Tarix : 2017 Jun 12
Kod 51927

Kütləvi zəhərlənmə ilə bağlı yeni xəbər və iddialar

“Azərsu” zəhərlənməyə suyun səbəb olduğunu təkzib edir, Səhiyyə Nazirliyi isə hadisəni araşdırır; baş verənlərdə təxribat elementləri axtaranlar da var...
Musavat.Com-İyunun 10-da Sumqayıtda azyaşlı uşaqlar arasında kütləvi zəhərlənmə hadisəsi ölkə gündəmini zəbt edib. ARB 24 xəbər verib ki, Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
Kütləvi zəhərlənmə ilə bağlı ən müxtəlif versiyalar var. Düzdür, valideynlər və zərərçəkmişlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər. Onların bəzi açıqlamalarını təqdim edirik:
Əkbər İsmayılov (valideyn) : “Su içən yerdə əhvalı pis oldu. Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi, gətirdim”.
Altay Əsgərov (valideyn): “99 faiz uşaqlarda eyni xəstəlikdir. Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər”.
Uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə tibb ocağında müalicə olunur.
 İqbal Mövsümov (zərərçəkən): “Uşaqlarla oynadım, sonra tərləyib su içdim. Sonra qaytardım, pis oldum”.
Nəzrin Nəzərova (zərərçəkən): “Su içdim, qaytardım. Sonra pis oldum, boğazım ağrıdı”.
Kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına müraciət edən uşaqların vəziyyətində hazırda təhlükəli bir hal yoxdur. Bunu “Trend”ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Nazirliyin sözçüsü bildirib ki, 60-a yaxın azyaşlı uşaq ishal və qusma diaqnozu ilə xəstəxanaya qəbul edilib: “Müayinə və ilkin tibbi yardım göstərildikdən sonra onların bir qismi dərhal evə buraxılıb. Hazırda xəstəxanada qalan uşaqlar özlərini yaxşı hiss edirlər və həkimlərin təkrar müayinəsindən sonra onlar da evə buraxılacaqlar”.
L.Bayramova uşaqların nədən zəhərləndiklərinin hələ məlum olmadığını bildirib: “Uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq”.
L.Bayramova nazirliyin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının xəstəxanada olduqlarını və vəziyyəti nəzarətdə saxladıqlarını vurğulayıb.
“Azərsu” ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları hadisə baş verən ərazidə olublar.
Bunu da Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi barədə xəbərlərə aydınlıq gətirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Sputnik Azərbaycan”a bildirib. “Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb” deyə, A.Cəbrayıllı bildirib.
O “uşaqlardan götürülmüş qan analizlərinin nəticələrindən sonra əsas səbəb bilinəcək” deyə qeyd edib.
İyunun 11-də hadisə ilə bağlı Lent.az-a Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli danışıb və o bildirib ki, xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb: “Uşaqların əksəriyyəti evə yazılıb. Yeni gələnlər də artıq yoxdur. Lazım olan bütün yardımlar göstərilir və xəstəxanadakı uşaqların hamısının vəziyyəti stabildir. Narahatlığa əsas yoxdur”.
Bununla belə hadisədə təxribat elementləri axtaranlar da az deyil. Kütləvi zəhərlənmənin konkret olaraq yaxın ərazilər üzrə qeydə alınması, özü də konkret 2-7 yaşlı uşaqlar arasında baş verməsi, yüzdən çox uşağın zəhərlənməsi ciddi şübhələrə yol açıb.
Təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu hadisədən ilk növbədə, Dövlət Təhlükəsizlik Xidməti şübhələnməli və təxribat izlərini axtarmalıdır: “Əyalətlərdə belə işləri həyata keçirmək daha asandır. Açığı, burada mən təxribat görmürəm. Bu işə cavabdeh olan şəxslərin səhlənkarlığı görünür. Uzun müddət qalan suyun nəticəsində belə mikroblar yarana bilər. Anar Cəbrayıllı deyir ki, bizim mütəxəssislər sudan nümunə götürdülər, heç bir problem yoxdur. Su məsələsi elə şeydir ki, tonla zəhər tökürsən, amma axıb gedirsə, əhəmiyyətini itirir. Vaxtı ilə Gəncədə işlədiyim zaman Gəncəyə Göygöldən gələn suyun bazasında ermənilər işləyirdilər. Biz onları dəyişdik. Sonradan mütəxəssislər dedilər ki, ora zəhərin atılması, suyun zəhərlənməsi keçici olduğundan xüsusi təxribat gözlənilmir. Amma burada uşaqların birdən-birə sudan zəhərlənməsi uzun müddət qalmış suda yaranan mikrobların nəticəsində mümkün ola bilər, nəinki təxribatla. Xüsusi zəhərlənmə olsaydı, bu mütləq ölümlə nəticələnə bilərdi. Bunun təsiretmə gücü də göründüyü kimi, yalnız uşaqlaradır. Böyüklərin bədənlərindəki immunitet zəhərlənməyə imkan vermir. Açığı burada təxribatdan daha çox səhlənkarlıq görürəm. Burada ən çox nədən şübhələnmək lazımdır? Bildiyiniz kimi, Sumqayıt radikal islamçıların yuvasıdır. Bunlara bəzən tapşırıqlar verirlər ki, müəyyən işlər görün. Yadınızdadırsa, illər öncə onlar bir boru partlatmış, elə bilmişdilər ki, neft borusu partladıblar, amma sonradan su borusunu partlatdıqları məlum olmuşdu. Ona görə şübhələnməyə müəyyən qədər əsaslar var. Amma ərazi böyük olduğundan eyni mənbədən qaynaqlanan səbəbdən bunun baş verdiyini demək olar”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla hadisəyə səbəb olacaq ehtimallardan danışdı: “Sudan nümunələr götürülməli, analizlər aparılmalıdır. O zaman əsl səbəblər üzə çıxacaq. Əgər konkret zəhərlənmə faktıdırsa, bu, təsadüf ola bilməz. Demək burada nəsə bir səbəb var. Uşaqlardan qan nümunələri götürülməlidir. Bütün bunlar ortada olmasa, birmənalı nəsə demək çətindir. Zəhərlənmənin içməli sudan baş verdiyini valideynlər də deyirlər. Ola bilər ki, içməli suya nəsə qarışsın. Əgər suda bu problemlər varsa, səhəri gün başqa fəsadlar baş verə bilər. Uşaq orqanizmi dözümsüz olduğundan daha çox onlara təsir edib. Ola bilər ki, bu əlamətlər böyüklərdə də olsun. Bu hadisə konkret bir yerdə baş verməyib. Yəni hansısa bir toplantıda, yaxud uşaqların hamısının bir yerdə olduğu yerdə baş verməyib. Kanalizasiya və başqa yerlərdən suya nəsə qarışa bilər, bunlar mütləq araşdırılmalıdır. Orada hansısa bir hadisənin baş verməsi mütləqdir. Bu cür şübhələrin yaranmasına səbəb hadisənin konkret Sumqayıtda baş verməsidir. Burada fəsil dəyişikliyinin buna səbəb olduğunu düşünmürəm. Krandan birbaşa içməli su qəbul etmək düzgün deyil. Su süzülməli, onun tərkibində çöküntülər süzülməlidir. Yaxşı olardi ki, su ilkin mərhələdə qaynadılsın, sonra içilsin”.








  • Yazılıb
  • da (də) 2017 Jun 12
  • Göndərən مدير سايت Aran News