Tarix : 2017 Jun 14
Kod 51949

Siyavuş Novruzov siyasi partiya və QHT-ləri hədəfə götürdü

"Bir partiya sədrinin müavininin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz"
“Bəzi partiyalar hesabatlarında sıfır rəqəmi göstərirlər, amma bahalı avtomobilləri, cangüdənləri var. Bütün bu məsələlərə yenidən qayıtmaq lazımdır".
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iyunun 13-də keçirilən növbədənkənar iclasında deyib. O bildirib ki, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır:
“Hər bir məsələnin arxasında maliyyə dayanır. Maliyyə təminatı olduqda bir çox məsələ öz yerinə düşür. Həm siyasi partiyaların, həm də QHT-lərin maliyyələşməsi ilə bağlı qanunlara yenidən baxılmalıdır”.
Onun sözlərinə görə, bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər:
"Bir sıra təşkilatlar maliyyə məsələləri barədə məlumat vermirlər. Biz siyasi partiyaların və QHT-lərin maliyyələşməsi ilə bağlı qanuna dəyişiklik etdik. Bir sıra Avropa strukturları, yerli təşkilatlar bunu başqa istiqamətə yönəltməyə çalışırdı, ancaq zaman göstərdi ki, biz düzgün addım atmışıq. Bir partiya sədrinin müavininin bir ildə 41 dəfə xaricə səfər edib ölkəyə maliyyə gətirməsi sağlam məqsədə xidmət edə bilməz. Əgər düzgün fəaliyyət göstərirsənsə, niyə maliyyəni Azərbaycandan almırsan? Biz bu məsələyə yenidən baxmalıyıq. Əgər bir qurum nizamnamədən kənara çıxırsa, gətirdiyi maliyyə digər məqsədlərə xidmət edirsə, biz bununla bağlı tədbir görməliyik. Bizim üçün vətəndaşların təhlükəsizliyi hər şeydən üstündür. Biz gələcəkdə bu məsələni sərtləşdirməliyik”.
İclasda “Valyuta tənzimi haqqında” və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna dəyişikliklər müzakirə edilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməlidir.Həmçinin əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Deputatın fikirlərini Meydan TV-yə şərh edən AXCP sədrinin müavini Nurəddin Məmmədli təklif edib ki, hökumət məmurların deklarasiyası haqda düşünsə daha yaxşı olar:
"Məsələ ondadır ki, Siyavuş Novruzovun açıqlamasında ağıl və məntiq görünmür. Bu təklifi verən 10 ildən çoxdur Milli Məclisin arxivində toz basmış "Deklarasiya haqda" qanunun qəbulu barədə də düşünməlidir. Niyə hakim elita özündən başlamır? Tonlarla pul dəyəri olan villalar necə inşa olunub, ofşor şirkətlər hansı vəsaitlə qurulub? Ölkədən 46 milyard dollar çıxarılıb, bu məsələ niyə araşdırılmır? Gözəl Bayramlının səhhəti ilə əlaqədar xaricə müalicəyə getməsini müxalifəti qaralamaq cəhdi hüququn tapdalanması ilə bərabər, məntiqə də sığmır".
N.Məmmədli qeyd edib ki, AXCP hər il müvafiq quruma maliyyə hesabatı verir:
"Ölkənin aparıcı təşkilatı olmasına baxmayaraq, hökumətin maliyyələşməsindən kənardayıq. Konstitusiyanın 24-cü maddəsinə uyğun olaraq bərabərlik hüququnu tapdalayırlar, sonra istədikləri kimi hərəkət edirlər".





  • Yazılıb
  • da (də) 2017 Jun 14
  • Göndərən مدير سايت Aran News