Truthngo.org-Anam danışırdı və hər dəfə bu hadisədən qorxurdum. Elə bilirdim ki, o zəhər mənim canıma hopub. Elə bilirdim ki, tez-tez boğulmağıma o zəhər səbəb olub.“Günortaya çıxmışdıq. Pambıqlığın kənarında torpağın üstünə süfrə sərmişdik. Hər kəs evindən gətirdiyini qoymuşdu ortaya. Əlimizi süfrəyə uzatmamış əyripalan başımızın üstündən o yana bu yana uçdu, göydən yerə ağ duman ələndi elə bil. Əyripalanın pambığa tökdüyü zəhər duman kimi bələdi bizi. Çölün düzündə həkim nə gəzirdi. Qırılıb batdıq…Hamımız zəhərləndik…”
Anam nəql edirdi bunu… O zaman subay olub. Sonra ailə qurdu və 5 uşaq dünyaya gətirdi… Biz doğulan kimi baxıb gördük ki, zəhərlənmişik, özü də PAMBIQ ZƏHƏRİNDƏN…
O zaman pambıq işi başlayanda bütün yollar bağlanırmış. Hətta doğum sancısı tutan qadınları yolları bağlayan polislər geri qaytarırmış ki, “get günbatandan sonra gəlib doğarsan”. Bax, beləcə, insanlığı zəhərləyirdilər.
Sonra böyüdükcə daha çox zəhərləndik. Biz hər gün zəhərləndik Ya İmam Həsən!
Uşaqlığımız 10 illik planı 5 ildə yerinə yetirən, keçici qırmızı bayraqları muncuq kimi dalbadal düzən pambıq ölkəsi Azərbaycanın pambıqçılıq məskəni olan Saatlıda keçdi.
…Yayın hər səhərini əyripalanların səsinə oyanardıq. Biz kənd uşaqları üçün göydə uçan əyripalan çox maraqlı idi. Amma valideyinlərimiz qışqırıb bizi içəri salırdılar ki, zəhər üstünüzə tökülməsin. Ətraf isə çiskin havanı xatırladır, zəhər damcıları hər yerə səpələnirdi. Bostanda-bağda əlimizi nəyə uzatsaq “əl vurma, zəhərlənərsən” təhdidi bütün uşaqlığımızı zəhərlədi.
Sonra dədəm ədalətli və haqsevər olduğuna görə həbs edildi. Ya Həsən, zəhərlənmiş adamın canının çəkdiyi acıları yaşamısız. Bəli, çox incidir, çox ağrıdır. Bizim zəhərlənmiş vücudumuzu atasızlığın qovurduğu həsrət yandırırdı. Bizi də zəhərləmişdilər…
Sonra böyüdük, məktəbə getdik. Musiqi dərsində
“Kür -Araz Ararat, dost olub Hayıstan Azərbaycan” mahnısı ilə beynimizi zəhərlədilər.
Böyüklərimizin maraqla baxdığı “Sonuncu aşrım” filmi varıydı. Bir gün maraqlandım, müəllimdən soruşdum o möhtəşəm kişiləri. Müəllim dedi ki, əslində Qəmlo da Kərbəlayi də bizim xalqımızın düşmənidir,onlar qolçomaq olublar. Sonra mənə məktəb kitabxanasından bir kitab göstərdi, dedi apar bu kitabı oxu, biləcəksən Kərbəlayi və Qəmlo kimdir. Kitabın adı “Məhəbbət yanğısı” idi. Romanda deyilirdi ki, ermənilərlə bizim aramıza girmək istəyən Kərbəlayinin qəbrini bu gün də xalqımız lənətləyir və hər dəfə yanından keçəndə tüpürür bu qəbrə…
Bizi yer üzündən silməkdə olan ermənilərə qan udduran Kərbəlayi də, Qəmlo da beləcə xalq düşməni kimi təqdim edilirdi. Bəli, bizim tariximizi də zəhələmişdilər. Tarix kitabının səhifələrini vərəqlədikcə dilimizə, əllərimizə, beynimizə, qanımıza yayılırdı bu zəhər.
Sonra erməni millətçisi, 1918-ci ildə Azərbaycanı yerlə yeksan edən Stepan Şamuyanı Azərbaycan xalqının dostu, xalq qəhrəmanı kimi sırıdılar bizə. Amma bu Stepan zəhəri nə zəhər idisə təsirini heç nə təmizləyə bilmədi. Biz bu gün də hər dəqiqə Stepan zəhəri ilə zəhərlənirik.
Canım Sizə fəda Ya imam Həsən! Sizi xanımınız zəhərlədi. Bu olay əslində ailə dəyərlərinə saplanan xəncər idi. Çünki o qatil Cödəni Müaviyyə pulla satın almışdı. Bu gün də ailə dəyərlərimizi belə zəhərləyirlər. Telekanallarda cödələr tüğyan edir, ulduz olur, xalqa nümunə göstərilir, hörmət-izzət sahibinə çevrilirlər. Sizin canınıza yeridilən zəhər bu gün körpələrimizi atasız-anasız qoyur.
Aradan illər ötdü sonra çıxıb televizorda yekə -yekə adını ziyalı qoyan idbarlar dedilər ki, mövsümlər, talelər, sərdarlar, elçinlər, elmanlar, abbaslar və. s. və ilaxır bizim düşmənlərimizdir, agentdir satqındır, müstəqillyimizi istəmir.
Ey İmam Həsən, ey ədalət döyüşünün əziz şəhidi, sizi bir dəfə zəhərlədilər, bizi hər gün, hər saat zəhələyirlər.
Mövsümlərin, talelərin, sərdarların, elmanların, elçinlərin, döyülərək şəhid edilən sarvanların tək günahı Allahı sevmələridir.
Siz zəhələnmənin verdiyi ağrının əzabını bir neçə an yaşamısız, indi görün biz bütün ömrümüzü bu acı-ağrı ilə necə yaşayırıq.
Məmləkətimizin ac-işsiz gənclərinə yaxşıca pul, imkanlar yaradan şəxslər var. Amma bu pul və imkan tələyə qoyulmuş pendirə bənzəyir. Ac qılınca çapar. Evində ac uşağının, səfalətin eşq evindən qovub kibirə sürüklədiyi qadınının qəzəbli sifətinə baxmaqdan yorulmuşlar o pendirə yüyürürlər. Tələni nurçular, PKK-çılar və vəhabilər qurub pusquda gözləyir. Vətənimin gənclərini baxın, beləcə zəhərləyirlər.
Ey İmam Həsən, Sizin mübarək mövludunuz günü bu ölkədə 120-yə yaxın uşağı da zəhərlədilər. Bu kütləvi zəhərlənmənin məhz Sizin mövludunuza təsadüf etməsində mistika axtarmaq zərurəti var…
Hələ ki, 120 uşağın zəhərlənib bu yayın istisində can ağrısından qovrulmasına cavabdehlər susur. Çünki dövlətçiliyimizin sütunları laxlayır. İnsan zəhərlənəndə baş gicəllənir. Bu laxlanma, bu çalxalanma, bu başgicəllənmə, bu gözü qaralma… vallah zəhər artıq işini bitirməkdədir… canım sizə fəda Ey İmam Həsən, zəhərlənmişik, zəhərlənmişik…
Arzu Abdulla