İyunun 9-da appelyasiya məhkəməsi Əziz Orucov haqqında həbs-qəti imkan tədbirinin dəyişdirilməsindən verilmiş şikayəti təmin etmədi.
Vetenugrunda.Az-Bu barədə ictimai fəal, Almaniyada yaşayan jurnalist Anar Orucov məlumat verib: "Haqq daimi və əbədidir deyə, bu cüzi ehtimal da olsa HAQQ-ın öz yerini tapacağına ümid edirdim. Amma hər zaman HAQQ-ın gəlişi bir az gecikir.Əzizi əlləri qandallı gətiriblər məhkəməyə - çox ağır cani kimi... Dindirəndə də, sualları bu olur ki, Kanal13 hardan maliyyələşir: bəlkə istintaq qrupunun ürəyindən keçir bu sualın gerçək cavabını bilsin, ona görə də mən deyim: Kanal13-də çalışanlar heç biri pula işləməyib, pul onlara önəmli olmayıb, azad jurnalist adına işləyiblər: Yol pullarını 100 minlik YouTube abunəmizdən gələn 3-5 manatla ödəyərdik (həqiqətən 3-5 manat idi), kimsə bir layihə çərçivəsində çəkiliş xahiş edib ordan nəsə verərdi və Kanal13-ün işçilərinin maşını olanları gecələr taksi sürərdilər: Əziz deyirdi ki, über-də qeydiyyatdadı, deyirdi gecələr 15-20 manat pul qazanmaq olur, Teymur da gecələr sabaha qədər yatmazdı, *9911, *9988 və s. xidmətlərdə taksi sürürdü.
Əziz bir dəfə mənə yazmışdı ki, Novruz Bayramı gecəsi überdə taksi sürməklə 60 manat qazanıb. Teymur giyelənirdi ki, 20-dən çox qazana bilimir. Əlimdə Teymurun maşınını "üstü taksili" bir şəkli var, yükləyirəm bura. Baxın! Bunu ona görə yazmıram ki, deyim ki, jurnalsitlərə yazığınız gəlsin, ona görə yazıram ki, qürur duyasınız onlarla! Gecələr taksi sürüb, gündüzlər o pulu öz aralarında bölüb ölkəmizdə minlərin, milyonların önəm vermədiyi bir HAQQ SÖZƏ, düz SÖZƏ, bu xalqın dərdini kimsəyə çatdıra bilməyən minlərlə çarəsiz övladının eşidilməsinə ehtiyac duyduğu SÖZÜNƏ sahib çıxmaq istəyirdilər... İqtidar-müxalifət, sıravi vətəndaş demədən hər kəsə hər kəsə SÖZ haqqı verirdilər! Çünki bu haqqı hər bir yaratdığı insana Uca Allah verib! İndi qolları qandallıdı ki, SÖZləri də qandallansın. Mən bu gündən sonra and içəndə ALLAHdan başqa həm də, SÖZƏ and içəcəm! And olsun AZAD SÖZƏ və onu QORXMADAN SÖYLƏYƏNLƏRƏ! And olsun ki, Siz AZAD SÖZÜN təntənəsini görəcəksiniz!!!"