Tarix : 2017 Jun 13
Kod 51932

Ramazan ayı Azərbaycanda hiss olunurmu

Bir sıra müsəlman xalqlar vardır ki, onların İslamı, dini, Ramazanı ancaq məscid içindədir.
Nur-az.com:Təəssüf hissi keçirərək deməliyik ki, Azərbaycan xalqı da bu qəbil xalqlardan sayılır
Mübarək Ramazan ayının fəzilətlərindən danışan hədislər arasında bir hədis xüsusi diqqət çəkir. İslam Peyğəmbəri (s) buyurur ki, oruc tutan şəxs iki məqamda sevinər ki, birincisi iftar zamanıdır, ikincisi isə o dünyada əcrini alarkən. Amma təəssüflər olsun ki, Azərbaycanda bu sevinc hissi o qədər də bilinmir. Çünki ümumiyyətlə Azərbaycanda Ramazan ayının gəlişi hiss olunmur.
Bir sıra müsəlman xalqlar vardır ki, onların İslamı, dini, Ramazanı ancaq məscid içindədir. Təəssüf hissi keçirərək deməliyik ki, Azərbaycan xalqı da bu qəbil xalqlardan sayılır. Bu xalqın televiziyası, radiosu, teatrı, kinosu, reklamı və s. KİV-i dindən, islamdan çox uzaqdır. Doğrudur, bəzi internet resursları vardır ki, orada İslam dini müəyyən qədər təbliğ edilir. Həmçinin Ramazan ayında bir ay boyunca bir-iki proqramda dini veriliş efirə verilir. Amma həqiqətən də bu miqdar müsəlman bir xalqın Ramazan təbliğinə olan ehtiyacını ödəmir. Bunun bariz nümunəsi şəhərdə gəzişən, iş-güc dalısınca gedən insanlardır. Onlar çox rahatlıqla gündüz- günorta vaxtı yeyir, içir, işləyən kafelərdə, dönər-perojki satılan dükanlarda qidalanırlar. Zatən bu insanlar digər aylarda öz geyimləri ilə avropalılara daha çox oxşayırdılar. Ramazan ayında arxayınlıqla yeyib-içmələri isə onların Ramazandan uzaq olmalarını göstərir.
Əlbəttə, bu xalq məqsədyönlü şəkildə bu kökə salınıb. Ölkədə dövlət səviyyəsində elə nadürüst işlər görülür ki, müsəlman bir xalq müsəlmandan daha çox dinsiz bir avropalıya bənzəyir. 
Əlbəttə, məlumunuzdur ki, bir xalqa istənilən bir şeyi təbliğ etmək üçün ən güclü və geniş vasitə KİV-dir. Məsələn, elə bu xalqın dindən, Ramazandan uzaq düşməsində nadürüst KİV və onun xalqa təqdim etdiyi ziyanverici şouların vasitəsiylə xalq bu günə qalıb? Bu xalqa din nə zaman təbliğ edilib ki, onun dinə sədaqətli olması umulsun. Doğrudur, Allaha həmd olsun ki, bu gün ölkədə məscidlərin sayı çoxdur, bəzi məntəqələr vardır ki, dindarlığı ilə tanınır. Amma bu kifayət etmir. Bir misalla bəhsimizə daha da aydınlıq gətirə bilərik: Məsələn, cənub zonası, lap deyək ki, Nardaran və onun ətrafındakı kəndlər dindarlıqla ad çıxarıblar. Amma təəssüflər olsun ki, bir xalqın mədəniyyəti, dini, milli-mənəvi dəyərləri, ümumilikdə mentalitetinə bələd olmaq üçün televiziyasına baxmaq kifayətdir. Küçədə-bazarda bu xalqla tanış olmaq istəyən isə şəhərə çıxır. Şəhərə çıxdıqda isə insanlarımıızn avropalaşdığı aşkar görünür. Ələl-xüsus da son zamanlar ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə görə turistlər ölkəmizə axışmaqdadır. Onlar şəhərə gəzməyə çıxarkən müsəlman bir xalqın avropalılara bənzəməyə can atdıqlarını daha çox görürlər. Onlar məscid, hüseyniyyə, pir kimi ibadət ocaqlarına da turist gözüylə baxırlar. Foto çəkib, reportaj hazırlayıb gedirlər. Gedərkən də Azərbaycan xalqı avropalaşmış bir xalq kimi təqdim edilir. Beləliklə də hər dəfə bu ölkəyə olan turist axını xalqın bir az da avropalaşmasına səbəb olur. 
Doğrudur, xalq arasında əmr be mərufun, dinə dəvətin zəifliyini özünü açıqca göstərir. Amma bütün bunlardan ötrü birinci məsul şəxs dövlətdir. Bu gün insanları dinə dəvət edən, Ramazanın mübarəkliyini çatdıran din xadimləri, dəyərli alimlər həbs edilirsə əlbəttə insanlar dindən uzaqlaşacaqlar. Necə ki, bir xalqın məşhur və güclü təbibini aradan apardıqda o ölkədə xəstəliklərin sayı artıb çoxalacaq, din xadimləri, mənəviyyat təbibləri də eyniylə bu cürdür. 
Mübarək Ramazan ayının bayramı olan Fitr bayramında dövlət başçısı xalqı təbrik edir. Hətta təbrik çevrəsini bir az da genişləndirib bütün dünya müsəlmanlarını təbrik edir. Amma Ramazan ayı məgər Fitr bayramındamı yada düşməlidir? Bu bayram kimlər üçündür? Oruc əhli üçün. O zaman nə üçün insanların orucla, Ramazan ayı ilə tanış olmasından ötrü gücləndirilmiş iş rejiminə keçid edilmir. Doğrudur, biz dövlətdən gündüz saatlarında küçələrdəki çayxanaların, dönər-perojki dükanlarının qapadılmasını tələb etmirik. Amma heç olmasa ən azından Ramazan ayına hörmət qoyan şəxs xalqın efirində bir ay boyunca, Ramazandan sonra da müntəzəm və davamlı olaraq dini təbliğatla məşğul olmalıdır. Belə olan halda insanlar Ramazanın faydaları və fəzilətləri ilə tanış olarlar. Ramazan ayında özləri günorta vaxtları işlətdikləri kafeləri, çayxanaları, dönərxanaları işlətməzlər. Hətta, bu işi dövlət məcburi olaraq həyata keçirtmək istəsə belə bunu bacarar. Burada demokratiyaya zidd heç nə yoxdur. Məsələn, götürək hazırda şəhərin mərkəzində, köhnə "dom sovet" qarşısında Formula – 1 yarışları üçün qoyulan stulları. Azarkeşlər burada əyləşib Formula – 1-ə tamaşa edirlər. Bu işləri görərkən məgər bütün xalqdan soruşublar ki, razısınız, yoxsa yox?! Özü də nəzərə alsaq ki, bu gün xalqın çoxu bu lazımsız şoulardan, Formula -1 oyunlarından narazıdır. Xalq istəmir ki, hakimiyyət onun boğazından kəsib Formula – 1-ə sərf eləsin. Əgər demokratiyadırsa, xalq hakimiyyətidirsə bu demokratiyaya zidd deyilmi? Amma hakimiyyət bu işi zorla, xalqdan icazə almadan təşkil edir deyə xalq bir söz deyə bilmir. Belə olan halda dövlət qanun halına salıb Ramazanda "müsəlman dövlətik" adıyla yeməkxanaları, dönərxanaları bağlasa insanlar buna etiraz etməz. Hətta inandırım sizi ki, o insanlar özləri buna razı olarlar və canla-başla bu işin həyata keçməsinə razı olarlar. 
Bu üzücü hadisələr isə onu deməyə əsas verir ki, Azərbaycan heç də Avropa ilə İslam dünyası arasında körpü rolunu oynamır və yaxud balanslaşdırılmış siyasət aparmır. Hətta son keçirilən İslam oyunları tədbirinin belə İslama heç bir aidiyyatı yox idi. İslam ölkələrinin əksəriyyəti isə Azərbaycanı İslama dəyər verən bir dövlət kimi təqdim etməyə çalışırlar. Çünki bu dövlətlərin Azərbaycan hakimiyyəti ilə siyasi-iqtisadi əməkdaşlıqları var. Buna görə də hər mövzuda söz düşəndə məcburən Azərbaycan tərifləməli olurlar. Amma həqiqətdə Azərbaycanda nəinki Ramazan, ümumiyyətlə İslam lazımi həddə hiss olunmur. Allahdan arzumuz budur ki, bizim ölkəmizdə İslam dini yüksək səviyyədə təbliğ edilsin və xalq uzaq düşmüş keçmişinə dönüş etsin.


  • Yazılıb
  • da (də) 2017 Jun 13
  • Göndərən مدير سايت Aran News