Komitədən bildirilir ki, bəzi məscidlərdə QMİ-nin rəsmi təqviminə uyğun olmayan vaxtlarda azan verilir.
Dini təqvimlərin - namaz vaxtlarının və əlamətdar dini bayramların müəyyən edilməsi QMİ-nin səlahiyyətindədir və müsəlman dini icmalarının da belə şəri məsələlərdə bu quruma tabeçilik göstərmələri vacibdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Trend-in yaydığı xəbərdə deyilir ki, komitə tərəfindən QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməyən dini icmalara ciddi xəbərdarlıq edilib və sözügedən məsələ diqqət mərkəzində saxlanılıb.
DQİDK-dən bildirilir ki, Ramazan ayının ilk günlərində qeyri-rəsmi şəxslər tərəfindən bəzi məscidlərin daxilində, həyətində, yaxud məscidə yaxın ərazilərdə fərqli təqvimlərin dindarlara paylanmasına cəhdlər də qeydə alınıb. Belə hallara Bərdə, Goranboy, Quba və Biləsuvar rayonlarında rast gəlinib və qeyri-rəsmi təqvimlər yığışdırılıb.
Komitədən bununla yanaşı, Lənkəran, Astara və Bərdə rayonlarının bəzi məscidlərində azan vaxtının rəsmi təqvimə uyğun verillmədiyi və bununla əlaqədar tədbirlərin görüldüyü deyilir.