Bütün dünyada olduğu kimi, Azərbaycanda da valideyn himayəsindən məhrum uşaqlara dövlət sahib çıxır, onların qayğılarını və təminatlarını ödəyir. Bu iş əsasən dövlət vəsaitləri hesabına tikilən və büdcədən maliyyələşən uşaq evlərinə həvalə olunur.
Uşaq evləri təkcə valideyn himayəsindən məhrum olan uşaqların təminatını ödəmir. Eyni zamanda onların təlim-tərbiyyəsi ilə məşğul olur və cəmiyyətə yararlı insanlar kimi yetişdirir. Lakin təəssüflər olsun ki, Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən uşaq evlərinin fəaliyyətindən tez-tez şikayətlər edilir, bu müəssisələrin iş sisteminin qənaətbəxş olmadığı barədə mediada məlumatlar öz əksini tapır.İslaminSesi xəbər verir ki, sosial şəbəkə istifadəçisi olan Sahib Teymurov adlı şəxs Şəki şəhərində yerləşən uşaq evinin fəaliyyətinin ürəkaçan olmaması, oradakı kimsəsiz uşaqlara müəssisənin rəhbərliyi tərəfindən işgəncələr verilməsi barədə ilginc məlumatlar paylaşıb.
Yazılan məlumatlara inansaq Şəki şəhər Uşaq evində kimsəsiz uşaqlara təyinatı üzrə keyfiyyətli yemək verilməməsi səbəbindən onlar aclıqdan əziyyət çəkirlər. Aclığa dözə bilməyən kimsəsiz uşaqlara icazəsiz çörək götürdükləri üçün ağır işgəncələr verilir, əlləri qızdırılmış qaşıqla yandırılır, bu haqda danışanlar isə uşaq evinin rəhbəri İlhamə Məmmədovanın göstərişi ilə zirzəmidə döyülür.
Sahib Teymurov Şəki şəhər Uşaq evinin pəncərələrinin sınıq-çatlaq, otaqlarının döşəmə və divarlarının isə bərbad vəziyyətdə olduğunu bildirir. Sanitar qovşaqların istifadəyə yararsız olduğunu, bu səbəbdən də üfunət və pis qoxudan orada dayanmağın mümkün olmadığını yazır.
Bütün bunlar azmış kimi, kimsəsiz uşaqlara ayrılan yataq dəstləri, uşaqların geyimləri, ərzaqları, süd məhsulları, uşaq bezləri, müəssisənin müdiri tərəfindən oğurlanır və dəllallara ucuz qiymətə satılır. Uşaq evinin binasının əsaslı təmirinə və uşaqların gəzintisinə ayrılan vəsaitlər saxtalaşdırma yolu ilə mənimsənilir. Uşaq evinin müdiri İlhamə Məmmədovanın göstərişini isə əsasən Mirvari (uşaq evinin işgəncə kralı) adlı "tərbiyyəçi" həyata keçirir. Bütün bu dəhşətli faktlar gələcəyimiz olan uşaqların gələcəyi ilə yanaşı, Azərbaycanın gələcəyini də sual altında qoyur!
SAHİB TEYMUROV