Meydan tv-Qubanın Vəlvələ çayının vadisində yerləşən Qonaqkənd kəndinin sakinlərinin problemi var. Onlar çayda suyun səviyyəsinin qalxdığını, bunun onların həyatını təhlükə altına qoyduğunu deyirlər. Məlumatı Meydan TV-yə kənd sakinləri verib. Onlar problemlə bağlı tədbir görənin olmadığını söyləyiblər:
“Bununla neçə ildir eyni problemi yaşayırıq. Çayda suyun səviyyəsi qalxır, biz narahatçılıq keçiririk. Hər il də problemimizlə bağlı rəsmi qurumlara müraciət edirik, vəziyyət dəyişməz qalır” – deyir, sakinlər.
Kənd sakini Niyatulla Orucov deyir ki, Qonaqkənd yaşayış məntəqəsi Vəlvələ çayının vadisində yerləşdiyindən dağlardan axıb gələn sel suları onlar üçün həmişə təhlükə olub. Son günlər isə bu təhlükə daha da artıb:
“Vəziyyət kritik həddədir. Yağan güclü yağışlardan sonra çayın səviyyəsi qalxaraq evlərin hasarlarına çatıb. Hətta su çoxunun həyətyanı sahələrinə dolub. Kəndlilərin bostanına ziyan dəyib. Əksəriyyət mal-qaralarını çölə çıxara bilmir. Onlar çayın digər sahilinə keçməkdə çətinlik çəkirlər”.
Niyatulla Orucov deyir ki, sel qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına ziyan vurub:
“Bu azmış kimi indi də həmin insanların həyatına təhlükə yaradır”.
Kənd sakinləri problemləri ilə bağlı dəfələrlə Quba rayon İcra Hakimiyyətinə, yerli bələdiyyəyə müraciət etdiklərini deyirlər:
“Tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir”.
Niyatulla Orucov bildirir ki, keçən il də sürüşmə nəticəsində keçmiş Atuş kəndinin ərazisində Vəlvələ çayının qabağı "boğulmuşdu" və çayın məcrası genişlənmiş, suyun səviyyəsi qalxmışdı. Onun sözlərinə görə, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən dolayı səksəkə içindədir. "Hər an faicə baş verə, camaat suyun içində qala bilər. Çayın səviyyəsi artıq evlərə çatır. Elə ilk təhlükə zamanı, ötən ilin sentyabrında mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəltdilər. Bir müddətdən sonra qəliz və qeyri-konkret bir cavab məktubu aldım. Hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur".
Niyatulla Orucov deyir ki, cavabdan ümumən başa düşülən FHN-nin hansısa tədbir görməyə tələsmədiyidir: “Daha doğrusu, nəsə etmək istəmirlər. Halbuki təhlükə vəziyyətində yaşayırıq və dedyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı, görünür onların veclərinə deyil".
N. Orucov bildirir ki, bir neçə gün bundan qabaq da o, Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədova teleqram vurub:
“Cavab gözləyirəm. Ümid edirəm ki, bu yazıdan sonra müvafiq qurumlar, ən azından problemə laqeyd yanaşmayacaq, vəziyyət araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Əks halda, yaşanacaqları təsəvvür etmək lazımdır”.
Məsələyə münasibət öyrənmək üçün Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Tariyel İbrahimov problemdən xəbərsiz olduğunu söylədi:
“Mənim məlumatım yoxdur. Kəndi su basıb, orda nə baş verib, bilmirəm”.
İcra Hakimiyyətinin ümumi şöbəsindən isə dedilər ki, çayın kənarlarını bəndləmək texkina istəyir, bunun üçün büdcə ayrılmalıdır: “İcra Hakimiyyətinin bu imkanı yoxdur. Gərək Nazirlər Kabineti qərar verə, iş üçün vəsait ayrıla ki, biz də nəsə edək”.
Fövqəladə Hallar Nazirliyindən (FHN) isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.