Tarix : 2017 Jun 11
Kod 51912

Qiyas İbrahimov: Bir vardı, bir yoxdu, bir saxtakar kral vardı...

İyunun 5-də Bakı Apelyasiya Məhkəməsində keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan Qiyas İbrahimovun apelyasiya şikayətinə baxılıb.
Meydan TV-nin məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda Qiyas İbrahimovun vəkili Elçin Sadıqov çıxış edib. O, Qiyasa qarşı narkotik ittihamının saxta olduğunu, gənc fəalın işgəncələrə məruz qaldığını bildirib. Vəkil cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Daha sonra çıxış üçün Qiyas İbrahimova söz verilib. O bir ildir həbsdə olduğunu bildirib:
''Məni məhkəməyə aparıb-gətirirlər. Bu müddətdə çox nağıllar eşitdim. İndi də istəyirəm özüm sizə nağıl danışam. Bir vardı, bir yoxdu, bir saxtakar kral vardı..."
Bu məqamda hakim Qiyasın saxlandığı şüşə kabinədəki mikrofonu söndürüb, gənc fəalın səsi zalda eşidilməyib. Qiyas mikrofona əl atanda o yuvasından qopub yerə düşüb. Penitensiar Xidmətin əməkdaşları dərhal kabinədə də Qiyasın əllərini qandallayıblar.
Ardınca prokuror çıxış edərək, şikayətin təmin edilməməsini istəyib.
Məhkəmə qərarı ilə şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Q. İbrahimov 10 il azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və postamenti yazdığı üçün şərləndiyini bildirir.



  • Yazılıb
  • da (də) 2017 Jun 11
  • Göndərən مدير سايت Aran News