Tarix : 2017 Jun 13
Kod 51937

Əfqan Muxtarlı ilə bağlı vəsatətlər qəbul edilmir

Dövlət Sərhəd Xidməti jurnalist Əfqan Muxtarlının işi üzrə verilən bütün vəsatətləri rədd edib. Bu barədə vəkil Elçin Sadıqov öz "Facebook" səhifəsində yazıb.
Meydan tv-Vəkil jurnalistin cibindən çıxdığı iddia edilən 10 min avronun üzərindəki əl-barmaq izlərinin yoxlanılması və kimə məxsus olması barədə ekspertiza keçirilməsi vəsatətini qaldırıb:
“Vəsatət təmin olunsaydı, pulların üzərində Əfqan Muxtarlının əl-barmaq izlərinin olmaması və pulun ona aidiyyətinin olmadığı sübut ediləcəkdi. İkinci vəsatət sərhəd keçid məntəqəsinin 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi idi. Əgər vəsatət təmin olunsaydı, jurnalistin avtomobildə gətirilib, gözübağlı şəkildə düşürülüb məntəqənin inzibati binasına salındığı sübut ediləcəkdi və onu gətirən xüsusi təyinatlıların şəxsiyyətini müəyyən etməyə imkan verəcəkdi. Üçüncü vəsatət Balakən rayonu ərazisində yerləşən Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postunun 18:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan təhlükəsizlik, müşahidə və rentgen videokameralarının lent yazılarının əldə edilməsi idi. Bu vəsatətimiz təmin edilsəydi, Əfqan Muxtarlının gözləri bağlı, əlləri arxadan xamutla qandallanmış şəkildə xüsusi xidmət orqanının avtomobilində (həmin avtomobilin qapısı öndən arxaya açılırmış) Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postundan keçirildiyi sübut olunacaqdı. Nəhayət, Əfqan Muxtarlının bədəni üzərindəki xəsarətlərin müayinə edilməsi üçün dərhal məhkəmə tibbi ekspertizanın təyin edilməsi və onun bədəninə baxış keçirilməsi barədə idi. Müstəntiq ekspertin səlahiyyətlərini mənimsəyərək, belə nəticəyə gəlib ki, jurnalistin bədənində heç bir xəsarət yoxdur, ona görə bu vəsatət də təmin olunmamalıdır. Halbuki ekspertiza rəyi olmadan müstəntiq də daxil olmaqla heç kəsin belə fikir söyləmək hüququ yoxdur”.
Vəkil hesab edir ki, jurnalist Əfqan Muxtarlı barədə istintaq birtərəfli aparılır, bütün obyektiv sübutlar gizlədilir və bununla bağlı vəsatətləri təmin edilmir:
“Hesab edirik ki, Azərbaycan hökuməti bu işin obyektiv araşdırılmasında maraqlı olmalı, obyektiv sübutları gizlətməməli, onları məhv etməməlidir. Əfqan Muxtarlı bildirir ki, beynəlxalq təşkilatlar Balakən rayonu ərazisində yerləşən Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postunun 18:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan təhlükəsizlik, müşahidə və rentgen videokameralarının lent yazılarını və sərhəd keçid məntəqəsinin 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarını ciddi cəhdlə və təcili tələb etməlidir”.
Tarixçə
Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.








  • Yazılıb
  • da (də) 2017 Jun 13
  • Göndərən مدير سايت Aran News