Tarix : 2017 Jun 12
Kod 51921

İdarə prokuroru dələduzluğa görə özü məhkəmə qarşısında

Bu yaxınlara qədər Baş Prokurorluğun idarə prokuroru vəzifəsində işləmiş Fəxrəddin Alıyev özü indi məhkəmə qarşısına çıxarılıb.
Azadliq.Org-O, İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq məsələləri şöbəsinin müdiri Valeh Hüseynovdan həbs olunmaması və məhkəmədə bəraət hökmünün çıxarılmasından ötrü 66 min manat alıb qaytarmamaqda suçlanır. Sabiq prokurora CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilsə də, o, həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Keçmiş prokurorun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Fəxrəddin Alıyev özünü qətiyyən təqsirli bilmir. Deyir ki, nə kimdənsə pul alıb, nə də kiməsə problemini həll elədəcəyi haqda söz verib.
Zakir Qaralova işçisindən şikayət
2007-2014-cü illərdə İsmayıllı RİH-nin şöbə müdiri işləmiş Valeh Hüseynov 2015-ci ilin iyununda dünyasını dəyişib. Ona görə də zərərçəkmiş qismində onun həyat yoldaşı Kəmalə Hüseynova tanınıb. Keçmiş prokuror haqqında cinayət işi isə mərhum Valeh Hüseynovun anası Hənifə Hüseynovanın müraciəti əsasında başlanıb. Ana Baş Prokurorluğa müraciət edəndə Fəxrəddin Alıyev öz vəzifəsində işləyirdi.
Hənifə Hüseynova məktubunda yazıb ki, oğlunun haqqında olan cinayət işinə xitam verilməsi Fəxrəddin Alıyev və Gəray Orucov ondan pul alıb. Onun yazdığına görə, prokuror oğlundan istintaq orqanına 51 min, məhkəməyə 10 min, zərərçəkmişə isə 5 min manat vermək adı ilə ondan ümumilikdə 66 min pul alıb.
Valeh Hüseynovun özünün haqqında niyə cinayət işi başlanması haqda isə həyat yoldaşı Kəmalə Hüseynova danışıb. Deyib ki, həyat yoldaşı 2012-ci ilin avqustunda rayon sakini Vahid Piriyevlə razılaşaraq, onu həyətdə kanalizasiya xətti çəkməyə çağırıb. Vahid Piriyev həyətdə işləyəndə gözünə mismar batıb, xəsarət alıb: “Bizim evdə xəsarət aldığı üçün yoldaşım onun Bakıda, daha sonra isə İranda müalicəsinə kömək elədi. Buna baxmayaraq, anası Baş prokurorun qəbuluna düşüb, yoldaşımdan şikayət elədi”.
Bundan sonra mərhum Valeh Hüseynovun haqqında cinayət işi başlanıb, ona CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib. İttihamın mahiyyətinə gəlincə, yazılıb ki, fərdi şəkildə usta fəaliyyəti ilə məşğul olan Vahid Piriyev övladlığa uşaq götürmək istəyib. Bundan ötrü İsmayıllı RİH-nin hüquq məsələləri şöbəsinin müdiri olan Valeh Hüseynovun qəbuluna düşüb. Şöbə müdiri də bunun müqabilində qarşılığında ondan usta kimi, həyətindəki işləri görməsini istəyib.
“Prokuror zənglərimə, mesajlarıma cavab vermədi”
İsmayıllıda məktəb müəllimi işləyən Kəmalə Hüseynova da iddia edir ki, həyat yoldaşı probleminin həlli, bəraət alması üçün prokurora pul verib. Onun sözlərinə görə, icra hakimiyyətində vəzifəsinə bərpa olunmaq üçün bəraət alması vacib idi: “Valeh 2014-cü ildə cinayət işi başlananda Fəxrəddin Alıyev adlı tanışı ilə əlaqə saxladı . Valeh ondan bu işin həllinə kömək istədi, dedi ki, lazım olsa, pul da verəcək”.
Bütün bu baş verənlərdən sonra həyat yoldaşının ağır xəstəliyə tutulduğunu, yatağa düşdüyünü deyən Kəmalə Hüseynovanın sözlərinə görə, verilən pulları geri almaq üçün həmin müddətdə Fəxrəddin Alıyevlə əlaqə saxlamayıblar. Amma Valeh Hüseynovun ölümündən sonra ona bir neçə dəfə şəxsən özü zəng edib, mesaj yazıb: “Valehin vəfat etdiyini bildirdim, bizə heç bir kömək etmədiyi üçün pulları geri qaytarmasını tələb etdim. Amma Fəxrəddin Alıyev nə zənglərə, nə də mesajlara cavab verdi”.

Məhkəmə prosesi davam edir.



  • Yazılıb
  • da (də) 2017 Jun 12
  • Göndərən مدير سايت Aran News