov: Dedim ki xalq Sərdarın savadından bəhrələnsin. Xalq arasında vəhdət yaransın.
Vəkil Osman Kazımov: Siz Sərdar Babayevi cümə namazı qılmaq üçün Masallıya çağırmısınız. Bu çağırış rəsmi qaydada necə olur?
Mirqiyas Təhməzov: Bu bizim işimiz deyil…(?) Bu adamı insanlıq edib çağırmışam.
Vəkil Cavad Cavadov: 20 fevralda sizinlə Sərdar arasında üzləşmə olub. Siz yazmısınız ki, 2009-cu ildə Sərdarı pişnamazlıq etmək, xütbə oxumaq üçün Masallıya çağırmısınız.
Mirqiyas Təhməzov: Xütbə oxumaq üçün yazmamışam.
Vəkil Cavad Cavadov: Demək yalan yazmısız?
Mirqiyas Təhməzov: Yazmamışam.
Vəkil Cavad Cavadov: Hacı Əhmədə nə demisiniz?
Mirqiyas Təhməzov: Hacı Əhmədə dedim ki, get Sərdara de ki, dövlət onun xütbə oxumasına icazə vermir.
Vəkil Cavad Cavadov: Özün niyə demirdin ki, Sərdara?
Mirqiyas Təhməzov: Mən el qınağından qorxurdum.
Vəkil Cavad Cavadov: Axı mobil telefon var idi. Zəng edəydin.
Mirqiyas Təhməzov: Elin qınağından qorxurdum.
Vəkil Cavad Cavadov: İndi Sərdarın üzünə duranda elin qınağından qorxmursan?
Mirqiyas Təhməzov: Məni bura gətirənə Allah lənət eləsin!
Zaldan “Amin” səsləri ucalır.
Mirqiyas Təhməzov: Mən sifariş etmişəm.
Vəkil Cavad Cavadov: Elə Sərdar da sifarişnən tutulub.
Vəkil Elçin Sadıqov: Sərdarı Masallıya necə dəvət etdiniz? O, məsciddə necə iştirak edəcəkdi?
Mirqiyas Təhməzov: Onu xalq təyin edir.
Vəkil Elçin Sadıqov: Yəni Sərdarı dəvət edəndə dediniz ki, o məscidə gəlib neyləsin?
Mirqiyas Təhməzov: Çağırdım ki, gəlib cümə namazlarında moizə etsin.
Vəkil Elçin Sadıqov: Deməli, çağırdız ki, gəlib moizə etsin?
Mirqiyas Təhməzov: Yox moizə demədim.
Vəkil Elçin Sadıqov: Siz hardan bildiniz ki, Masallıdan 216 nəfər xarici ölkələrdə oxuyub?
Mirqiyas Təhməzov: Namiq Abbasov dedi.
Vəkil Elçin Sadıqov: Namiq Abbasov 12 il əvvəl nazir olub.
Mirqiyas Təhməzov: Məclislərdən eşitmişdim.
Vəkil Osman Kazımov: Sizi nə vaxt çağırmışdılar milli təhülkəsizlik orqanlarına?
Mirqiyas Təhməzov: Mənə dedilər ki, 2015-ci ildə qərar çıxarılıb ki, xaricdə dini təhsil alanlar xütbə oxuya bilməz.
Vəkil Osman Kazımov: Yəni hüquq mühafizə orqanlarının sizə bu barədə tapşırıq vermək hüququ var?
Mirqiyas Təhməzov: Allahşükür dedi.
Vəkil Osman Kazımov: Sərdar Babayev niyə həbs edilib? Dini ayin icra etdiyi üçün?
Mirqiyas Təhməzov: Yox
Vəkil Osman Kazımov: İddiada deyilir ki, Sərdar Babayev xütbə oxuduğu üçün həbs edilib.
Mirqiyas Təhməzov: Bunu dövlət rəhbəri deyib, mən yox.
Osman Kazımov: Burda nə cinayət var ki?
Mirqiyas Təhməzov: Bunu gedin, o qanunu qoyan dövlət rəhbərindən soruşun. Mən orucam.
Vəkil Osman Kazımov: Siz prezidentdən yuxarı şəxssiniz.
Mirqiyas Təhməzov: Mənim üçün dövlətin qanunları bütün qanunlardan üstündür.
Zaldan: Yəni Allahın qanununlarından da?
Mirqiyas Təhməzov: Bəli, bəli.
Vəkil Cavad Cavadov: Siz Sərdarın araxasında dayanıb namaz qılmısız?
Mirqiyas Təhməzov: Bəli.
Vəkil Elçin Sadıqov: Harda təhsil almısız?
Mirqiyas Təhməzov Molla Bəylərin və bir neçə mollanın adını çəkir.
Vəkil Elçin Sadıqov: İrana getmisiz?
Mirqiyas Təhməzov: Bəli, getmişəm, orda namaz da qılmışam.
Vəkil Elçin Sadıqov: Siz də müctehiddən dərs almısınız. Siz də həbs oluna bilərsiz.
Vəkil Cavad Cavadov: Sərdarın pişnamaz olduğu məclisində olmusuz?
Mirqiyas Təhməzov: Bəli.
Şahid Mirqiyas Təhməzov
Şeyx Sərdar Mirqiyas Təhməzova üzünü tutub: Sizi mən çağırtdırmamışdım. Sizi Sahil Abıyev gətizdirmişdi.
Mirqiyas Təhməzov: Mənim adımı ilk dəfə siz vermisiz.
Şeyx Sərdar Mirqiyas Təhməzova: Burda sizdən başqa heç kəs bu yalanlara inanmır. Ancaq sizi inandırıblar ki, mən guya ki, hüquq-mühafizə orqanlarında nə bilim milli təhlükəsizlik orqanlarında dindirilmişəm, ifadə vermişəm. Məni bu orqanların heç birinə çağırmayıblar. Sizə çöldə yalan informasiya veriblər.
Sizə deyiblər ki, məni DTX-nə çağırıblar. Hamısı yalandır.
Şirvanda bir nəfər mənə dedi ki, bizə demişdilər ki Sərdar terrorçudur.
Mənim terrorçuluğum haqqında kimin əlində sənədi varsa, qoysun ortalığa.
Əslində dövlətin sütununu napakın pakın üzünə durması laxladır.
Üzə durmaq, böhtan atmaq hər zaman olub. Hətta Allahın da üzünə durub, iftira atıblar. Bəli, şeytan Allaha iftira atıb.
Dönün arxanızdakı adamların üzünə baxın, nə qədər adam sizin sözünüzə inandı? Heç kim inanmadı.
Mən istəyirəm ki, sizə hüquqi vətəndaş olmağın yolunu öyrədim.
Məndən soruşanda dedim ki, məni Masallıya Mirqiyas ağa dəvət edib ki, gəlim, cümə namazı qılım.
Mirqiyas Təhməzov: Xeyr, cümə namazı demədim. Dedim gəl, namaz qıl.
Şeyx Sərdar: Mən Masallı balasıyam. Masallıda məsciddə namaz qılmaq üçün sizin dəvətiniz lazım deyildi. Siz çağırdız ki, gəlim cümə namazı qılım, mən də gəldim. Əgər siz çağırmasaydınız mən gəlməzdim.
Siz mənim pişnamazlıq etdiyim cümə namazlarında dəfələrlə arxamda dayanıb namaz qılmısınız.
Mirqiyas Təhməzov: Hə, gəlmişəm.
Şeyx Sərdar: Məni Sibirə də göndərsələr, qəbrə də göndərrsələr, olanını deyəcəm. Dəfələrlə evinizdə olmuşam, məclislərinizdə olmuşam. Allah hər ikimizin danışdıqlarını eşidir. Mən də sizi halal edirəm.
Mirqiyas Təhməzov: Mən sizə hər zaman yaxşılıq etmişəm. Amma siz bu gün abrımı töküb məni bura çağırtdımısız.
Şeyx Sərdar: Məndən soruşdular, mən də dedim ki, məni Masallıya Mirqiyas dəvət edib.
Axı nə oldu ki, 70 ildən sonra Masallıda cümə namazı qıldırmaq istədiz və məni dəvət etdiz?
Mirqiyas Təhməzov: Dövlət istədi.
Şeyx Sərdar: Deməli, dövlət sifarişdir. Mən burdan bütün Masallı camaatına səslənirəm. Heç biriniz Mirqiyası görəndə, ona üz-gözünüzü turşutmayın.
Vəkil Cavad Cavadlı Mirqiyas Təhməzovdan soruşur: Sizin qazi olaraq səlahiyyətinizə nə aiddir?
Mirqiyas Təhməzov: Məscidlərə axund göndərmək.
Vəkil Elçin Sadıqov: Sərdar Babayevə dediniz ki, ona yaxşılıq edib, məscidə çağırmısız. Yəni nə yaxşılıq etmisiz?
Mirqiyas Təhməzov: Sual çox mürəkkəbdir.
Vəkil Cavad Cavadov: Niyə görə, Sərdarı dəvət etdiniz başqasını yox?
Mirqiyas Təhməzov: Savadına görə.
Vəkil Cavad Cavadov: Bəs yaxşılığı necə etmisiz ki?
Mirqiyas Təhməzov: Sərdarı namaz qıldığına görə tutmayıblar. Mən də namaz qılıram, bəs məni niyə tutmurlar?
Şeyx Sərdar: Çünki sən qulağına pıçıldananlara inanırsan, mən inanmıram. Səni halal edirəm gedə bilərsən.
Mirqiyas Təhməzov Şeyx Sərdarı qucaqlayıb boynuna sarılır və peşiman görkəmdə zalı tərk edir.
Daha sonra Masallı Şəhər İcra nümayəndəsi Kamal Mazanov şahid qismində dindirildi.
Kamal Mazanov məscidə getdiyini, Şeyxin orada “dini ayin” icra etdiyinin şahidi olduğunu bildirdi.
Amma Şeyx Sərdarın həbsinə vəsilə olan xasiyyətnaməni yazan Kamal Mazanov ifadə verərkən xeyli səhvlər buraxdı və “hazırladığı” xasiyyətnamədən xəbərsiz olduğu bəlli oldu. O, xasiyyətnaməni bəzi adamların verdiyi xəbərlər əsasında yazdığını və indiyə qədər 150-yə yaxın belə sənəd hazırladğını dedi.
Vəkillər Kamal Mazanova Şeyx Sərdarın iştirakı olmadan onun haqqında xasiyyətnamə hazırlamasına irad bildirəndə isə K.Mazanovun ibtidai sinif şagirdi qədər savadının olmadığı ortaya çıxdı. O, vəkillərin suallarına daha çox “bilmirəm” cavabını verməklə canını qurtarmağa çalışsa da çox çıxılmaz vəziyyətdə olduğunu hamı kimi özü də yaxşı anlayırdı.
Şeyxin üzünə duranlardan biri Şəhər icra nümayəndəsi Kamal Mazanov
Onun Şeyx Sərdar üçün tərtib etdiyi xasiyyətnamədə “İranın dini-siyasi rejimini dəstəkləyir” ifadəsindən isə xəbərsiz olduğunu vəkillərin verdiyi suallar bəlli etdi. İxtisasca bədən tərbiyəsi müəllimi olan Kamal Mazanov vəkilin “Siz bilirsinizmi ki, sizin bu verdiyiniz xasiyyətnamə ilə qarşınızda gördüyünüz şəxsi həbs ediblər” sualına cavab vermədi.
“Bəzən insanlar tabeçiliklə təslimçiliyi səhv salırlar”
Şahidin ifadəsindən sonra çıxış edən Şeyx Sərdar Hacıhəsənli tabeçilik anlayışına toxundu. O, hər zaman ətrafında baş verənlərə tolerant yanaşdığını söylədi: ““Cümə” namazlarında çalışmışam ki, insanlara nə isə yaxşı bir şey öyrədim. Onlara xeyirxahlığı aşılayım. Tabeçilik deyilən bir məfhum var. Əgər bu olmasa, dünyada hərc-mərclik hökm sürər. Müəllimin direktora tabeçiliyi, şagirdin müəllimə tabeçiliyi, aşağı çinli məmurun özündən yuxarı məmura tabeçiliyi və s. Tabeçilik həyatımızın idarə edilməsində mühüm rola malikdir. Ancaq bəzən insanlar tabeçiliklə təslimçiliyi səhv salırlar.
Məsələn, qanunda yazılar var ki, buna tabe olmaq lazımdır. Amma yuxarı çinli məmura tabe olan burada təslimçiliyi önə çəkir və onun verdiyi qərarı eyni ilə yerinə yetirir. Amma fikirləşmir ki, o ən əvvəl qanuna tabe olmalıdır. Qanuni tabeçilik ölkəni idarə etməyin zərurətidir. Bu olmalıdır. Amma qorxun o gündən ki, tabeçiliyi özündən yuxarıda oturanın təslimçiliyinə çevirəsiniz. O zaman bizi fəlakət gözləyir”.
“Siz heç zaman məni görməmisiniz. Deyirsiniz ki, monitorinq keçirmisiniz. Mənim xütbələrimə qulaq asmısınız. Mən xütbəmdə İran haqqında danışmışam, oradakı quruluşu təbliğ etmişəm. Elə isə sizə sual edirəm. Mən xütbəmdə Çin haqqında danışmışam. O zaman yazacaqdınız ki, mən Çindəki kommunist rejimi təbliğ edirəm, ölkəyə buddizm dinini gətirirəm? Heç Allahdan qorxmursunuz? Rafil Hüseynovun (Masallının icra başçısı) istəklərinə bu qədər tabe olmağa məcbursuz? Sizi heç bir zaman bağışlamayacağam”.
Məhkəmənin gedişində bəlli oldu ki, Şeyx Sərdara Cümə namazına gəlməməsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.
Çünki Miriyas Təhməzov Masallı rayon “Cümə” məscidinin icma sədri Hacı Əhməd vasitəsilə Şeyx Sərdara xəbədarlıq göndərdiyini desə də O, şahid qismində ifadə verərkən dedi ki, ona edilən xəbərdarlığı şeyxə çatdırmayb: “QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov məndən xahiş etdi ki, Şeyx Sərdara deyim ki, “Cümə” namazı qılmasın. Amma bu xəbərdarlığı Şeyx Sərdara çatdırmağı unutmuşam”.
Şeyx Sərdara dini ayindən “dərs deyən” Kamaz sürcüsü
Daha sonra şahid qismində dindirlən digər şahid Şeyx Sərdarın cümə namazlarında iştirak etdiyini desə də vəkillərin namazla bağlı verdiyi suallara cavab verə bilmədi. O, hətta vəkillərin namazdakı “Həmd surəni oxuyun burda” təklifini də cavablandırmad.
Şeyx Sərdar ona ünvanladığı sual isə sürücünü lap özündən çıxardı. O, “Əvvəlcə namaz qılıb sonra xütbə oxuyrdular” deməsinə etiraz edən Şeyx Sərdara acıqlı şəkildə mənə öyrətməyin, mən bilirəm deməsinə zaldakıların hamısı gülüşdü.
Dəhşətli olanı isə bu məhkəmə prosesində istifadə edilən insanların faciəsidir. Şeyx Sərdarın üzünü ilk dəfə məhkəmədə görən bu adamların qorxaq, rəzil duruşları əslində çox acınacaqlı idi. Qorxa-qorxa danışan şahidlərə vəkillərin verdiyi sual zamanı onların hətta imza atdıqları ifadələrdən də xəbərsiz olduğu bəlli olurdu.
Növbəti məhkəmə posesi 19 iyun saat 10: 00-a təxirə salınb.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, “Cümə” namazı qılmaqda ittiham olunur.
Hər zaman olduğu kimi bu dəfə də ölkənin tanınmış ictimai xadimləri, ziyalılar və din alimləri Şeyx Sərdarla birgəydi